AZ

Kreml Trampın bəyanatına reaksiya verməməyə üstünlük verib

Rusiya rəsmiləri ABŞ prezidentinin atom sualtı qayıqları ilə bağlı açıqlamasını şərh etməyib

Poliqon "Aqentstvo" nəşrinə istinadən xəbər verir ki, şənbə axşamına qədər nə Vladimir Putin, nə Dmitri Medvedev, nə də digər rəsmi şəxslər ABŞ prezidenti Donald Trampın atom sualtı qayıqlarının Rusiya sahillərinə yaxınlaşdırılması barədə bəyanatına münasibət bildirib. Federal televiziyalar isə Trampın açıqlamasını ümumiyyətlə tirajlamayıb.

Putin sonuncu dəfə cümə günü – Aleksandr Lukaşenko ilə birlikdə Valaam adasında görünüb və ondan sonra ictimai tədbirlərdə iştirak etməyib. Medvedev isə, postları ABŞ-ın sualtı qayıqlarının hərəkətinə formal əsas verən şəxs kimi göstərilsə də, son paylaşımını iyulun 31-də edib. Xarici işlər naziri Sergey Lavrov, XİN sözçüsü Mariya Zaxarova və Kremlin mətbuat katibi Dmitri Peskov da Trampın bəyanatını şərh etməyib.

Yalnız bir neçə yüksək vəzifə tutmayan deputat öz fikrini bildirib. Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin müavini Viktor Vodolatski TASS-a deyib ki, Tramp bir daha "nüvə dəyənəyi"ni əlində saxladığını nümayiş etdirdi: “Bu, qorxutma üsuludur, lakin hərbi əməliyyatlara çağırış deyil”.

Federasiya Şurasının beynəlxalq işlər komitəsi sədrinin birinci müavini Vladimir Jabarov ABŞ-ın bu addımını Rusiyanın yeni "Knyaz Poçarski" sualtı kreyserini suya buraxmasına cavab kimi dəyərləndirib.

Sabiq sürətli konkisürən, hazırda Dövlət Dumasının beynəlxalq işlər komitəsi sədrinin müavini olan Svetlana Jurova isə Trampın "siyasi yelləncəyini" anlamadığını və Rusiyaya hədə-qorxu gəlməyin "qəribə" olduğunu deyib.

Federasiya Şurası sədrinin müavini və beynəlxalq məsələlər üzrə əlaqələndirici Konstantin Kosaçev isə yalnız ümumi xarakterli açıqlama ilə kifayətlənib: “Hazırkı dövrün çalxalanmaları nə rüsumlar, nə də sanksiyalarla bağlıdır. Bunlar, ətraf aləmin onların müəlliflərinə tabe olub-olmayacağı ilə bağlıdır”, – deyə o, "Telegram" kanalında yazıb.

“Birinci kanal” və “Rossiya 1” televiziyaları isə cümə və şənbə günləri yayımladıqları xəbərlərdə ABŞ prezidenti Trampın “iki atom sualtı qayığının Rusiya sərhədlərinə yaxınlaşdırılması” ilə bağlı bəyanatını ümumiyyətlə işıqlandırmayıb.

Qeyd edək ki, Tramp cümə günü Moskva vaxtı ilə saat 19:53-də TruthSocial sosial şəbəkəsində yazaraq, Rusiya ərazisinə qarşı təhdid xarakterli bəyanatlar səsləndirən keçmiş prezident Dmitri Medvedevə cavab olaraq, iki atom sualtı qayığının "müvafiq ərazilərə" yerləşdirilməsini əmr etdiyini bildirib. O əlavə edib ki, bu addım “əgər bu sərsəm və təxribat xarakterli bəyanatlar yalnız söz olaraq qalmazsa”, tədbir görmək məqsədi daşıyır. Tramp dəqiq koordinatları göstərməsə də, sonradan Newsmax telekanalına müsahibəsində bu qayıqların “Rusiyaya daha yaxın ərazilərdə” yerləşdirildiyini söyləyib.

Xatırladaq ki, Rusiya hakimiyyəti Trampın bundan əvvəl, bazar ertəsi verdiyi ultimatum (Ukrayna üzrə sülhə doğru açıq irəliləyiş olmazsa, 10-12 gün ərzində sanksiyalar tətbiq ediləcək) zamanı da dərhal cavab verməmişdi. Putin həmin açıqlamaya yalnız cümə günü – Valaamdan cavab verib.

Reuters Agentliyinə açıqlamasında Makkeyn İnstitutunun icraçı direktoru və Pentaqonun keçmiş yüksək vəzifəli nümayəndəsi Evelin Farkas bildirib ki, Moskvanın dərhal reaksiya verməməsi Trampın bəyanatının təsirini azaldır: “Bu, əslində siqnaldır, lakin nüvə qarşıdurmasının başlanğıcı deyil. Və heç kim, o cümlədən Rusiyada, bunu belə qəbul etmir”.

Poliqon.info

Seçilən
68
50
poliqon.info

10Mənbələr