BAKI. 3 avqust. TELEQRAF
Bakının mərkəzindəki "ASK Arena"nın süni ot örtüyü dəyişdirildiyi vaxt Azərbaycan millisinin sabiq kapitanı, veteran futbolçu Tərlan Əhmədovun adına cadu çıxıb.
Bu barədə Teleqraf-a 54 yaşlı sabiq baş məşqçinin özü məlumat verib.
T.Əhmədov həmin "cadu"nun fotosunu da təqdim edib. Fotoda ən yuxarı hissədə Tərlan Əmədovun, daha sonra Elşad Əhmədov və onun baş məşqçiliyi dövründə "Sabah" komandasında çıxış etmiş futbolçuların adları yazılıb.
Vərəqdə yazılar kirilcə və ərəbcə yazılıb. Kirilcə yazıların bir hissəsi barmaqla tutulduğu üçün cümləni sonadək oxumaq olmur. Ərəbcə yazıya gəldikdə, T.Əhmədov onu müəyyən şəxslərə oxutdurduğunu bildirib: "Mən belə şeylərə inanmıram, ümumiyyətlə, bunları qəbul etmirəm. Amma hamının cadu olunduğunu yazırlar, mənim adımı isə yazmırlar. Tərlan Əhmədov kimisə cadu edəsi deyil, molla, cadugər dostu, qardaşı, yoldaşı da yoxdur. Mənim ibadət dostlarım var, onlarla birlikdə namaz qılır, ibadət edirik. Məşədi, Kərbəla, Həcc ziyarətlərində olmuşuq, Allahın evini ziyarət etmişik. Amma nə mollalıq, nə də dindarlıqla aram var. Sadəcə, insanlar mənim haqqımda fikir formalaşdırırlar".
Sabiq baş məşqçinin sözlərinə görə, "cadu"nun fotosu ona telefonla atılıb və orada futboldan uzaq durmasının istənildiyi yazılıb: "Həyatım sınaqlıdır. Cadu ilə iş görsəydim, bu qədər işsiz qalmazdım, uzun illər boyunca işləyərdim. Belə bir şey varsa, Allah bəlalarını versin! Biz kimə pislik etmişik ki... Orada başda mənim, daha sonra futbolçuların və digər şəxslərin ad-soyadları yazılıb. O futbolçulardan bəziləri vaxtilə mənim komandamda da oynayıblar. Belə fikir formalaşdırılır ki, futbolçuların yanında hörmətim olmasın, sözüm keçməsin. Yəni, məni ciddi qəbul etməsinlər. Vallah, nə deyim?! Özünüz başa düşdünüz də... Özüm də şokdayam. Çox maraqlı, qaranlıq məsələdir. Özüm də bilmirəm, nədir. Hamı iş başındadır, bircə Tərlan Əhmədovdan başqa".
T.Əhmədov "Kimdən şübhələnirsiniz?" sualına isə belə cavab verib: "Mən heç kimin adına söz deyə, heç kimə şər ata bilmərəm. Görməmişəm, bilmirəm. Hər halda, kim edibsə, Allah bəlasını verər. Allaha xoş getməyən əməldir, insanla bu yola əl atırlar. Bəzi insanlar murdar işlərlə məşğul olurlar. Bilmirəm bu, onun təsiridir, ya yox. Bildiyim odur ki, Tərlan Əhmədova qarşı qərəzli yanaşırlar. Hərtərəfli antipatiya var. Nədən qaynaqlandığını özüm də anlamıram".
Tanınmış mütəxəssisin sözlərinə görə, kağız üzərində barmaqların qoyulduğu yerdə cadu edən şəxsin adı olmalı idi: "Həmin şəxs bu cadunu nə üçün etdirdiyini də yazır. Lakin həmin hissəyə barmaqlar qoyulduğu üçün niyə belə edildiyi bilinmir. Mən də qalmışam belə... Həmin mövsüm biz "Keşlə" (hazırkı "Şamaxı" - red.) ilə sonuncu yeri tutmuşduq. Çox qəribə bir şeydir. Barmaq qoyulduğu üçün bunu edən adamın kimliyini və niyə etdiyini müəyyənləşdirə bilmirik. Bu kağızın fotosu mənə bir neçə nəfərdən keçərək göndərilib. Ona görə də yəqin ki, əslini tullayıblar".
O, həmsoyadı Elşad Əhmədovun da "cadu"da adının hallanmasının səbəbini başa düşmədiyini vurğulayıb: "Yazıq Elşadın nə günahı?! Həmin mövsüm Elşad "Sabah"dan getdi, mən sonuncu pilləni tutdum. Bu, nədirsə, mənə çox qaranlıq qalan məsələdir".
Qeyd edək ki, Tərlan Əhmədov 30 oktyabr 2018-ci ildən 8 avqust 2020-ci ilədək "Keşlə"nin baş məşqçi postunda çalışıb. Komanda həmin vaxt ev oyunlarını və məşqlərini "ASK Arena"da keçirib. 2018/2019 mövsümündə bu kollektiv Azərbaycan Premyer Liqasında 8 klub arasında sonuncu olub. Elşad Əhmədov isə 15 may 2018-ci ildən 16 sentyabr 2019-cu ilədək "Sabah"ın baş məşqçi postunu tutub.