“Gənc futbolçular yetişmir” deyə şikayətlənirlər. Bəs, yetişənlər hara gedəcək, harada oynayacaq?! Bu sual açıq qalır. Ən maraqlısı isə odur ki, veteran futbolçularımız niyə səssiz qalır? Bəlkə də AFFA-dan aldıqları maaşa görə danışmaq istəmirlər, amma bu qədər susmaq da doğru deyil”.
İdman.biz xəbər verir ki, bu fikirləri futbolinfo.az saytına açıqlamasında veteran futbolçu Elçin Həsənov deyib.
Sabiq yarımmüdafiəçi ölkə futbolunun indiki durumundan narahat olduğunu gizlətməyib: “Avrokuboklarda mərhələ keçən klublarımızı təbrik edirəm. Amma Konfrans Liqasında çıxış edən komandaların əsas heyətində cəmi 3-4 yerli futbolçu yer alırdı. Bu artıq futbolun sonuna doğru getdiyimizi göstərir. Legioner limitinin ləğvi isə bəzi işbazlara fürsət yaradır, futboldan qazanc məqsədilə istifadə edirlər. Neft sektorundan sonra ən gəlirli sahə sanki futboldur. Amma heç kim futbola inkişaf vasitəsi kimi baxmır, hamı ancaq gəlirini düşünür”.
Həsənov menecer sisteminin düzgün işləmədiyini, ölkəmizdə skautinq sisteminin hələ də formalaşmadığını bildirir: “Avropada hər klubda azı 5-6 skaut çalışır. Bizdə isə menecerlər şəxsi tanışlıqlarla oyunçu gətirir və həmin futbolçular real dəyərindən dəfələrlə baha qiymətə komandaya yerləşdirilir. Aşağı liqalardan alınan oyunçuların gerçək transfer qiymətləri göstərilən rəqəmlərlə üst-üstə düşmür”.
O, yerli mütəxəssislərə laqeyd yanaşmanı da sərt tənqid edib: “Tərlan Əhmədovla birgə top qovmuşam, həm əla futbolçu olub, həm də yaxşı məşqçidir. Belə yerli mütəxəssislər varkən, “İmişli”nin Portuqaliyadan baş məşqçi gətirməsi nə qədər məntiqlidir? Bu kimi qərarların arxasında fərqli maraqlar dayanır. İnsanlar əyilmək əvəzinə mövqelərini ortaya qoymalıdır. Böyük futbol məktəbindən keçmiş adamlar susmaq üçün yetişdirilməyib”.
Uşaq futbolundakı vəziyyətə də toxunan Həsənov vəziyyətin acınacaqlı olduğunu bildirib: “Demirəm ki, legioner olmasın – 3-5 səviyyəli əcnəbi futbolçu faydalıdır. Amma bu qədər çox legioner gətirmək absurddur. Bu gün bütün klublar əsasən əcnəbilərlə çalışır. AFFA-da oturanların futboldan az anlayışı olduğu açıq-aydındır. Məsələn, Özbəkistanda federasiya rəhbəri keçmiş hakimdir – yəni futbolun içindən gələn biridir. Bizdə isə tam əksi. Demirəm ki, bütün veteranları federasiyaya toplasınlar, amma aralarında işi bilən, bacarıqlı insanlar var və onların təcrübəsindən istifadə edilməlidir”.
Elçin bəy bu vəziyyətin dəyişməyəcəyi halda inkişafın mümkünsüz olduğunu vurğulayıb: “Biz nə qədər danışsaq da, heç nə dəyişmir. Hərə öz qazancının dərdindədir, böyük pullar silinir, amma hara getdiyi bilinmir. Əgər PRO kateqoriyası alanlar işləyə bilməyəcəksə, o zaman bu kurslar kimə lazımdır? Uşaq futbolunda futbolu tanımayan adamlar fəaliyyət göstərir. Hərə bir məktəb açıb, məqsəd tək qazancdır. Belə getsə, futbol daha da geriləyəcək”.
İdman.biz