22 il əvvəl 2003-cü il avqustun 4-də dövlətçilik tariximizdə mühüm hadisə baş verdi. Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə cənab İlham Əliyev ölkəmizin Baş naziri seçildi və bu, Azərbaycanın siyasi tarixində mühüm dönüş nöqtəsinə çevrildi.
Qətiyyətli yeni milli liderin hökumət rəhbərliyinə gəlişi həm Azərbaycan, həm də regionumuz üçün mühüm siyasi proseslər fonunda baş vermişdi. O zaman ölkəmiz böyük bir strateji mərhələnin astanasında idi. Ümummilli Lider Heydər Əliyevin uğurla həyata keçirdiyi inkişaf kursunun nailiyyətləri sayəsində müstəqil Azərbaycan dövləti 1993-cü ildən sonrakı 10 il müddətində sürətli islahatlar yolu keçmiş, xalqımız və dövlətimiz üçün taleyüklü məsələlər həllini tapmışdı.
İlk növbədə, milli dövlətçiliyimizin əsası rolunu oynayan ictimai-siyasi sabitlik təmin edilmiş, milli birlik və qanunların aliliyinə söykənən vətəndaş cəmiyyətinin təməli qoyulmuşdu. İkincisi, hər bir dövlətin, onun yaşamasının qayəsini təşkil edən ölkə iqtisadiyyatı islahatlar hesabına yenidən qurularaq inkişaf yoluna çıxarılmışdı. Üçüncüsü, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının istək və arzularının ifadəsi olan, özünün bütün müvafiq təsisatlarına malik güclü, demokratik dövlət qurmuş, onun müstəqilliyinin dönməzliyinə təminat yaratmışdı.
İnam və etibar
Ümummilli Lider əmin idi ki, yalnız milli birliyə, ictimai-siyasi sabitliyə malik, iqtisadiyyatı dinamik inkişaf edən, güclü dövlət təsisatları olan, demokratik və vətəndaş cəmiyyətinə əsaslanan müstəqil dövlətlə hər şeyi, o cümlədən ərazi bütövlüyünü və digər məsələləri həll etmək olar. Bu böyük dövlət adamı düşünürdü ki, Azərbaycan onun müəyyən etdiyi kursla addım-addım gələcəyinə doğru irəliləyərsə, gec-tez digər taleyüklü məsələlər, o cümlədən ölkəmizin ərazi bütövlüyü və suverenliyi problemi də öz həllini tapacaq. Buna qəlbən əmin idi. Lakin Ulu Öndərin səhhətində yaranmış problemlər təməli qoyulmuş siyasi kursun varisliyi məsələsini də aktuallaşdırırdı.
Ölkə isə mühüm siyasi hadisə ərəfəsində idi - 15 oktyabr 2003-cü ildə Azərbaycanda növbəti prezident seçkisi keçiriləcəkdi və artıq hazırlıqlar başlanmışdı. Həm Azərbaycandakı müxalif qüvvələr, həm də onları yönəldən xarici dairələr kifayət qədər fəallaşmış, cəmiyyətdə siyasi atmosfer gərginləşmişdi. Ölkə vətəndaşları bu gərginliyin, şəxsi mənafelərini Azərbaycanın maraqlarından üstün tutan antimilli qüvvələrin yenidən küçə və meydanlara tökülməsinin fəsadlarına bələd idilər. Onların öz məqsədlərinə çatacaqları halda müstəqilliyimizin ilk illərində olduğu kimi, Azərbaycan yenidən fəlakətlərə sürüklənə, ölkəmiz, cəmiyyətimiz aydın inkişaf yolundan sapına bilərdi. Bir tərəfdən də bəzi postsovet ölkələrində, o cümlədən Gürcüstanda, Ukraynada, Qırğızıstanda həyata keçirilən "rəngli inqilab" ssenariləri Azərbaycanda da bu təhlükənin real olduğunu göstərirdi. Belə bir reallıq fonunda vətəndaşlarımız ölkənin gələcəyinə görə məsuliyyəti Heydər Əliyevin ən layiqli varisinin üzərinə götürməsini arzulayır, bu statusda Ulu Öndərin siyasət məktəbində yetişmiş İlham Əliyevi görür, ona inanırdılar.
İlk növbədə cənab İlham Əliyev yeni və müstəqil Azərbaycan uğrunda ən ağır mübarizələrdə Ulu Öndər Heydər Əliyevlə çiyin-çiyinə addımlayırdı. Həyata keçirilən dövlət quruculuğu proseslərində, islahatlarda fəal iştirak edirdi. Azad bazar iqtisadiyyatının qanunauyğunluqlarına mükəmməl surətdə yiyələnmişdi. Gənclər siyasətinin hazırlanması və həyata keçirilməsində mühüm rol oynayırdı. Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Asambleyasındakı nümayəndə heyətinin sədri və AŞ PA-nın vitse-prezidenti kimi ölkəmizin beynəlxalq aləmə inteqrasiyasında, respublikada aparılan çoxşaxəli islahatların, hüquqi dövlət, vətəndaş cəmiyyəti proseslərinin öz məqsədinə çatmasında tarixi xidmətləri göz önündə idi.
Cənab İlham Əliyev Azərbaycan Milli Olimpiya Komitəsinə başçılıq edirdi. İdman sahəsində əldə edilmiş tarixi nailiyyətlərlə, xüsusilə gənc nəsil üçün mükəmməl örnəklər yaradırdı. Sağlam həyat tərzini, fiziki və mənəvi hazırlığı, vətənpərvəlik tərbiyəsini cəmiyyətimizdə böyük bir dəyərə çevirirdi.
Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini kimi məsul vəzifələrdə çalışırdı. Ulu Öndərin ötən əsrin 90-cı illərinin ortalarından reallaşdırdığı və ölkəmizin sosial-iqtisadi inkişafının rəhninə çevrilən neft strategiyasının icrasına dəyərli töhfələr verirdi. Bu strategiyanın Azərbaycan xalqının maraqlarına uyğun həyata keçirilməsi, regionda yeni bir iqtisadi-siyasi reallıq formalaşdırması, Azərbaycanın təşəbbüsü ilə qlobal enerji-kommunikasiya layihələrinin həyata vəsiqə qazanması həm də cənab İlham Əliyevin fədakar xidmətləri sayəsində mümkün olmuşdu.
Partiya quruculuğu işində də İlham Əliyev fəal idi. Gələcək lider müasir baxışları, yanaşmaları, yüksək diplomatik məharəti və intellektual davranışları ilə ölkəmizin siyasi mühitinə yeni bir mədəniyyət gətirirdi. Bu mühitdə yeni standartlar müəyyənləşdirir, ölkədə dövrün müasir çağırışlarına yönələn sağlam münasibətlər yaranırdı. Qarşıda duran məsələlər normal diskussiya məcrasına yönəldilirdi.
Bir sözlə, cənab İlham Əliyev xalqın bu inamını Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin müavini, Milli Məclisin deputatı və Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi çoxşaxəli məsul vəzifələrdə Azərbaycana qazandırdığı parlaq nailiyyətlər, yüksək təşkilatçılıq, idarəetmə bacarıqları ilə qazanmışdı.
Ən mühümü, cənab İlham Əliyev Azərbaycanın gələcək taleyini etibarlı əllərdə görmək istəyən və belə bir liderlə bağlı özünəməxsus yüksək meyarları olan Ulu Öndərin inamını qazana bilmiş, müxtəlif vəzifələrdə onun etimadını doğrultmuşdu. Bu inam təxminən üç ay sonra - 15 oktyabr prezident seçkisi ərəfəsində Ümummilli Liderin Azərbaycan xalqına 2 oktyabr 2003-cü ildəki tarixi müraciətində də öz əksini tapacaqdı: "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
Cənab İlham Əliyevin 2003-cü il avqustun 4-də ölkənin Baş naziri seçilməsi ilə prezident seçkisinə qədərki gərgin dönəmdə qeyri-müəyyənliyin, xaosun, ölkəmizə qarşı xarici təhdidlərin qarşısı alındı, daxili sabitliyin qorunması, Azərbaycanın öz inkişaf yolu ilə ardıcıl irəliləməsi təmin edildi.
Müasir strateji dövrün yol xəritəsi
Yada salaq ki, 2003-cü il Azərbaycan üçün iqtisadi baxımdan da dönüş dövrü idi. Ümummilli Liderin siyasi iradəsi sayəsində 1994-cü ildə imzalanmış, icrasında ARDNŞ-nin birinci vitse-prezidenti kimi cənab İlham Əliyevin də yaxından iştirak etdiyi "Əsrin müqaviləsi"nin Azərbaycana gətirəcəyi tarixi uğurlara az qalırdı. Ölkədə neft gəlirlərinin tezliklə artacağı gözlənilirdi. "Üç dəniz əfsanəsi" sayılan Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəmərinin tikintisi də davam edirdi. Bütün bu layihələrin davamlılığı və siyasi sabitlik üçün idarəetmədə belə bir istiqamət vacib idi. Ulu Öndər Heydər Əliyevin başladığı iqtisadi və enerji layihələrinin davam etdirilməsi üçün idarəçilikdə təcrübəli və onun siyasi kursunu davam etdirəcək şəxsə ehtiyac vardı.
Bu baxımdan cənab İlham Əliyevin Azərbaycanın Baş naziri seçilməsi həm ölkə vətəndaşlarına, həm də beynəlxalq ictimaiyyətə yeni strateji dövrə keçid mərhələsində respublikanın siyasi sabitlik və idarəçilik baxımından yol xəritəsini təqdim etmiş oldu. Bu seçim qısa zamandan sonra zəmanəsinin ən parlaq ölkə liderlərindən biri kimi bütün dünyada tanınaraq böyük nüfuz qazanacaq dövlət xadiminin özünün də idarəçilikdə daha fəal və məsuliyyətli mövqe tutmasının, gələcək prezidentlik missiyası üçün yeni bir təcrübə mərhələsinin başlanğıcı idi. Bütün bu amilləri nəzərə alsaq, cənab İlham Əliyevin Baş nazir seçilməsi Azərbaycan hökumətində rəhbər dəyişikliyindən daha artıq siyasi məna daşıyırdı. Bu, ölkənin gələcək siyasi xəttinin formalaşmasında mühüm addım və yeni dövrün başlanğıcı idi. Belə bir əlamətdar hadisə Azərbaycan dövlətçiliyində sabitlik, ardıcıllıq və inkişaf prinsipinin əsaslandığı tarixi bir dönəmdir. Bunu 15 oktyabr 2003-cü ilin prezident seçkisində xalqın yekdil dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra cənab İlham Əliyevin rəhbərliyi ilə yaşanan tarixi reallıqlar, müstəqil dövlətimizə qazandırılan misilsiz nailiyyələr bir daha təsdiqləmiş oldu.
"Ata vəsiyyəti"ni yerinə yetirmək qüruru
Qətiyyətli dövlət xadimi İlham Əliyevin Azərbaycanın Baş naziri, daha sonra Prezidenti seçilməsi ilə respublikada hakimiyyətin dinc və konstitusion yolla ötürülməsi ənənəsi təmin olundu, cəmiyyətimizdə siyasi mədəniyyət ənənələri bərqərar oldu. Bu, regionda çevrilişlərin və qeyri-sabitliklərin baş verdiyi bir dövrdə Azərbaycanın daxili sabitliyini, inkişaf xəttinin ardıcıllığını qorumasına imkan verdi. Prezident İlham Əliyevin yüksək idarəçilik məharəti ilə ölkəmizə sabit və uzunmüddətli liderliyi dövlət institutlarının möhkəmləndirilməsinə xidmət etdi.
İqtisadi inkişaf və neft strategiyasının uğurla həyata keçirilməsi bu dövrün Azərbaycan üçün ən mühüm tarixi nailiyyətlərindəndir. Ulu Öndərin əsasını qoyduğu "neft strategiyası" Prezident İlham Əliyev dövründə tam reallaşdırıldı. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tibilisi-Qars, "Cənub qaz dəhlizi" kimi nəhəng enerji-kommunikasiya layihələri həyata vəsiqə aldı. Azərbaycandan Avropaya birbaşa qaz ixracına başlandı. Bu layihələr nəticəsində Azərbaycan beynəlxalq arenada ən etibarlı tərəfdaşlardan birinə çevrildi, iqtisadi müstəqillik qazanmaqla yanaşı, siyasi müstəqilliyinin təməllərini daha da möhkəmləndirdi, beynəlxalq aləmdə ölkəmizin mövqeləri gücləndi.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ordu quruculuğu istiqamətində tarixi işlər görüldü. Ölkənin silahlı qüvvələri dünyanın ən yaxşı təchiz olunmuş, yüksək döyüş ruhuna malik qüdrətli orduları sırasında qərarlaşdı. Nəhayət, Prezident İlham Əliyev 2003-cü ildən başlanmış dövrün ən mühüm strateji vəzifəsini uğurla həyata keçirdi - Ümummilli Lider Heydər Əliyevin yarımçıq qalmış arzusunu reallaşdıraraq "Ata vəsiyyəti"ni yerinə yetirdi - xalqımızı ən böyük hədəfinə çatdırdı, Ordumuzun gücü ilə torpaqlarımızı qısa zamanda düşməndən təmizləyərək Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə nail oldu. Azərbaycanın son 200 ildəki ən böyük nailiyyəti olan bu şanlı Zəfər cənab İlham Əliyevin təkcə hərbi deyil, həm də siyasi və diplomatik liderliyinin nəticəsidir. Bu Qələbə Azərbaycan Prezidentinin uzun illər ərzində addım-addım irəli apardığı sistemli siyasətin - ordu quruculuğu, cəmiyyətdə vətənpərvərlik tərbiyəsinin, vətəndaş məsuliyyətinin gücləndirilməsi, informasiya savaşı, beynəlxalq diplomatiyanın zirvəsi idi.
Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi (2012-2013), ölkəmizin Qoşulmama Hərəkatına uğurla sədrliyi (2019-2023), Avrovision Beynəlxalq Mahnı müsabiqəsinə (2012), I Avropa Oyunlarına (2015), İslam Həmrəyliyi Oyunlarına (2017), COP29-a evsahibliyi (2024) Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə Azərbaycanın beynəlxalq aləmdə gəlib çatdığı mövqeyin, qlobal nüfuzunun ayrı-ayrı göstəriciləridir.
Prezident İlham Əliyev müasir dünya siyasətinə həm də yüksək mənəvi dəyərlər gətirdi - dövlətimizin başçısının sözü ilə əməli həmişə üst-üstə düşür. Həmkarlarının da bəyan etdiyi kimi, Azərbaycan Prezidentinin hər sözü imzası qədər keçərlidir. Dövlətimizin başçısı qurulan tərəfdaşlıq münasibətlərinə, verilən sözlərə, ortaya qoyulan prinsiplərə hər zaman sadiqdir və başqalarından da bunu gözləyir. Ona görə də bu gün müasir dünya siyasətində Prezident İlham Əliyev şəxsiyyətinə çox böyük hörmət var.
Bu gün Azərbaycan bütün dünyada tolerantlıq məkanı, fərqli mədəniyyətlərin təmas yeri kimi tanınır, multikulturalizm təşəbbüslərini təşviq edir. Mədəniyyətlər arasındakı fərqlərin insanlar arasında fərqlərə çevrilməməsi üçün bütün imkanlardan istifadə edir. Azərbaycanın evsahibliyi ilə keçirilən beynəlxalq humanitar forumlar, 2008-ci ildən uğurla aparılan "Bakı prosesi" nüfuzlu beynəlxalq qurumlar tərəfindən təqdir olunur.
Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət ölkəmizin sivilizasiyalararası dialoqda fəal və hərtərəfli iştirakını daha da genişləndirir və bu, daha intensiv formalar kəsb edir. Azərbaycan Prezidenti bu cür forumların təşkili məqsədini belə izah edir: "Biz istəyirik ki, bütün xalqlar, bütün dinlərin nümayəndələri bir-biri ilə sıx təmasda olsunlar, bütün problemləri açıq şəkildə müzakirə etsinlər, öz fikirlərini bildirsinlər. Bakı, Azərbaycan belə mötəbər tədbirlərin keçirilməsi üçün artıq ənənəvi bir məkana çevrilmişdir. Əlbəttə, bunun həm coğrafi, həm tarixi, həm də mədəni əsasları vardır. Çünki əsrlər boyu Azərbaycanda bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşamışlar. İctimai-siyasi quruluşdan asılı olmayaraq, heç vaxt Azərbaycanda milli, ya dini zəmində nəinki qarşıdurma, heç anlaşılmazlıq da olmamışdır. Bütün dövrlərdə Azərbaycanda xalqlar bir ailə kimi yaşamışlar, onları həmişə dostluq münasibətləri bağlamışdır. Biz çox şadıq ki, indi Azərbaycanın müstəqil ölkə kimi inkişaf etdiyi dövrdə bu müsbət meyillər daha da güclənir.
...Biz istəyirik ki, ölkəmizdə yaranmış bu təcrübə həm öyrənilsin, həm də bəlkə başqa ölkələr üçün maraq doğursun. Çünki bu, həqiqətən, nadir bir təcrübədir və "Bakı Prosesi"nin başlanması və uğurla davam etdirilməsi onu göstərir ki, biz ortaya siyasi iradə qoyduqda, məqsədə nail ola bilirik".
Bütün bunlar təbii ki, Azərbaycan Prezidentinin dünyaya, bəşəriyyətə töhfə verən siyasətidir.
Yeni dünyanın yeni Azərbaycanı
Cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə vətəndaş-dövlət münasibətləri, ictimai məsuliyyət hissi daha da möhkəmləndi, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəxsində, milli dövlətçilik tariximizdə bir çox mütərəqqi ənənələr, o cümlədən birinci xanım institutu formalaşdı, Mehriban xanımın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən sosial-humanitar layihələr böyük faydalar verdi.
Bu illər dövlət idarəçiliyində "ASAN xidmət" və DOST xidmət modelləri, korrupsiyaya qarşı mübarizədə, dövlət xidmətlərinin şəffaflığında tarixi bir yenilik olan bu model bütün dünyada bir Azərbycan brendi kimi tanındı. Ölkəmizdə elektron hökumət, rəqəmsal iqtisadiyyat və startap ekosistemlərinin inkişafı sürətləndi. Azərbaycanda Dördüncü Sənaye İnqilabına keçid prosesləri geniş vüsət aldı.
Azərbaycan Prezidentinin siyasi iradəsi, qətiyyəti, strateji təşəbbüsləri nəticəsində ölkəmiz qlobal aləm üçün mühüm tranzit mərkəzinə çevrildi. Bu sahədə həyata keçirilən meqalayihələr təkcə iqtisadi deyil, həm də geosiyasi əhəmiyyəti ilə Azərbaycanın regional güc kimi rolunu artırdı. Dövlətimizin başçısı Ümummilli Lider Heydər Əliyevin faciələrdən xilas edərək aydın inkişaf yoluna çıxardığı Azərbaycanı daha özünəinamlı, müstəqilliyinin təməlləri daha möhkəm, milli hədəfləri daha aydın dövlətə çevirdi, yeni dünyanın Yeni Azərbaycanını yaratdı.
Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə 22 il öncə başlayan yeni tariximizin davam edən möhtəşəm nailiyyətləridir.
İradə ƏLİYEVA,
"Azərbaycan"