AZ

"Mənim üçün önəmli olan yalnız həyatın özüdür" - Leonid Yakuboviç

 
"Bu, təkcə yubiley deyil, bir fəlsəfənin, zəhmətin və işığı ilə başqalarını isidən ömrün rəmzidir..."
 
Leonid Yakuboviç - sovetlərdən bu yana demək olar ki, hər evdə tanınan simadır. Onun adı ilə "Pole Çudes" ("Möcüzələr Sahəsi") eynilik təşkil edir. Amma bu məşhur simanın arxasında yorulmaq bilməyən, özünü daim işə həsr edən bir adam dayanır.
 
Moderator.az xəbər verir ki, bu barədə o, "aif.ru" nəşri yazıb.
 
 
80 yaşı tamam olan televiziya aparıcısı, yazıçı və keçmiş pilot bu yubileydə də nə tətilə çıxır, nə də fasilə verir. Həyat onun üçün sözün əsl mənasında hərəkətdir.
 
"35 ildir efirdəyəm - bu, məşhurluq yox, sadəcə, tanınmaqdır"
 
Yakuboviç illərlə insanların evində, ekran qarşısında olub. Ancaq özü buna "şöhrət" demir, bunun, sadəcə, tanınmaq olduğu qənaətindədir. İlk illərdə tanınmaq ona qəribə gəlirmiş, sonralar bu hiss xoşbəxtlik gətirib. İndi isə  bu, sadəcə, ruhunu isidir: "İnsanlar yaxınlaşıb təşəkkür edirlər, bundan gözəl nə ola bilər?"
 
Onun karyerasında dönüş nöqtəsi isə məhz "Pole Çudes"ə aparıcı kimi dəvət olunması olub. Əvvəlcə imtina etsə də, bu qərar sonradan həyatının əsas axarına çevrilib. Eyni zamanda, müharibə zonalarına etdiyi səfərlər psixologiyasına ciddi təsir göstərib, özünü və həyatını köklü dəyişdirib.
 
 
"Heç vaxt öz verilişlərimə baxmamışam"
 
Leonid Yakuboviç özünü ekranda seyr etmir, səsini də bəyənmir: "İnsan səsini içindəki kimi eşitmir, ona görə də öz səsimə heyran deyiləm". Bu səbəbdən o, "Pole Çudes" verilişini heç vaxt izləməyib. Yeganə istisna öz ssenarisi əsasında çəkilmiş "Arzularımdakı baba" filmidir.
 
"Mən tətilə getməyi bacarmıram"
 
Yubileydə ona ailəsi tərəfindən ənənəvi deyil, xüsusi bir hədiyyə - iki həftəlik səyahət təqdim olunub. Amma Yakuboviç bu hədiyyəni belə işlə keçirməyi planlaşdırır: "Otaqda oturub yazacağam. Mənim üçün ən yaxşı istirahət yazmaqdır".
 
Onun üçün istirahət anlayışı yoxdur. "Əgər sevdiyin işlə məşğulsansa, sən heç vaxt işləmirsən" prinsipinə inanır. Bütün günü ya yazır, ya çəkilişdə olur, ya da məşq edir. Hər səhər möhkəm çay içərək işə başlayır və gün boyu fasilə tanımır.
 
 
"İnsanlarla danışmaq da, susmaq da gözəldir"
 
Tarixdən bir şəxsiyyətlə görüş imkanı olsaydı, o, seçimini Mixail Bulqakovdan yana edərdi. Onun üçün Bulqakov Yer kürəsinə düşmüş bir möcüzədir. Amma susaraq yanında oturmaq da yetərli olardı. İkinci ad isə kulinariya aləminin tanınmış siması Poxlebkin olardı, çünki Yakuboviç həmişə yemək sənətinə maraq duyub.
 
"Dünyada ən böyük zənginlik ailədir"
 
Ailə onun üçün həyatın mərkəzidir. Həyat yoldaşının evi, qızı, oğlu - hər biri onun dinclik limanıdır. Ev işləri ilə məşğul deyil, bağçılıqla da arası yoxdur - bu sahədə xanımı tamamilə müstəqildir. O isə bu düzəni heyranlıqla izləyir.
 
"Səhhətimi tennislə qoruyuram"
 
Həkimlərə getməyə ehtiyac duymur. Səbəbsiz olaraq nə təzyiqə, nə analizlərə vaxt ayırır. İdmanla məşğuldur, həftədə üç dəfə zalda çalışır, tennis oynayır - sağlamlığını bu yolla qoruyur. "Zəiflik hiss etsəm, etibar etdiyim üç-dörd insana müraciət edirəm", - o, əlavə edir.
 
 
"Gözəl günlər də olub, peşimançılıqlar da"
 
Ömrünün bu yaşında o, geriyə dönüb 20 yaşındakı Leonidə bircə söz demək istərdi: "Sükut etməyi öyrən". Bütün həyat boyu səhvlər də edib, düzgün addımlar da. Amma deyir ki, geriyə dönüb peşiman olmaq yox, təcrübə götürmək daha önəmlidir.
 
"Əsl xoşbəxtlik sadəlikdədir"
 
Onun üçün xoşbəxtlik ailəsinin sağ olması, özünün ayaqda qalması və heç kimin yükünə çevrilməməsidir. "Əgər 80 yaşımda normal danışa bilirəmsə, ətrafımda doğmalarım varsa, bu, ən böyük xoşbəxtlikdir", - o, deyib. Leonid Yakuboviçin 80 yaşı təkcə yubiley deyil, bir fəlsəfənin, zəhmətin və işığı ilə başqalarını isidən ömrün rəmzidir.
Seçilən
20
moderator.az

1Mənbələr