Xalqcebhesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Hər bir insan Allahın yaratdığı bir əsərdir. Sevgidən doğulub sevgi ilə yaşayır. Bu əsərlərlə yaxından tanış olduqca, onların hər birində Allahın işarəsini görürsən və dərin məna tapırsan. Əmin olursan ki, Yer üzündə təsadüfi insan yoxdur. Sadəcə, hər kəsin öz təyinatı, öz yolu var. Əgər insanlar olmasaydı, dünyanın mahiyyəti də olmazdı. Bəli, dünyanı gözəlləşdirən, mənalandıran məhz elə insandır. Bu dəfə sizə yaxınlıqda olan insanlardan biri- varlığı ilə bu dünyaya rəng qatan, professor Cahangir Məmmədlidən söhbət açmaq istəyirəm. İnsanpərvər, təmiz və müsbət enerji ilə dolu bir insandan. O, ağlı, zəkası və yaxşı ideyaları ilə eyni anda müxtəlif mövzularda bir neçə söhbəti davam etdirə bilir. Enerjisi, həyəcanı və idarəolunmaz həvəsi ilə həyatı çox cəsarətlə yaşayır və insanların çoxunun uzun müddət başa çatdıra bilmədiyi işləri tez bir zamanda tamamlayır. Müstəqil fəaliyyət göstərməyə çox meyllidir. Onu müəyyən qəliblərə salmaq asan deyil, çevik və əzimkardır...
Müsahibələrinin birində deyir ki:- “Mən kənd adamıyam, 50 ildən çoxdur Bakıda yaşasam da, heç vaxt şəhər adamı ola bilmədim. Şəhər adamları inciməsinlər, Azərbaycanın milli-mənəvi dəyərləri kənddədir. Həm də inciməsinlər ona görə ki, kənd şəhərdən əvvəl meydana gəlib. Biz hamımız əslində kənddə doğulmuşuq. Mənim ən çox qorxduğum odur ki, artıq kəndlər şəhərə çevrilməyə başlayıb. Mənim kəndim Novruzlu həm də mənim idealımdır. Mənim üçün vətən oradan başlayır. Orada orta məktəbi bitirmişəm. O məktəbi bilirsiniz kimlər bitirib? Azərbaycan elmini dünyada tanıdan şəxslər, Xudu Məmmədov, professor, AMEA-nın müxbir üzvü Rafiq Əliyev, usta yazıçılardan, dramaturqlardan olan Əli Əmirli və s.. Bax, Novruzlu kəndinin belə ziyalıları var. Mən o məktəbi heç vaxt unuda bilmərəm. Novruzlu işğalda qalan dövrdə mənə o qədər pis təsir edirdi ki, etiraf edirəm, ümidsizliyə qapılmışdım. Ancaq mənim Prezidentim necə ayağa qalxdı və Azərbaycanı ayağa qaldırdı. Mənim kəndim azad edildi. Artıq Novruzlu yavaş-yavaş dirçəlir, əvvəlkindən də dəfələrlə gözəl olacaq. Mən bunu təsəvvür edirəm. Biz işğal dövründə yaşamadıq ki...”
Haqqında söhbət açdığım Cahangir Əbdüləli oğlu Məmmədli 1942-ci ildə Ağdam rayonunun Novruzlu kəndində dünyaya gəlib. 1968-ci ildə indiki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Elə həmin ildən də adıçəkilən fakültədə müəllimlik fəaliyyətinə başlayıb. Hazırda bu fakültənin Milli mətbuat tarixi kafedrasının müdiridir. Filologiya elmləri doktoru, professordur. Eyni zamanda, həmin universitetin Elmi Şurasının üzvüdür. İndiyədək 500-dən çox elmi, publisistik yazısı dərc olunub. Ədəbi tənqidə və jurnalistikaya dair 7 kitabın müəllifidir. Xidmətlərinə görə bir sıra mükafatlarla yanaşı “Şöhrət” ordeninə layiq görülüb. Prezidentin fərdi təqaüdünü alır...
BDU-nun professoru, folologiya elmləri doktoru Allahverdi Məmmədli onun haqqında deyir: “Cahangir müəllim mənim təkcə müəllimim olmayıb, həm də əqidə dostumdur, əməl dostumdur. Bu dostluq ona görə baş verib ki, ölkəmizdə və dünyada baş verən hadisələrə münasibətdə, Vətən, millət, adət- ənənələrimizlə bağlı fikirlərimizdə üst-üstə düşən məqamlar çoxdur. Bir sözlə, estetik idealımız, insanlığa baxışımız çox yaxındır. Həm də soydımız eynidir, hər ikimiz də Məmmədliyik. Bəzən bizi oxşadıb qardaş bilirlər. Düz 49 il bundan əvvəl tanış olmuşuq. Bir şəxsiyyəti ki, 49 il bundan əvvəl tanıyasan, onun haqqında nə yazsan, nə qədər danışsan az olacaq. Qısaca deyə bilərəm ki, Cahangir müəllim nəinki Jurnalistika fakültəsinin, elə universitetimizin sonuncu mogikanlarındandır. Təhsil fədaisidir, elm xadimidir. 80-dən artıq yaşı var. Bu yaşda yorulmaq bilmədən çalışır. Yazır, yaradır. Mən onun işgüzarlığına həmişə qibtə etmişəm. Örnəkdir. Müəllim kimi, elm adamı kimi, şəxsiyyət kimi örnəkdir. Azərbaycanda əli qələm tutan hər kəs onu tanıyır və təqdir edir...”
İlk baxışdan sərt və narahat bir şəxsiyyət təəssüratı yaratsa da, yaxından tanıyan hər kəs onun sehrinə düşür, onu qəbul edir və sevir. Əslində, buna səbəb onun daxili dünyasının zənginliyi, qiymətli müdrik fikirləri olur. Gözəl rəftarı var, olduqca mehribandır. Ən çox dəyər verdiyi şey isə azadlığıdır. Necə deyərlər, şirin olmaqdan əlavə, sirli gücünün köməyi ilə düzgün nəticə tapmaqda və şəxsi müqavimətini göstərməkdə çox bacarıqlıdır...
“Universitetə qəbul olunduğum zaman Jurnalistika Filologiya fakültəsində şöbə idi. Atam 1942-ci ildə müharibədə həlak olub. O zaman fakültənin dekanı Əlövsət Abdullayev mənə ata münasibəti bəsləyirdi, elə hiss edirdim ki, atam yanımdadır. Birinci kursun ilk dərsini bizə Nəsir İmanquliyev keçdi. O, özünün yaratdığı “Bakı” və “Baku” qəzetlərinin redaktoru idi. Gördü ki, mənim müəyyən dərəcədə yazı qabiliyyətim var, dedi “həftədə bir dəfə yazı yaz”. Mənim bir yazıma 40 manat qonorar verirdi. O vaxt aldığım əlaçı təqaüdü 45 manat idi. Daha sonra mənə həftədə 3-4 dəfə 40 manat qonorar yazdı ki, həm həvəslənim, həm də dolanışığa imkanım olsun. Azərbaycan jurnalistikasının müəllimi Şirməmməd Hüseynov mənim Bakıda qalmağıma səbəb oldu. Dövlət imtahanı verəndə protokola yazdırdı ki, bu tələbəni fakültədə saxlayaq. Jurnalistikanın peşəkarlığını, dəqiqliyini Şirməmməd Hüseynov məktəbindən öyrənmişəm.”- söyləyir.
Yaxşı yumor hissi var, ünsiyyətcilliyi və dostluğu ilə hər mühitdə sevilən və axtarılan bir dostdur. Təzyiqə və şiddətə nifrət edir. Ömrünün sonuna qədər azad yaşamaq üçün əlindən gələni əsirgəmir. Başqasının həyatına qarışmadığı kimi, öz həyatına da kiminsə qarışmağını xoşlamır. Onun emosional tərəfi çox güclüdür. Emosional tərəfi xəyali tərəfinə üstün gəldiyi üçün də, heç vaxt nəzarəti itirmir. O, kənardan adət-ənənələrə bağlı görünsə də, ifrata yol vermir. Təvazökardır, çox çalışqandır. Yalanı sevmir, necə deyərlər, alnının təri ilə halal çörəyini qazanır. Kifayət qədər dürüstdür və müxtəlif mədəniyyətlərdən olan insanları başa düşə, onlarla asanlıqla ünsiyyət qura bilir. İctimai həyata isə böyük əhəmiyyət verir...
Deyir ki:- “Tələbələrim çox olub. Onları bir-birindən fərqləndirmək istəmirəm. Zaman-zaman Azərbaycana yararlı kadrlar yetişdirmişik. 1980-ci illərin sonunda tələbəmiz olmuş Mirşahin Ağayev bu gün Azərbaycanda ən görkəmli, peşəkar jurnalistlərdən biridir. O, jurnalistikanı hətta sənətə çevirib. Onun rəhbəri olduğu televiziya bu gün Azərbaycançılıq ideologiyasını birbaşa ortaya qoyur. Bundan əlavə mənim şəxsi fikrimcə, Rəşad Məcidin rəhbərliyi ilə çap olunan “525-ci qəzet” ümumrespublika qəzeti statusundadır. Bu qəzet öz tematikasına görə o qədər zəngindir ki, ona bu adı vermək olar. Qəzetdə redaktor müavini kimi işləyən Yusif Rzayev Azərbaycan jurnalistikasında çox tanınmış, qəzetçiliyi sonuna qədər bilən jurnalistlərdəndir. Bu şəxslər həmçinin ədəbiyyatı da çox yaxşı bilirlər. “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı bizim fakültədə magistraturanı bitirib. O, bizim fakültəmizdə müəllim kimi də fəaliyyət göstərib...”
...Bəli, hər bir insan Allahın yaratdığı bir əsərdir. Sevgidən doğulub sevgi ilə yaşayır. Bu əsərlərlə yaxından tanış olduqca, onların hər birində Allahın işarəsini görürsən və dərin məna tapırsan. Əmin olursan ki, Yer üzündə təsadüfi insan yoxdur...
Elman Eldaroğlu
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.