Avqustun 2-də ''Qalatasaray''lılar ''Rams Park''a axın etdi. Əvvəlcə stadionda yeni transferlər - Viktor Osimhen və Leroy Sane üçün imza mərasimi keçirildi. Osimhen ötən mövsüm icarə əsasında İstanbul nəhəngində çıxış edirdi. Bu yay nigeriyalı ulduz daimi əsasda transfer edildi. İmza mərasimində başqan Dursun Özbək də iştirak etdi. Mərasimin ardından isə ''Qalatasaray'' ''Latsio'' ilə qarşılaşdı. Türkiyədə toplanış keçən İtaliya nəhəngi bir neçə gün öncə ''Fənərbaxça'' ilə də qarşılaşmış və minimal hesabla məğlub olmuşdu. Baş məşqçi Okan Buruk əsas heyətdə bu isimlərə yer verdi: Günay Güvənç, Kaan Ayhan, Sançes, Əbdülkərim Bardakcı, Ərən Elmalı, Torreyra, Lemina, Sane, Sara, Yakobs, Şallai. Fasilədə və ikinci hissənin gedişində bu futbolçular meydana çıxdı: Yunus Akgün, Ahmed Kutucu, Kön, Barış Alpər Yılmaz, Yelert, Arda Ünyay, Eyüp Aydın, Nelsson, Kazımcan Karataş, Metehan Baltacı. Göründüyü kimi Sane ilk dəfə start heyətində peyda oldu və 62 dəqiqə meydanda qaldı. Türkiyə çempionunun heyətində önə çıxan isim Torreyra oldu. Osimhen və İkardi kimi ulduzların yoxluğunda Torreyra 10-cu dəqiqədə hesabı açdı. ''Latsio'' fasiləyə qədər nəinki bərabərlik qolunu vurdu, hətta hesabda önə də keçdi. Sançes 33-cü dəqiqədə avtoqol müəllifi oldusa, fasilə ərəfəsində Zakkanyi komandasının 2-ci qolunu vurdu. Ancaq 75-ci dəqiqədə uruqvaylı ulduz Torreyra yenidən səhnəyə çıxaraq komandasını məğlubiyyətdən xilas etdi. Beləliklə, qarşılaşma 2:2 hesabı ilə yekunlaşdı və ''Qalatasaray''ın bu yay yoxlama oyunlarındakı qələbə seriyası qırıldı. ''Cim-Bom'' daha öncə ''Ümraniyəspor''u 5:2, ''Admira''nı 2:1, ''Kalyari'' və ''Strasbur''u 3:1 məğlub etmişdi. Yeri gəlmişkən Berkan Kutlunun bu oyunda iştirak etməməsi onun ''Espanyol''a transferi ilə əlaqəlidi. Bu keçidin ən qısa müddətdə tamamlanacağı gözlənilir. Maddi detallar bəlli olmasa da, müqavilədə sonrakı satışdan 20 faiz pay maddəsinin olduğu bildirilir. Qeyd edək ki, 2021-ci ildən ''Qalatasaray''a məxsus olan 27 yaşlı yarımmüdafiəçi 2023/24-ün ilk dövrəsini icarə əsasında ''Cenoa''a keçirmişdi. ''Qalatasaray'' yoxlama oyunlarını başa vurdu. Komanda yeni mövsümün ilk rəsmi matçını avqustun 8-də Türkiyə çempionatının 1-ci turu çərçivəsində səfərdə ''Qaziantep''ə qarşı keçirəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta