AZ

Rusiya liderinin sirli keçmişi - 90-cı illərdə Putin cinayət təqibindən Valaam monastrına sığınıb...

İddialara görə, Vladimir Putin 1990-cı illərdə cinayət təqibindən Valaam monastrına qaçıb və həmin vaxtdan etibarən hər yay monastrı ziyarət edir..

Poliqon “Aqenstvo” nəşrinə istinadən xəbər verir ki, bu həftə Rusiya Prezidenti Vladimir Putin Ladoga gölündə yerləşən Valam adasına daha bir ənənəvi yay səfərini reallaşdırıb. O, 2000-ci ildə prezident seçildikdən sonra burada demək olar ki, hər il olur. Bu dəfə də istisna olmayıb: Putin cümə günü Valamdan çıxış edərək ABŞ Prezidenti Donald Trampın 8 avqusta qədər Ukrayna ilə sülh danışıqları aparılması tələbinə ilk dəfə reaksiya verib.

Jurnalistlər Roman Badanin və Mixail Rubinin “Çar şəxsən” adlı kitabında yazırlar ki, Putinin Valamla olan münasibətləri təsadüfi deyil. Məlumata görə, o, hələ 1990-cı illərin ortalarında hüquq-mühafizə orqanlarının təqibindən qaçaraq bu adaya sığınıb və məhz burada dinin gücünü kəşf edib.

Kitab müəlliflərinin mənbəsinə görə, 1996-cı ildə Anatoli Sobçak Sankt-Peterburq meri seçkilərini uduzduqdan sonra şəhər administrasiyasındakı korrupsiya işlərinə görə Rusiya Baş Prokurorluğu istintaqa başlayıb. Moskva müstəntiqlərinin şəhərə gəlməsindən sonra, hüquqi təhlükə hiss edən Putin doğma şəhərini müvəqqəti tərk edərək Valaam adasına gedib.

Valaam adasında yerləşən kişi monastırı XV əsrdən mövcud olsa da, 1990-cı illərdə o, baxımsız vəziyyətdə idi. Adada təkcə rahiblər deyil, həm də Sovet dövründə böyük şəhərlərdən sürgün edilən İkinci Dünya Müharibəsi veteranlarının ailələri də yaşayırdı. Monastrı maddi cəhətdən dəstəkləyən iş adamı İlya Yurovun sözlərinə görə, bu ailələr "alkoqolizmin, kasıblığın və dağınıqlığın" içində idi. Məhz həmin monastırda, 1996-cı ilin iyulunda, Putin bir neçə gün gizlənmişdi.

Bəzi mənbələr bu hekayənin qədim çarların dini məkanlarda gizlənməsi barədə əfsanələri xatırlatdığını, hətta apokrif ola biləcəyini yazsalar da, Putinin Valama bağlılığı danılmazdır. Prezidentin hər il bu monastırı eyni vaxtda ziyarət etməsi və burada xüsusi skit tikdirməsi, bu əlaqənin sadəcə şəxsi simpatiya olmadığını göstərir.

2008-ci ildə monastırda qədim rus knyazı Vladimir və müqəddəs Lüdmila adına kilsə açılıb. Yerlilər arasında bu kilsənin əslində Vladimir Putin və keçmiş həyat yoldaşı Lüdmilaya həsr edildiyi fikri yayılıb.

Putinin yaxın çevrəsi Kareliyada, Valam adasına baxan Laxdenpoxya şəhəri ətrafında böyük torpaq sahələri alıb. Prezident özü də səfərləri zamanı bəzən həmin ərazidə qalırdı.

Monastırda uzun illər Putinin və çevrəsinin hörmət etdiyi rahib Mefodiy (əsl adı Venko Petkov) xidmət edib. O, 2012-ci ildə Putin yenidən prezident seçiləndə əlini öpməyə cəhd etmişdi. Bu jest pravoslav ənənəsinə zidd olsa da, Putin onu hörmətlə qarşılayıb. Mefodiy 2021-ci ildə koronavirusdan vəfat edəndə, Putin şəxsən onun məzarını ziyarət edib.

Kitabda bildirilir ki, Putinin Valama qaçışını sabiq təhlükəsizlik əməkdaşı, sonradan “Baltik-Eskort” adlı özəl mühafizə şirkətini quran Roman Tseprov təşkil etmişdi. Məhz o zamanlar dövlət mühafizəsi ilə təmin olunmayan Putinin təhlükəsizliyini bu şəxs təmin edirdi. Həmin Tseprov həm də Putinlə Sankt-Peterburqdakı kriminal liderlər arasında vasitəçi rolunu oynayırdı.

Qeyd olunur ki, Tseprov 2004-cü ildə müəmmalı və dəhşətli şəkildə vəfat edib. Məlumata görə, FTX və DİN-dəki tanışlarını ziyarət etdikdən sonra ona radiasiya zəhərlənməsinə bənzər simptomlar diaqnoz qoyulub: dərisi soyulub, saçları tökülüb və halusinasiya görüb. Ölümünün səbəbi hələ də tam aydınlaşdırılmayıb.

Poliqon.info

Seçilən
41
poliqon.info

1Mənbələr