2020-ci ildən etibarən ABŞ-ın vasitəçiliyi ilə ərsəyə gələn və İsrail ilə bir sıra ərəb və müsəlman ölkələri arasında münasibətlərin normallaşdırılmasını nəzərdə tutan “İbrahim razılaşmaları” Vaşinqtonun Yaxın Şərq siyasətində əsas alətlərdən birinə çevrilib. Hazırda ABŞ administrasiyası bu razılaşmaların coğrafiyasını genişləndirmək, xüsusilə də Mərkəzi Asiya və Qafqaz ölkələrini də bu çərçivəyə daxil etmək niyyətindədir. Bu kontekstdə Azərbaycanın adı da tez-tez hallanır.
Azərbaycan İsraillə 1992-ci ildən bəri diplomatik münasibətlər saxlayır və bu əlaqələr zamanla dərinləşərək strateji tərəfdaşlıq səviyyəsinə çatıb. İkitərəfli münasibətlər ticarət, enerji, kənd təsərrüfatı, yüksək texnologiyalar, kəşfiyyat və təhlükəsizlik sahələrini əhatə edir. İsrail Azərbaycanın silah idxalında əsas tərəfdaşlardan biri olmaqla yanaşı, həm də Bakının İranla balans siyasətində mühüm yer tutur.
Azərbaycanın İsraildə səfirlik açması iki ölkə arasında diplomatik münasibətlərin rəsmi səviyyədə daha da gücləndirildiyini göstərir. Belə olan halda, “İbrahim razılaşmaları”na qoşulmaq Bakı üçün hüquqi və siyasi baxımdan əlavə dividendlər vəd etmir, çünki mövcud münasibətlər kifayət qədər inkişaf etmiş səviyyədədir.
Azərbaycanın xarici siyasətində mühüm yer tutan Türkiyə hazırkı mərhələdə “İbrahim razılaşmaları”na qoşulmaqdan yayınır. Ankara İsraillə münasibətləri mərhələli şəkildə normallaşdırsa da, Qəzzada baş verən humanitar böhran və Fələstin dövlətçiliyinə dair qeyri-müəyyənlik səbəbilə rəsmi şəkildə bu platformaya daxil olmur. Türkiyə ilə strateji tərəfdaşlıq münasibətləri fonunda Azərbaycanın bu razılaşmalara qoşulması koordinasiyasız addım kimi dəyərləndirilə bilər.
Digər tərəfdən, Azərbaycan cəmiyyəti və siyasi dairələri arasında Fələstin məsələsinə həssas münasibət qalmaqdadır. İsrailin son illərdə Qəzzada apardığı hərbi əməliyyatlar və insan tələfatı geniş ictimai narahatlıq doğurub. Belə bir atmosferdə ABŞ tərəfindən təşviq edilən, lakin İsrailin Fələstin məsələsində konkret güzəştə getmədiyi bir razılaşmaya Azərbaycanın qoşulması daxili siyasi mühitdə də müəyyən təlatümlərə səbəb ola bilər.
ABŞ yalnız Azərbaycanı deyil, eyni zamanda İsraillə əlaqələri olan digər türk dövləti – Qazaxıstanı da “İbrahim razılaşmaları”na cəlb etməyə çalışır. Lakin Astana da bu məsələdə ehtiyatlı və gözləmə mövqeyi nümayiş etdirir. ABŞ Dövlət Departamentinin diplomatik kanallarla Bakı və Astana ilə paralel danışıqlar apardığına dair məlumatlar mövcuddur. Lakin nə Bakı, nə də Astana indiyə qədər razılaşmalara qoşulmaq barədə konkret mövqe sərgiləməyib.
İsrail tərəfi isə Azərbaycanın “İbrahim razılaşmaları”na qoşulması ilə bağlı xüsusi bir təşəbbüs irəli sürmür. Tel-Əviv üçün bu razılaşmalar ilk növbədə ərəb ölkələri ilə münasibətləri normallaşdırmaq və Yaxın Şərqdə geosiyasi təcrid vəziyyətindən çıxmaq üçün vasitədir. Azərbaycanla isə münasibətlərdə belə bir çərçivəyə ehtiyac qalmayıb – əməkdaşlıq artıq istənilən səviyyəyə çatıb və dayanıqlı şəkildə davam edir.
Hazırkı vəziyyət göstərir ki, Azərbaycan üçün “İbrahim razılaşmaları”na qoşulmaq nə strateji baxımdan zəruridir, nə də siyasi baxımdan məqsədəuyğundur. Ölkənin İsraillə ikitərəfli əlaqələri kifayət qədər genişdir və yeni format bu münasibətləri nəzərəçarpacaq dərəcədə dəyişməyəcək. Əvəzində belə bir addım Bakı üçün regional müttəfiqlərlə (xüsusilə Türkiyə ilə) münasibətlərdə koordinasiya boşluğu yarada, həmçinin ictimai rəydə narazılıq doğura bilər.
Bütün bu amillər fonunda Azərbaycanın “İbrahim razılaşmaları”na qoşulmaması və ikitərəfli diplomatiya xəttini davam etdirməsi ən optimal və balanslı seçim kimi görünür.
Arzuman Muradlı
Politoloq