Türkiyənin Suriyanın enerji infrastrukturunun yenidən qurulması prosesində üzərinə götürdüyü fəal işə Azərbaycanın dəstək verməsi iki ölkə arasındakı ortaq baxışın növbəti nümunəsidir.
Bu barədə AZƏRTAC-a açıqlamasında Türkiyənin İğdırdakı “Azərbaycan Evi”nin rəhbəri Ziya Zakir Acar bildirib.
O deyib ki, Azərbaycanın Yaxın Şərqə qaz nəqlinə başlaması ilə Suriyada elektrik enerjisinin verilişi gündə 3-4 saatdan 10 saata qaldırılacaq. Bu, Suriyanın yenidən qurulmasına təkan verəcək mühüm hadisədir. Bu qazdan Hələbdə yerləşən stansiyada elektrik enerjisi istehsalı məqsədilə istifadə ediləcək və təxminən 1200 meqavatlıq elektrik enerjisinə çevriləcək. Beləliklə, Suriyada hazırda istehsal olunan elektrik enerjisinin miqdarı təxminən iki dəfə artacaq.
Türkiyənin bundan əvvəl Suriyanın şimalına məhdud həcmdə enerji ixrac etdiyini, vaxtaşırı elektrik ötürücü xətləri vasitəsilə bölgəyə dəstək göstərdiyini xatırladan Ziya Zakir Acar deyib: “Azərbaycan - Türkiyə qardaşlığı hər keçən gün daha da möhkəmlənir. Prezident İlham Əliyevin Kahramanmaraşdakı çıxışında Azərbaycanda türklərin 10 milyon qardaşının olması və azərbaycanlıların da Türkiyədə 80 milyondan çox qardaşının olduğunu bildiyini deməsi, Azərbaycan tərəfindən Türkiyədəki zəlzələ bölgəsində qısa müddətdə yeni yaşayış binalarının inşa edilməsi iki ölkə xalqları arasındakı birliyin ən böyük ifadəsi idi. Bu birlik Qarabağın azadlığı uğrunda aparılan haqq mübarizəsində də özünü bariz şəkildə göstərdi. Yəni Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanında olub. Suriyaya qədər uzanan Azərbaycan qazı da bu birliyin, ortaq baxışın nümunəsidir. Azərbaycan artıq dünya dövlətləri arasında önəmli yer tutub, Qafqazın parlayan ulduzuna çevrilib. Neft və təbii qaz istehsalçısı olan Azərbaycan gələcəkdə qlobal enerji bazarı olmağa namizəddir. Bu səbəbdən neft və təbii qaz idxalında mənbə müxtəlifliyi, tədarük təhlükəsizliyi və davamlılığının təmin edilməsi, eləcə də enerjidaşıma layihələrinin inkişaf etdirilməsi Azərbaycanla yanaşı, Türkiyə üçün də böyük əhəmiyyət kəsb edir”.