Xankəndi şəhərində separatçılar və Rusiya sülhməramlıları tərəfindən erməniəsilli rəssam İvan Ayvazovskinin Azərbaycanın razılığı olmadan qoyulan büstü demontaj edilib.
Hər hansı KİV üçün bu adi, bəlkə də heç kimi maraqlandırmayan xəbərdir. Amma məsələ burasındadır ki, büstün götürülməsinə Ermənistan tərəfindən hər hansı bir reaksiya olmadığı halda, Rusiya Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zaxarova öz "Telegram" kanalında bu sadə xəbər barədə "duyğusal" paylaşım edib. İvan Ayvazovskinin rəsm əsərlərini paylaşan diplomat "Kimlərsə onun heykəllərini sökür, mən isə onun əsərlərini xatırladaraq savadsızlığı ləğv edirəm", - deyə bildirib.
Ehtiyac olmasa da xatırladaq ki, Xankəndi XVIII əsrin sonunda yaranmış yaşayış məntəqəsinin tarixi adıdır. Azərbaycan dilindən tərcümədə bu, xanın kəndi deməkdir. Azərbaycanın ərazisi kimi tanınan və qəbul edilən bu şəhərdə hansı abidənin olmasının məqsədəuyğun hesab edilməsinə də yalnız Azərbaycan hökuməti qərar verir. "Savadsızlığı ləğv edirəm" yazan Zaxarova bununla da əslində Azərbaycanın suveren ərazisində gördüyü işlərə müdaxilə etmiş olub. Azərbaycan xalqı və dövləti Ayvazovskinin rəssam kimi dəyərini inkar etmir, lakin onun büstünün Azərbaycan ərazisində qanunsuz qoyulmasına qarşı çıxmaq hüququnu da heç kimlə bölüşmür. Bunu birmənalı olaraq, Zaxarova və onun kimi düşünənlər qulaqlarında sırğa etsinlər ki, ölkəmizin ərazisində kimlərin heykəllərinin, abidəsinin qoyulması qərarını Azərbaycan özü verir. Yox, əgər gerçəkdən Zaxarova XXI əsrdə maarifçilik ideyasını yaymağa, savadsızlıqla mübarizə aparmaq həvəsinə düşübsə, ilk növbədə ermənilərin işğal dövründə Azərbaycanın tarixi-mədəni abidələrini necə sistematik şəkildə məhv etdiyini öyrənsin.
Bu məqamda bir məsələyə də toxunmaq istəyirik. Məsələ heç də "büst" təəssübkeşliyində deyil. Problem Mariya Zaxarova kimilərin təfəkküründə, düşüncəsindədir. Təəssüflər olsun ki, Rusiya düşüncəsini hələ format edə bilməyib. Qərəz, hikkə, mənəm-mənəmlik zaxarova, solovyov kimi "propoqandist"lərin gözlərini o qədər tutub ki, reallıqları görüb dərk edə bilmirlər. Elə Rusiyanı dinc qoymayan da budur.
"Savadsızlığı ləğv edən" Mariya Zaxarovanın paylaşımı sanki "heykəl sevgisi" ilə alışıb yananlar üçün bir işarə oldu. Elə bil bu paylaşımı ilə Zaxarova Azərbaycana qarşı növbəti "hücum"a keçmək əmri verdi. İndiyə kimi öz xəbərlərində - Xankəndi şəhərinin tarixi adından istifadə edən TASS Dövlət İnformasiya Agentliyi həmin əmri gözləyirmiş kimi, kursunu dəyişərək tarixin zibilxanasına atılmış "Stepanakert" toponimini diriltmək istədi. Şübhəsiz ki, bununla Rusiya bizimlə Ayvazovski "Stepanakert", "Naqornıy Karabax" davası aparmır. O, sadəcə inadkarlıq edir, özünü göstərmək istəyir. Elə bunun nəticəsidir ki, ötən il dekabrın 25-də "Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin Çeçenistan paytaxtı ətrafında vurulması ilə Azərbaycan və Rusiya arasında gərginləşən münasibət şimal qonşumuzun inadkarlığı üzündən düzəlmək bilmir. Əmrin Rusiya Silahlı Qüvvələrinin 4-cü Qvardiya ordusunun 51-ci Hava Hücumundan Müdafiə Diviziyasının komandiri general-mayor Aleksandr Tolopilo tərəfindən verilməsi, kapitan Paladıçukun rəhbərlik etdiyi "Pantsir-S" sistemi tərəfindən vurulması barədə kifayət qədər tutarlı fakt olsa da, qarşı tərəf hələ də yersiz "soyuqqanlı" davranmaqdadır. Əslində bu davranış soyuqqanlılıqdan çox tərslik kimi qəbul edilir. Prezident İlham Əliyev iyulun 19-da Şuşada keçirilən Qlobal Media Forumunda bu barədə açıq və konkret danışmışdır: "Bizim AZAL təyyarəmiz Qazaxıstanın Aktau şəhəri yaxınlığında raketlə vurulub. Hələ də buna görə məsuliyyəti heç kim üzərinə götürməyib. Bu, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır".
Kremlin sözçüsü Dmitri Peskov isə iyulun 21-də verdiyi açıqlamada demişdir: "Bəzən iki ölkənin münasibətlərində çətin dövrlər olur. Hazırda belə bir dövr yaşanır. Amma biz ümid edirik ki, bu dövr keçəcək". Peskov həmçinin bildirmişdir ki, "ikitərəfli əməkdaşlıq qarşılıqlı fayda gətirir və bu münasibətlər möhkəm təmələ əsaslanır".
Elə isə nə baş verir? Rusiya iki ölkə arasında təyyarə qəzası ilə gərginləşən münasibətləri normallaşdırmaq əvəzinə, odun üstünə niyə benzin tökür? Heç kimə sirr deyil ki, rəsmi Moskva Rusiya ərazisində yaşayan miqrantlardan həmişə siyasi təzyiq vasitəsi kimi istifadə edib. Biz belə "numunə"lərə çox şahidlik etmişik. Rusiyanın Saakaşvili hakimiyyətinə təzyiq etmək üçün 3 günün içində ölkə ərazisində yaşayan Gürcüstan vətəndaşlarını ildırım sürəti ilə deportasiya edib vətənlərinə göndərməsi çox da uzaq olan tarixin söhbəti deyil. Bu halda hesab etmək olar ki, münasibətlərin gərginləşməsində təyyarə faciəsi məsələnin görünən tərəfidir.
Uzun müddətdir ki, Rusiyanın informasiya kanallarında Kremlə yaxınlığı ilə seçilən Marqarita Simonyan, Vladimir Solovyov və İqor Strelkov kimi "propoqondist"lər Azərbaycan əleyhinə çirkin kampaniya aparırlar. Hətta Azərbaycanın bombalanmasından tutmuş azərbaycanlıların Rusiyadan deportasiya edilməsinə qədər ciddi çağırışlar edirlər. Sual oluna bilər ki, "strateji" tərəfdaşımızı qəzəbləndirən səbəb nədir? Bunun yalnız bir cavabı var: Azərbaycanın müstəqil siyasət yeritməsi. Xüsusən Rusiya-Ukrayna münasibətlərində ölkəmizin beynəlxalq hüquq normalarına uyğun sərgilədiyi dəyişməz və ciddi mövqe. Sirr deyil ki, Rusiya-Ukrayna müharibəsi başlayandan Azərbaycan Ukraynaya humanitar yardım edir. Bundan əlavə, məlumdur ki, III Şuşa Qlobal Media Forumundakı çıxışında Ukrayna məsələsinə xüsusi yer ayıran dövlətimizin başçısı bu xalqa işğalla barışmamağı, öz azadlığı, haqqı uğrunda mübarizə aparmağı tövsiyə etmişdir: "Azərbaycan 30 ilə yaxın müddətdə erməni işğalına məruz qalsa da, heç bir böyük dövlət, beynəlxalq təşkilat ona praktiki olaraq yardım etmədi. Lakin bütün bunlar Azərbaycanı ruhdan salmadı, əksinə, xalq öz mübarizəsini davam etdirdi. Nəticədə erməni faşizmini darmadağın edərək ərazi bütövlüyünü təmin etdi". Dövlətimizin başçısı beynəlxalq hüquqa istinad edərək növbəti dəfə Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyimizi də dedi: "Biz Ukraynanın ərazi bütövlüyünü tanıyırıq və bu, Azərbaycanın beynəlxalq hüquqa olan hörmətindən irəli gəlir".
Bu açıqlamalardan sonra Rusiya təbliğatçılarının anti-Azərbaycan isterikaları daha da gücləndi. Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini, hər zaman anti-Azərbaycan mövqeyi və ermənipərəstliyi ilə seçilən Konstantin Zatulin bildirib ki, Azərbaycanın Ukraynaya qaz ixrac etməsi, rəsmi Bakının əvvəlki siyasətinin davamıdır və bu, bir daha göstərir ki, Azərbaycan Rusiya ilə münasibətləri saxlasa da, indi bu münasibətlər onun üçün ikinci plana keçib. O, həmçinin iddia edib ki, bununla Azərbaycan özünü "Rusiyaya qarşı ən azı müttəfiq kimi aparmır və Rusiyanın düşmənləri ilə münasibətlərdə özünü heç bir şəkildə məhdudlaşdırmayan ölkə kimi" görür. Ölkəsinin Azərbaycana qarşı nəinki müttəfiq, əksinə, düşmən münasibətini, hər addımda Azərbaycanı və azərbaycanlıları aşağılamaq cəhdlərini, açıq təxribatlarını görməzdən gələn Zatulinin dediklərindən isə belə çıxır ki, Azərbaycan hansı ölkəyə nə ixrac etməli olduğunu Rusiyadan soruşmalıymış. Əgər belədirsə, bəs, o zaman müharibə aparan dövlətin özü - Rusiya Ukraynaya və bu ölkəyə siyasi dəstək verən Qərb dövlətlərinə niyə qaz satır?
Rusiya hökumətinin başqa ölkələrə qarşı bu məntiqsiz davranışı heç də yeni mərəz deyil. Beynəlxalq hüquqa heç vaxt məhəl qoymayan Rusiya dövlətdaxili nizam-intizam məsələsində də "skinxed"lərdən fərqli davranış nümayiş etdirmir. Məlumdur ki, son zamanlar rəsmi Moskva Rusiyada yaşayan Azərbaycan diaspor rəhbərlərinə və nümayəndələrinə münasibətdə "reket siyasəti" həyata keçirir. Bu ilin iyun ayında Rusiya polisi Yekaterinburqda keçirdiyi əməliyyat zamanı iki soydaşımızın öldürülməsi, uzun illər Rusiya hökuməti ilə əməkdaşlıq edən və xeyriyyə işləri ilə məşğul olan, o cümlədən "xüsusi hərbi əməliyyat" zonasına maddi yardım göstərən Arxangelskdəki Azərbaycan diasporunun sədri Tərlan Qasımovun 2024-cü ilin yazında "milli təhlükəsizliyə təhdid" yaratdığına görə Rusiya vətəndaşlığından məhrum edilməsi, daha bir iş adamı - Moskva vilayəti üzrə Azərbaycan diasporunun rəhbəri Elşən İbrahimovun "milli təhlükəsizliyə təhdid yaradan hərəkətlərə yol verdiyinə görə" Rusiya vətəndaşlığından məhrum edilərək ölkəmizə deport edilməsi, Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin axtarışa verilməsi, oğlununsa həbs olunması və s. faktlar Rusiya hökumətinin azərbaycanlılara qarşı qərəzli münasibətini göstərir.
İşin maraqlı tərəfi budur ki, "milli təhlükəsizliyə təhdid yaradan hərəkətlərə yol verdiyinə" görə vətəndaşlığından məhrum olan azərbaycanəsilli Rusiya vətəndaşları vətənpərvər, eyni zamanda qanuna hörmət edən insanlardır. Onlar Bakıda həbs olunan "Sputnik Azərbaycan"ın əməkdaşlarından fərqli olaraq casusluq etməyiblər, yaşadıqları, vətəndaşı olduqları ölkənin inkişafı üçün vicdanla çalışıblar. Ciddi vergi ödəyiciləri kimi Rusiyanın dövlət büdcəsinə xeyir veriblər.
Bu arada Rusiya Prezidentinin sözçüsü Peskov demişdir: "Azərbaycanda yaşayan rusiyalıların hüquqlarına hörmətlə yanaşılması Moskva üçün vacibdir, eyni şəkildə Rusiyada yaşayan azərbaycanlılar da "qanuna tabe olan və hörmət qazanan icmadır". Elə isə qanuna tabe olan və hörmət qazanan icmaya qarşı başlanan səlib yürüşünü niyə dayandırmırsınız?
Elşən QƏNİYEV,
"Azərbaycan"