AZ

ABŞ Hindistanı Ukrayna münaqişəsini maliyyələşdirməkdə ittiham edir

Vaşinqtonun Rusiya neftinə qarşı yeni iqtisadi təzyiq aləti Hindistan oldu

ABŞ prezidenti Donald Trampın administrasiyası Hindistanın Rusiya neftini almağa davam etməsini Ukrayna münaqişəsinin dolayısı ilə maliyyələşdirilməsi kimi qiymətləndirib. Bu barədə Ağ Evin aparat rəhbərinin müavini Stiven Miller Fox Business telekanalına müsahibəsində bəyan edib.

“Prezident Tramp açıq şəkildə bildirib ki, Hindistan üçün bu müharibəni Rusiya nefti alaraq maliyyələşdirmək yolverilməzdir. ABŞ bütün vasitələrlə – diplomatik, maliyyə və digər yollarla – sülhə nail olmağa çalışır”, – deyə Miller vurğulayıb.

Məlumata görə, iyulun 30-da Donald Tramp Hindistandan idxal olunan məhsullara qarşı 25 faiz həcmində əlavə gömrük rüsumlarının tətbiq ediləcəyini elan edib. Qərarın əsas səbəblərindən biri kimi Hindistanın Rusiyadan enerji daşıyıcılarının iri həcmdə alınmasını göstərib. Tramp, həmçinin, Hindistan hökumətinin yaxın zamanlarda bu cür alışları dayandıracağına inandığını bildirib. Lakin Hindistan hökuməti neft emalı zavodlarına belə bir qadağa qoymadığını açıqlayıb.

Ekspertlərə görə, Vaşinqtonun bu addımı Rusiya ilə iqtisadi əlaqələri olan ölkələrə qarşı təzyiq siyasətinin bir hissəsi kimi qiymətləndirilə bilər. ABŞ Hindistanın strateji tərəfdaşı olmasına baxmayaraq, Moskva ilə enerji sahəsindəki sıx əməkdaşlığı tənqid edir. Bu isə Hindistan üçün çətin bir geosiyasi seçim situasiyası yaradır – ucuz enerji və ya Qərblə qarşıdurmadan yayınma.

İndiyədək Hindistan Rusiya neftinin əsas alıcılarından biri kimi çıxış edir və bu ölkədən əldə olunan enerjinin qiymət baxımından sərfəliliyi daxili bazarda sabitlik üçün vacib sayılır.

Analitiklərin fikrincə, Hindistanın Rusiya neftindən imtina etməsi halında həm regionda enerji bazarında yenidənqurma başlayacaq, həm də Rusiya bu itkinin əvəzini Çin və digər Asiya bazarlarında axtarmağa çalışacaq.

S.ELAY

XQ

Seçilən
1
xalqqazeti.az

1Mənbələr