AZ

22 il öncə başlamış tarixi missiya

Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycanın yüksəlişinin və möhtəşəm uğurlarının müəllifi, torpaqlarımızı işğaldan azad edən Müzəffər Sərkərdə, öz xalqının ehtiram və etimadını qazanmış Prezident… İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətini xarakterizə edərkən ilk olaraq məhz bu sadalananlar yada düşür. Məhz İlham Əliyevin sayəsində Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır, regionda və dünyada söz və nüfuz sahibi olan dövlət kimi tanınır.

Cənab İlham Əliyev hələ prezident seçilməzdən əvvəlki dövrdə öz işgüzarlığı, yüksək siyasi-diplomatik peşəkarlığı ilə Azərbaycanın inkişafına, dünyada nüfuz qazanmasına, o cümlədən respublikamızın siyasi, iqtisadi və ictimai həyatında nümunəyə çevrilən fəaliyyət ortaya qoymuşdu. Bu sırada cənab İlham Əliyevin hələ 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında xarici ölkələrin neft şirkətləri ilə aparılan danışıqlarda iştirakını xüsusi qeyd etməliyik. O zaman danışıqların Azərbaycanın milli maraqları çərçivəsində başa çatmasında və bunun nəticəsi olaraq "Əsrin müqaviləsi"nin imzalanmasında Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti İlham Əliyevin müstəsna xidmətləri olmuşdu. "Əsrin müqaviləsi"nin imzalanmasından artıq 31 ilə yaxın vaxt ötür və indi də bu tarixi neft razılaşması Azərbaycanın inkişafına, xalqımızın rifahına xidmət edir, dövlətimizin milli maraqlarının qorunmasında mühüm rol oynayır.

1995-ci və 2000-ci illərdə cənab İlham Əliyev Azərbaycan Milli Məclisinin deputatı seçilmişdir. Millət vəkili kimi ölkənin siyasi-icitmai həyatına öz töhfələrini verən cənab İlham Əliyevin xüsusən Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın nümayəndə heyətinin sədri kimi fəaliyyəti respublikamızın parlamentarizm və diplomatiya tarixinin mühüm səhifələrindən biridir. Həmin dövrdə Azərbaycan ictimaiyyəti bir daha cənab İlham Əliyevin yüksək siyasi-diplomatik keyfiyyətlərinə şahidlik etmişdi. AŞ PA tribunasından Ermənistanın işğalçılıq siyasətinin və erməni faşizminin ifşa olunmasında, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında İlham Əliyevin AŞ PA-dakı fəaliyyəti  mühüm rol oynamışdı. 2003-cü ilin yanvar ayında cənab İlham Əliyevin AŞ PA-nın sədr müavini və Büro üzvü seçilməsi isə ona göstərilən yüksək etimadın göstəricisi idi. AŞ PA-nın fəxri üzvü seçilməsi və xüsusi medalla təltif olunması da cənab İlham Əliyevə beynəlxalq səviyyədə göstərilən yüksək ehtiramdan xəbər verirdi. 

1997-ci ilin iyul ayından cənab İlham Əliyev Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK)  Prezidentidir. Həmin vaxtdan etibarən Azərbaycanda idmanın inkişafında yeni mərhələnin əsası qoyulmuş, respublikamızda Olimpiya hərəkatı vüsət almışdır. Bundan 3 il sonra - 2000-ci ildə Sidneydə keçirilən Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının 2 qızıl və bir bürünc medal qazanmaları ölkəmizdə idmanın inkişafının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasından xəbər verir. Bu yerdə onu da qeyd etmək  yerinə düşər ki, məhz Sidneydə idmançılarımız Azərbaycanın müstəqillik tarixində müstəqil komanda şəklində ilk Olimpiya qızıl medalını qazanıblar.

Bunlarla yanaşı, Yeni Azərbaycan Partiyasının avanqard və aparıcı siyasi təşkilat kimi qarşısında duran vəzifələri layiqincə yerinə yetirməsində də İlham Əliyev fəal iştirak etmişdir. 1999-cu ildə Yeni Azərbaycan Partiyasının I qurultayında partiya sədrinin müavini, 2001-ci ildə - II qurultayda sədrin birinci müavini seçilməsi İlham Əliyevə göstərilən böyük etimad olmaqla, partiya fəaliyyətinə dinamizm gətirmiş, YAP-ın sıralarını daha da genişləndirmişdir.

Bütün bunlar cənab İlham Əliyevin siyasi-ictimai və iqtisadi sahələrdə geniş fəaliyyətindən xəbər verirdi. Elə bu işgüzarlığı və dinamik fəaliyyəti İlham Əliyevə Azərbaycan cəmiyyətində böyük nüfuz və  etimad qazandırmış və o, 2003-cü ilin avqust ayının 4-də Milli Məclisin razılığından sonra Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Baş naziri təyin olunmuşdur. Ulu Öndərin bu etimadı xalqımız tərəfindən böyük razılıq və rəğbətlə qarşılanmışdır. 

 22 il əvvəl Ulu Öndər Heydər Əliyevin Milli Məclisə göndərdiyi təqdimat sıradan bir konstitusion prosedur deyildi. Bu, Azərbaycanın milli maraqlarının qorunmasına, dövlətçiliyə və respublikamızın etibarlı gələcəyinin təmin olunmasına xidmət edən mühüm və tarixi siyasi hadisə idi.

 Baş nazir təyin olunduğu gün jurnalistlərin suallarını cavablandıran İlham Əliyev demişdi: "İlk növbədə onu deyə bilərəm ki, Prezident Heydər Əliyevin siyasi xəttini davam etdirəcəyəm. Bilirsiniz ki, Azərbaycan iqtisadiyyatında böyük uğurlar əldə edilib, ciddi nailiyyətlərimiz var. Azərbaycanda iqtisadi islahatlar həyata keçirilir və bunun nəticəsində ölkəmiz əsaslı şəkildə inkişaf edir. Hesab edirəm ki, qazandığımız təcrübəni və mövcud potensialı daha da genişləndirmək lazımdır. Hamımızın məqsədi bundan istifadə edib Azərbaycanı qüdrətli, güclü dövlətə çevirməkdir. Biz buna nail oluruq və mən də gələcək fəaliyyətimdə bu amala xidmət edəcəyəm. Mənim iqtisadi sahədə də kifayət qədər biliyim var. Məsələləri daha dərindən təhlil edib, konkret addımlar atacağıq".

Cənab İlham Əliyev cəmi bir neçə ay Azərbaycanın Baş naziri oldu. Amma bu qısa dövrdə hökumət başçısı kimi Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirdi. Baş nazir İlham Əliyev 2003-cü ilin sentyabrında BMT Baş Məclisinin 58-ci sessiyasında çıxış etdi və bu çıxış bir daha onun yüksək siyasi-diplomatik peşəkarlığını nümayiş etdirdi. Hələ o zaman cənab İlham Əliyev mövcud BMT mexanizmlərinin zamanın tələbinə cavab vermədiyini, bu qurumda islahatlara ehtiyac olduğunu dünyaya bəyan etmişdi. 

Ötən dövrdə Azərbaycanın inkişafı, əldə etdiyi sosial-iqtisadi nailiyyətlər cənab İlham Əliyevin hələ 2003-cü il avqustun 4-də Nazirlər Kabinetində hökumət üzvlərinə təqdim olunarkən və Baş nazir təyin edildiyi gün jurnalistlərin suallarını cavablandırarkən söylədiyi fikirlərin həyata vəsiqə aldığını təsdiq edir. 2003-cü ilin oktyabrında Azərbaycan Prezidenti seçilən cənab İlham Əliyev hələ Baş nazir olarkən qarşıya qoyduğu vəzifələri yeni siyasi missiyasında qətiyyətlə reallaşdırmış, Azərbaycanı tarixinin ən qüdrətli dövləti səviyyəsinə yüksəltmişdir.

Azərbaycanın əldə etdiyi bütün uğurlar Ulu Öndər Heydər Əliyev ideyalarının həyata vəsiqə almasının göstəricisidir. Torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunması və Böyük qayıdışın həyata keçirilməsi Heydər Əliyev siyasətinin davamının təntənəsi, Prezident İlham Əliyevin qətiyyətinin, müdrikliyinin və siyasi uzaqgörənliyinin parlaq nəticəsidir.

Nəsib MƏHƏMƏLİYEV,

Milli Məclisin deputatı

Seçilən
4
azerbaijan-news.az

1Mənbələr