AZ

Bakı inanıb razılaşdı, yalan ortaya çıxdı – 30 il sonra ölkəmizə qarşı yeni birləşmə


Helsinki Yekun Aktının 50-ci ildönümünü qeyd edən ATƏT sədrliyi təşkilatın prinsiplərinin qüvvədə qaldığını və ATƏT məkanında təhlükəsizlik və sabitliyin təmin olunmasının əsas məqsəd olduğunu bir daha vurğulayıb. Avqustun 1-də Azərbaycanın ATƏT-dəki nümayəndə heyəti isə buna münasibətdə etiraz bəyanatı yayıb.

Nümayəndə heyətimiz bildirib ki, məhz ATƏT-in fəaliyyətsizliyi fonunda Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmək məcburiyyətində qalıb. Bununla da Cənubi Qafqazda sülh üçün tarixi fürsət yaranıb.

Maraqlıdır ki, Rusiya və Avropa institutları eyni vaxtda Azərbaycana qarşı hibrid hücuma başlayıb. Azərbaycanın hazırda ideoloji və informasiya müharibəsinin mərkəzində olduğu açıq görünür.

Globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu bildirib ki, ATƏT Avropada təhlükəsizlik və əməkdaşlıq təşkilatıdır, ona görə də ilk növbədə qitədə təhlükəsizliyin təmin olunması üçün fəaliyyət göstərməlidir:

“Bu gün Avropa İttifaqına (Aİ) üzv olan ölkələrin nə vətəndaşları, nə də qeyri-vətəndaşları təhlükəsiz şəraitdə yaşayır. Balkanlardan Şərqi Avropaya qədər bir çox ölkə ya müharibə vəziyyətindədir, ya da hər an alovlana biləcək münaqişələrlə qarşı-qarşıyadır. Bu baxımdan, ATƏT-in əsas diqqətini həmin təhlükələrə yönəltməsi daha məqsədəuyğun olardı.

Bir sıra beynəlxalq təşkilatlar kimi, ATƏT də milli dövlətlər üzərində təzyiq vasitəsinə çevrilib. Təşkilat Avropa dəyərlərinə istinad etməklə, əslində milli dövlətlərə iradə yeritmək və onların resurslarını öz maraqları çərçivəsində istifadə etmək üçün çalışır. İnsan haqları, bəşəri dəyərlər və hüquqlar da bu məqsəd üçün bir alətə çevrilib.

Azərbaycan isə bir zamanlar ATƏT-ə inanırdı. Bu təşkilatı öz təhlükəsizliyini və hüquqlarını qoruyacaq instansiya kimi qəbul edirdi. Hətta Ermənistanla münaqişənin həlli üçün xüsusi Minsk qrupunun yaradılmasına razılıq da vermişdi. Amma 30 illik acı təcrübədən sonra bu inancın yanlış olduğu aydın şəkildə görüldü və nəticədə Azərbaycan öz təhlükəsizliyini özü təmin etdi”.

Deputat əlavə edib ki, artıq təhlükəsizliyini təmin edən bir Azərbaycan var və bu, digər ölkələr üçün də yaxşı bir nümunədir:

“Lakin ATƏT bu reallığı qəbul edə bilmir, çünki Azərbaycanı idarə olunan bir ölkə kimi görmək istəyir. Minsk qrupunun həmsədrləri arasında müəyyən gərginlik olsa da, Azərbaycana qarşı birləşmələri istisna edilmir.

Azərbaycan bu gün də öz təhlükəsizliyini özü təmin edir və gələcəkdə də bu istiqamətdə addımlar atacaq. Yeni dünya nizamının formalaşdığı bir dövrdə proseslər də məhz bu xətt üzrə inkişaf edəcək. Artıq Avropanın qocalmış, nüfuzdan düşmüş təşkilatları ilə yola davam edilmir”.



Seçilən
20
1
news24.az

2Mənbələr