“Mançester Siti”nin 25 yaşlı norveçli mərkəz hücumçusu Erlinq Haland maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb.
Arena.az “Time” nəşrinə istinadən məlumat verir ki, “qolçu vikinq” hazırda dünyanın ən yaxşı oyunçusu olub-olmadığı ilə bağlı sualı belə cavablayıb:
“Xeyr. Mən ən yaxşı oyunçulardan ancaq biriyəm. Messi və Ronaldonun rekordlarını heç kim heç vaxt qıra bilməyəcək. Hətta mən belə…”, deyə norveçli forvard vurğulayıb.
Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyul ayında 60 milyon avro məbləğ müqabilində Dortmund “Borussiya”sından keçib.
Norveçli hücumçunun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2034-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
2025/2026-cı illər mövsümündə Erlinq “şəhərlilər”in heyətində bütün yarışlarda 48 oyuna çıxıb, 34 qol vurub, 5 məhsuldar ötürmə verib.
Halandın “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə 146 oyun, 124 qol və 21 məhsuldar ötürmədən ibarətdir.
Haland “Mançester Siti” ilə İngiltərə Premyer Liqasının (2 dəfə), İngiltərə Kubokunun, İngltərə Super Kubokunun, Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olub.
Erlinq Haland hazırda kapitanı olduğu, 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç yığmasının heyətində 43 oyuna 42 qol, 4 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 24 yaşlı norveçli hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.