AZ

60 illik araşdırma həqiqəti üzə çıxardı: Uzunömürlülük üçün ən yaxşı protein mənbəyi

İllərdir zülal dedikdə əsasən əzələ böyüməsi və heyvan mənşəli məhsullar nəzərdə tutulurdu. Ancaq 100-dən çox ölkəni əhatə edən və 60 illik məlumatları təhlil edən nəhəng araşdırma bu fikrin ciddi şəkildə səhv olduğunu ortaya çıxarıb.

E-saglam.az xəbər verir ki, Sidney Universitetinin rəhbərliyi ilə aparılan bu araşdırma yalnız əzələlərin deyil, daha uzun və sağlam yaşamağın sirrini də ortaya qoyur. Araşdırmaya görə, heyvan zülalları uşaqlıq dövründə faydalı ola bilsə də, yetkin yaşlarda onların əvəzini bitki mənşəli zülallar almalıdır.

Əvvəllər əzələ inkişafı üçün əsasən ət, süd və yumurta kimi tam amin turşulu heyvan zülalları tövsiyə olunurdu. Lakin Nature Communications jurnalında dərc edilən yeni tədqiqat sübut edir ki, uzunömürlülük üçün paxlalılar, tofu, qoz-fındıq, mərcimək və noxud kimi bitki mənşəli zülallar daha effektivdir.

Araşdırmanın nəticələri nə deyir?

1961–2018-ci illəri əhatə edən bu araşdırma göstərir ki, bitki mənşəli zülalların daha çox istehlak edildiyi cəmiyyətlərdə ölüm nisbəti aşağı, ömür uzunluğu isə daha yüksəkdir. Tədqiqat müəlliflərindən biri Citlin Andrews qeyd edir: “Heyvan zülalları uşaqlıqda faydalı olsa da, böyüklər üçün bitki zülalları daha sağlam və uzun həyat deməkdir.”

Heyvan zülalları tamamilə zərərlidirmi?

Əlbəttə ki, yox. Heyvan zülalları xüsusilə böyümə dövrlərində zəruridir. Ancaq yetkinlik dövründə və yaş artdıqca, xüsusilə işlənmiş ətlərin çox istehlakı ürək-damar xəstəlikləri, 2-ci tip diabet və bəzi xərçəng növləri ilə əlaqələndirilir. Bunun əksinə olaraq, bitki əsaslı pəhrizlər bu riskləri azaldır və ömrü uzadır.

Yaponiyanın Okinava adasından Yunanıstanın İkariya bölgəsinə qədər dünyanın müxtəlif yerlərində yaşayan uzunömürlü insanlarda ortaq xüsusiyyətlərdən biri də bitki əsaslı pəhrizdir. Bu zonalarda zülal əsasən paxlalı bitkilərdən, tərəvəzlərdən və dənli bitkilərdən alınır.

Zülalın miqdarı yox, mənbəyi önəmlidir

Tədqiqatçı Alistair Senior nəticəni belə ümumiləşdirir: “Zülalın miqdarı qədər onun mənbəyi də vacibdir. Bitki mənşəli zülallar həm insan sağlamlığı, həm də planetin gələcəyi üçün faydalıdır.”

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
9
e-saglam.az

1Mənbələr