AZ

"Xusanov, Kvaratexeliya, Arda Gülerdən də çox istedadlı uşaqlarımız var, amma..." - MÜSAHİBƏ

Diniyevlər ailəsi... Azərbaycan futbolunda bu soyadın xüsusi yeri var. Zamanında futbolçu kimi Şahin Diniyev imzası olub, bu gün baş məşqçidir. Oğlu Coşqun Diniyev hazırda milli komandamızın üzvüdür. Digər oğlu Kərim Diniyev isə artıq futbolçu karyerasını 3 əvvəl sonlandırıb. İndi isə Diniyev Futbol Akademiyasının rəhbəridir.

Onun Sportinfo.az-a klublarımızın avrokuboklardakı çıxışı ilə başlayan müsahibəsində bir çox məqama toxunduq.

- Sözün açığı, "Sabah"ın qələbə qazanacağını 90 faiz gözləyirdim. Çünki "Sabah" "Petrokub"la görüşlərdə favorit idi. Həqiqəti demək lazımdırsa, "Araz-Naxçıvan"ın mərhələ keçəcəyini gözləmirdim. Həqiqətən də onlara alqış düşür, böyük uğura imza atdılar. İlk dəfədir ki, avrokuboklarda oynasalar da, güclü rəqibi mübarizədən kənarlaşdırdılar. "Qarabağ" isə bizi qələbələrə öyrəşdirib, bizə adi gəlir. "Zirə"nin isə sadəcə bəxti gətirmədi. O cür mübarizə apardılar, sadəcə mərhələ adlamaq üçün bəxt amili çatışmadı. Layiqli mübarizə apardılar. Son olaraq da, avrokuboklardakı komandalarımıza uğurlar arzulayıram.

- Bu uğurlu çıxışların davamını gətirmək mümkün olacaq?

- Mərhələlər keçdikcə, daha da güclü rəqiblər gəlir. "Sabah"ın rəqibi olan "Levski" güclüdür, tanınmış klubdur. "Araz-Naxçıvan"ın rəqibi "Omoniya" da təcrübəlidir, ötən mövsüm "Zirə" ilə qarşılaşmışdı. Öz evlərində inanılmaz dəstəklə oynayırlar. Uğurlu nəticələrə imza atmaq olar. Üç komandamıza da uğurlar arzulayıram.

- Bu oyunlardan sonra ən çox müzakirə edilən, qınanan və tənqid edilən azərbaycanlı futbolçular oldu. Bu tənqidləri haqlı hesab edirsən?

- Mənim səlahiyyətimdə olan mövzu deyil. Legioner limitinin ləğvi ilə bağlı verilən qərarının pis və ya yaxşı təsirini yalnız gələcəkdə görə biləcəyik. Hazırda toplanış dövrüdür, avrokuboklar yeni-yeni başlayıb. Bunun yaxşı və pis olacağını milli komandanın oyunları başlayandan sonra, 6 ay-bir il sonra futbolçularımızın rəsmi görüşlərdəki hansı formada olmasından görəcəyik. Oynamayan futbolçu ilə oynayan arasında fərq var. Milli komandanın heyətində oyunçularımızı görəcəyik ki, hansı formadadır. Düzdür, 7-8 oyunçumuz oynadı avrokuboklarda. Amma təbii ki, bu da yetəri qədər deyil. Çünki ən azından millimiz üçün 20 futbolçu daim oynamalıdır. 7-8 futbolçu isə azdır. Bəlkə də daha yaxşı və daha pis tərəfini millinin oyunlarında görəcəyik. Çünki birbaşa legioner limitinin ləğvi istər-istəməz millinin və klublarımızın uğurları üçün hesablanmış bir şeydir. Futbolçularımızın inkişafı üçün də. Allah qoysa, yaxşı olsun. Görəcəyik də gələcəkdə.

- Yerli futbolçuların səviyyəsinin aşağı olması illərdi aşağı yaş qruplarında olan problemlərlə bağlı deyil?

- Deyəcəksiz ki, yerli futbolçuların tərəfini tutur. Amma sizinlə razı deyiləm ki, yerlilərimizin səviyyəsi aşağıdır. Valah yerli oyunçularımızın səviyyəsi Azərbaycana gələn bəzi legionerlərin səviyyəsindən heç də aşağı deyil. Legionerlər var ki, yerlilərlə eyni səviyyədədir. Zubiri, Kadini çıxmaq şərtilə. Elvin Cəfərquliyev, Toral Bayramov, Bəhlul Mustafazadə... Onlar Türkiyənin böyük "dördlük" komandalarında olmasa belə, digərlərində rahatlıqla oynaya bilərlər. Rusiya, Belçika kimi liqalarda da oynaya bilərlər. Futbolçularımızın səviyyəsi o qədər də aşağı deyil. Bu dəqiqə Elvin kimi cinah müdafiəçisi Avropada barmaqla sayılacaq qədərdir. Toral Bayramov da həmçinin. Elə legionerlər var ki, altı ay sonra heç yada da düşmür.

- Bu gün saysaq, 20-25 yaxşı yerli futbolçu adı saya bilərik. Bizdə problemlər daha dərindədir. Məsələn, rəhbəri olduğun akademiyada durum necədir?

- Öz akademiyam artıq 4-cü ilini yaşayır. Neçə illərdir ki, uşaq liqalarına gedirəm, baxıram. Həqiqətən də AFFA-nın təşkilatçılıq etdiyi U-8, U-9, U-10 liqaları çox yaxşı səviyyədə təşkil edilir. Baxın, görün orada nə uşaqlar var. Eyni anda oyunlar başlayır,çox istedadlı, güclü uşaqlar var. Səmimiyyətimə inanın, yalan danışan adam deyiləm. Çox güclü uşaqlarımız var, heç yer üzündə tək-tük olar. Amma dünya səviyyəsində futbolçu yetişdirməyimizə problem yaradan səbəblər nələrdi? Mən kiməm ki, bu barədə danışam. Amma adam təəssüf edir ki, yaxın qonşularımızdan çıxır. Özbəkistandan Xusanov, Gürcüstandan Kvaratsxeliya, Türkiyədən Arda çıxır... İrandan Mehdi Taremi. Dünya səviyyəli oyunçular var da. Amma bizdən çıxmamağımızın səbəbi... Burada böyük-böyük danışmaq, təməl filan, nə bilim... Problemi hamı bilir. Hamı danışacaq ki, təməl, uşaq futbolu filan. Təəssüf ki, bunun həllini tapa bilmirik. Çox istedadlı uşaqlarımız var. Xusanov, Kvaratexeliya, Arda Gülerdən də çox istedadlı uşaqlarımız var uşaq futbolunda. Sadəcə düzgün istiqamət, qismət. Yaxşı olar.

- Zaman-zaman uşaq komandalarının məşqçiləri ilə danışıram. Hətta "Neftçi"də deyirdilər ki, Almaniyadan olan U-13 komandası ilə görüşlərdə bizim futbolçular rəqibin oyunçularından geri qalmırdı, hətta seçilirdilər. Bəs, o futbolçuları qazanmağımızda nə çatışmır?

- İndi deyəcəklər ki, böyük-böyük danışır, bu kimdir ki, futbol haqda danışır? Futbol oynamışam, futbol ailəsindəyik. Ən azından B kateqoriyasına sahibəm. Cüzi də olsa, futbol haqda danışmağa haqqımız var. Siz dediyiniz kimi, uşaq futbolunda komandalarımız həqiqətən çox güclüdürlər. Beynəlxalq turnirlərə gedən dost-tanışlarımızın komandaları var. Elə komandaları udurlar ki, Avropanın adlı-sanlı klubları. Sadəcə keçid dövrü var e.... Məsələn, həmin dövrdə 1000 yaxşı oyunçu gəlib, sadəcə onlar içərisində 5-6 oyunçu keçid dövrünü yaxşı keçiblər. Bunun da təsiri nədir? Ailənin futbolçuya, uşağa yanaşmasıdır. Uşaq 14 yaşından gözü açılır, yavaş-yavaş dünya görüşü tamam başqa cür olur, uşaqlıq dövründən çıxır. Nəzarət tələb olunur. Uşaq başlayır çölə çıxmağa, məşqdən gəlir dincəlmək, bərpa olunmaq əvəzinə, gedir dostları ilə oturur çayxana. Artıq bərpa prosesi getmir. Belədə, artıq hər şey aşağıya doğru gedir. Amma ailələr var ki, uşağın perspektivini görür, uşağa ciddi nəzarət edir. Onlar da qarşılığını mütləq görürlər. Yuxu, bərpa, qida, tərbiyə, dünya görüşü, valideyn nəzarəti... Çox aspekt sadalamaq olar. Futbolçunun peşəkar futbolçu olmaq üçün nələr-nələr tələb olunduğunu özümü kənara qoyum, qardaşımdan, dostlarımdan görmüşük.Bir futbolçunun pik səviyyəyə çatmaq üçün nələrdən keçməli olduğunu say-say qutarmaz. Aşağı yaş qruplarından ibarət komandalarda yaxşı oyunçularımız var. İnanıram ki, valideynlər, Azərbaycan futbolauna dəyər verən insanlarla əl-ələ versək, yaxşı uşaqlar çıxacaq.

- Uşaq futboluna yönəlməyin, akademiya açmaq qərarını necə verdin?

- 2022-ci ildə futbolla sağollaşmaq qərarına gəldim. Təklifim var idi. Birinci Liqada oynamaq istəmədim. Ovaxtki düşüncəmlə danışıram. Atamın bir sözü var, ya elə ol, ya da belə. Elə-belə olma. Mən bir işi görürəmsə, ya yaxşı, ya da pis. Amma ortalıqda fırlanmaqla, kiməsə minnətli bu həyatı yaşamaq xarakterimdə yoxdur. 29 yaşım var idi karyeramı bitirəndə. Təkliflərim var idi. Sadəcə maddi durum elə idi ki, qane etmədi və başqa təklif də olmadı, karyeramı bitirdim. Şablon kimi səslənsə də, deyim. Həmişə məşqçiliyə çox böyük həvəsim var idi. Ancaq məşqi yazmağı fikirləşirdim ki, belə taktiki gedişlər olsun. Həvəsim var idi. Futbolu bitirəndən sonra da heç nə, yaxın dostum var, təşəkkür edirəm. Onun köməkliyi ilə dedi gəl başlayaq uşaq futbolundan. O qədər də güclü futbolçu karyeram olmadığına görə, düşündüm ki, birdən-birə Premyer Liqa və ya Birinci Liqa klubuna baş məşqçilik yox, təməldən başlamağı fikirləşdim. Bu işi də sevdim. Uşaqlarla işləməyi çox sevdim. Uşaqla işləyirsən, 3 ay sonra baxırsan necədir. Uşaqda inkişafı görəndə, bilirsiz, necə xoşdur? Kiməsə nəyisə öyrəməti sevdim. Bir qram futbolu bilirik də, uşaqlara təməli öyrədirik. Uşaqlara nəyisə öyrətməyi sevdik.

- Yəni, uşaq futbolunda olduğun üçün heç peşman deyilsən?

- Xeyr. Hər uşağa fərdi yanaşmalısan. Çünki hər uşaq fərqlidir, fərli mühitdən, fərqli ailədən gəlir. Bilmirsən evdə nə yeyib, hansı psixoloji durumla gəlir məşqə. Hər uşağa fərdi yanaşmalısan. Heç bir peşçamçılığım yoxdur.Amma təbii ki, məqsədim tək uşaqlarla işləmək deyil, yavaş-yavaş yuxarı qalxmaqdır.

- Akademiyada hansı məşq qrupları var?

- İki ildir ki, AFFA-nın U-8 və U-9 liqalarında iştirak edirik. Yeni mövsümdən isə U-10 komadası ilə yarışda iştirak edəcəyik. Akademiyamıza isə 5 yaşdan 13 yaşa qədər uşaqlar qəbul edirik.

- Niyə Diniyev Futbol Akademiyası?

- Azərbaycanda Diniyev soyadı deyəndə, futboldan başı çıxan adamın ağlına ilk şey nədir? Futbol olur. Şahin Diniyev, Coşqun Diniyev yada düşür, bir az da mən yada düşərəm yəqin (gülür).

- Ağsaqqal fikri, xeyir-duası hər zaman vacibdir. Şahin müəllimin yanaşması, xeyir-duası nə oldu?

- İndiyə qədər verdiyim bütün qərarların arxasında dayanıb. Coşquna da, mənə də. Həmişə deyib ki, siz qərarınızı verin, mən sizə dəstək olacam. Yolda ona zəng etdim ki, karyeramı bitirirəm və bu cür iş qurmaq istəyirəm. Dedi ki, dəstəyəm, nə lazımdırsa, kömək olacam, ürəyin necə istəyirsə, et. Bizim məşqlərimizə çox da olmasa, hərdən-bir gəlir, nəzarət edir, valideynlərlə də görüş keçirir. Ən azından Şahin Diniyevin də bu məktəbdə nəzarəti var. Məşqlər zamanı hansısa irad da göstərə bilir. Deyir ki, bunu etsəz, daha yaxşı olardı. Hər zaman nəzarəti üzərimizdədir.

- Yəqin ki, məşqçi kimi də özünü də təkmilləşdirirsən. Bu yöndə işlər necə gedir?

- "Səbail"də Şahin müəllimin məşqçilər korpusunda çalışdım. Orada olduğum müddətdə C və B kateqoriyasını almışam. Qismət olsa, A kateqoriyasını almaq üçün müraciət etməkdir. Amma A kateqoriyasının bəzi tələbləri var. Onlar reallaşandan sonra təbii ki, A kateqoriyasını da yiyələnmək istəyirəm. PRO da almaq istəyərəm. Bu işin sonuna qədər gedəcəm, son kateqoriya nədirsə, onu da alacam. Amma əlində sənəd varsa, güclü məşqçisən, Xosep Qvardiolasan demək də, deyil. Fikrimcə, bir məşqçi heç vaxt "tam oldum" deməli deyil, hər zaman ac olmalıdır. Nə vaxtsa desə ki, məndən güclüsü yoxdur, onda uçuram gedər. Hər zaman demək lazımdır ki, heç nə bilmirəm, hələ öyrənirəm. Ömrümün sonuna bu da mənim üçün devizdir. Futbol elədir ki, 20 il əvvəlki futbolla indiki arasında böyük fərq var. 60-70-ci illərə də getmədim. 2005-ci illə 2025-ci ilə böyük fərq var. 10 ildən sonra nə olacağını heç kim bilmir. Futbol təkmilləşir, məşqçi özü də özünü təkmiləşşdirməlidir. Həmişə yeniliklərə açıq olmalıdır, yeni məlumatları əldə etməlidir. Məşqçilik çətin işdir. Futbol oynayanda yalnız özündən cavabdehsən. Amma məşqçilikdə hər şeydən. Çətindir, amma maraqlı və şərəfli peşədir.

- Müsbət mənada, ilk siqnalları verdiyinizi demək olar. Çətin dönəmdə "Difai"yə gəldiz, komandanı Birinci Liqada saxlaya bildiz, əməyiniz oldu. İlk addımların gələcəyə ümid verdiyini demək olar?

- Cüzi də olsa, şam işığını yandırmaq üçün fürsət idi. "Difai"yə də bizə bu şansı yaratdığı üçün təşəkkür edirəm. Təbii ki, başda Asəf Məlikov olmaqla. Gözəl təcrübə idi bizim üçün. Sadəcə əvvəlcədən də anlaşmamız olmuşdu ki, Aydın Qasımovla birlikdə komandanı liqada saxlamaq üçün çalışırdıq. Niyyətimizə çatdıq. Amma artıq yeni səhifə açmaq lazım olduğu üçün komandadan ayrıldı. Ora mıənim üçün gözəl xaritəriidi. Orada keçirdiyimiz altı ay mənim ömrüm boyu təcrübə oldu. Çətin dövrdə bir məşqçinin komanda ilə münasibəti necə olmalıdır, məğlubiyyətlərdən sonra məşqçinin komandaya, futbolçulara qarşı münasibət necə olmalıdır, rəhbərliklə münasibəti necə olmalıdır? Bəzi sosial məsələlər var idi. O vaxtı komanda ağır vəziyyətdə idi. Düzdür, məğlubiyyətlər çox olmadı. Amma məğlubiyyətlərdən sonra paltardəyişmə otağında futbolçularla danışıq necə olmalıdır? Ən çox öyrəndiyim şeylərdən biri oldu. Məşq keçmək məşqçi üçün ən son vacib şeylərdən biridir. Məşqçi işinin psixoloji məsələlərlə, futbolçu ilə davranış məsələsi ilə bağlı olduğu orada daha çox anladım. Çünki hər məğlubiyyətdən sonra futbolçunu toparlamaq çox çətin olurdu bizdə. Ən böyük təcrübə qazandığım məsələ futbolçularla birəbir münasibət idi. Gələcəkdə mənim üçün unudulmaz xatirə və təcrübə olaraq qalacaq. İnanıram ki, gələcəkdə bu, mənə çox kömək olacaq.

- Məşqçi kimi gələcəklə bağlı planların nədir?

- Hazırda akademiya ilə məşğulam. Təklif var idi. O da rayon komandası idi. Məsafə çox uzaq idi, həm də maliyyə məsələsi məni qane etmədi. Ailəm var, uşaqlarım məktəbə gedirlər. Təklif olunan yer uzaq idi. Ona görə də ora getməyi məqsədəuyğun saymadım. Lovğalıq etmək lazım deyil. Cəmi bir təklifim var idi. Ancaq hazırda akademiyam var, onunla məşğulam, başım ora qarışıb. Yaxşı təklif olar, şans yaranar, baxarıq. Qismət.

XANOĞLAN İMANOV

Seçilən
8
sportinfo.az

1Mənbələr