AZ

“Azərbaycanın bu razılaşmaya qoşulmasına zərurət yoxdur” “Risklər qazancdan çox ola bilər....”

ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Bu razılaşmanın məqsədi daha çox müsəlman ölkələrinin İsraillə əməkdaşlıq etməsinə nail olmaq və bununla Yaxın Şərqdə sabitliyə töhfə verməkdir”.

“AzPolitika” xəbər verir ki, bunu Politoloq Elxan Şahinoğlu Azərbaycanın ABŞ tərəfindən təşviq edilən “İbrahim razılaşmaları”na qoşulması məsələsinə münasibət bildirərkən deyib.

O bildirib ki, Azərbaycanın bu sazişə qoşulmasına zərurət yoxdur. Politoloqun sözlərinə görə, Azərbaycan artıq İsraillə diplomatik münasibətlərə malikdir və hətta bir çox müsəlman ölkələri ilə müqayisədə İsraillə daha dərin və çoxşaxəli əlaqələr qurub. Bu baxımdan Azərbaycanın “İbrahim razılaşmaları”na qoşulması formal xarakter daşıya bilər və real ehtiyacdan doğmur.

Şahinoğlu qeyd edib ki, Azərbaycanın razılaşmaya qoşulmasını çətinləşdirən bir neçə mühüm amil mövcuddur. Onun fikrincə, bu amillərdən biri strateji tərəfdaş olan Türkiyənin hazırkı şərtlər daxilində bu razılaşmaya qoşulmaq niyyətində olmamasıdır. İkinci mühüm səbəb isə Qəzzada davam edən humanitar fəlakət və İsrailin Fələstin dövlətini tanımaqdan imtina etməsidir ki, bu şəraitdə Azərbaycanın razılaşmaya qoşulması həm daxili, həm də beynəlxalq müstəvidə suallar doğura bilər.

Politoloq vurğulayıb ki, İsrail Mərkəzi Asiyanın türk dövlətləri, xüsusən də Qazaxıstanla da sıx əlaqələrə malikdir. Buna baxmayaraq, Astana da “İbrahim razılaşmaları” məsələsində gözləmə mövqeyində dayanır. Eyni zamanda, Vaşinqton Bakı ilə yanaşı Astana ilə də bu istiqamətdə aktiv danışıqlar aparır.

Elxan Şahinoğlu bildirib ki, yalnız “Amerika istəyir” deyə Azərbaycanın bu razılaşmaya qoşulması düzgün addım olmaz və belə bir qərarın gətirəcəyi risklər qazancdan çox ola bilər. Onun fikrincə, maraqlı tərəf olan Tel-Əvivin də Azərbaycanın “İbrahim razılaşmaları”na qoşulması ilə bağlı xüsusi bir tələbi və ya təşəbbüsü müşahidə olunmur. Tel-Əviv əsas diqqəti ərəb ölkələrinin bu prosesə cəlb olunmasına yönəldib.

Sonda politoloq hesab edir ki, mövcud vəziyyətdə Azərbaycan-İsrail münasibətlərinin ikitərəfli əsasda və əməkdaşlıq formatında davam etməsi daha məqsədəuyğundur və bu, həm Bakı, həm də Tel-Əviv üçün yetərlidir.

Rasim Əliyev

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
36
azpolitika.info

1Mənbələr