AZ

Bu müəllimlər məktəbi tərk edə bilər: dövlət hərəkətə keçməlidir

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Elm və Təhsil Nazirliyi hələ də dərs saatı 6-dan az olan yerlərin vakansiya kimi elan edilməməsi problemini həll edə bilməyib.

Globalinfo.az xəbər verir ki, bunu təhsil üzrə ekspert Kamran Əsədov deyib.

“Bu vəziyyət xüsusilə texnologiya, təsviri incəsənət, musiqi və informatika fənləri üzrə daha qabarıq şəkildə özünü göstərir. Bu fənlər bir çox ümumi orta məktəbdə 3–5 saatlıq yüklə tədris olunur və dərs saatı az olduğuna görə həmin yerlər vakansiyaya çıxarılmır. Nəticədə ixtisaslı müəllimlər daimi işlə təmin edilmir, yalnız müvəqqəti müqavilə ilə çalışmaq məcburiyyətində qalır. Bu isə nə müəllim üçün sosial təminat yaradır, nə də məktəbdə tədrisin davamlılığını təmin edir”, – deyə o bildirib.

Ekspertin fikrincə, qeyd edilən fənlərdə dərs deyən müəllimlərin kənardan gətirilməsi məqsədəuyğun deyil:

“Çünki onlar məktəbin əsas işlərində iştirak etmir, sinif rəhbərliyi etmirlər, məktəb mühitinə inteqrasiya olunmurlar. Üstəlik, bu fənlərin müəllimləri onsuz da H1 və H2 kateqoriyaları ilə işləyir və dərs saatından asılı olmayaraq daimi iş yerinə ehtiyac duyurlar. Mövcud yanaşma isə onların hər il eyni problemi yaşamasına səbəb olur: bir il müddətli müqavilə ilə gəlirlər, növbəti il yenə həmin yerlər boş qalır və məktəblər kadr çatışmazlığı ilə üz-üzə qalır”.

K.Əsədov dünya təcrübəsindən də söz açıb:

“Məsələn, Finlandiya və Estoniyada, hətta 4–5 saatlıq vakansiyalar belə daimi elan olunur, müəllimlər əlavə məktəblərdə dərs saatı ilə təmin edilir və onların sosial təminatı qorunur. Azərbaycanda isə Elm və Təhsil Nazirliyi bu məsələni illərdir görməzdən gəlir, yalnız yüksək saatlı yerləri elan etməklə “statistikanı yaxşı göstərməyə” çalışır. Halbuki, dövlət büdcəsi bu yerlərin daimi əsaslarla maliyyələşdirilməsinə imkan verir. Problemin həlli üçün dərs yükündən asılı olmayaraq texnologiya, təsviri incəsənət, musiqi və informatika fənləri üzrə bütün vakant yerlər daimi iş kimi elan olunmalıdır. Yoxsa kənardan və ya müddətli əsaslarla gətirilən müəllimlər bir ildən sonra məktəbi tərk edir, həmin yerlər təkrar boş qalır və nəticədə məktəblərdə tədrisin keyfiyyəti zərbə alır”.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
globalinfo.az

1Mənbələr