“Wall Street Journal” sənaye mənbələrinə istinadən xəbər verir ki, Çinin nadir torpaq metallarının və digər strateji mineralların ixracına tətbiq etdiyi məhdudiyyətlər artıq ABŞ və onun müttəfiqlərindəki müdafiə şirkətlərinə zərbə vurub.
Qəzetin yazdığına görə, bunlar güllələrdən tutmuş döyüş təyyarələrinə qədər demək olar ki, hər şeyi hazırlamaq üçün lazım olan maddələrdir. Çin məhdudiyyətlərinin tətbiqindən sonra bəzi materialların qiymətləri beş dəfə və ya daha çox artdı. Bir şirkət bildirib ki, ona təyyarə mühərriklərində yüksək temperaturlu maqnitlər üçün lazım olan element olan samarium standartdan 60 dəfə yüksək qiymətə təklif olunub.
2024-cü ilin dekabrından Çin qallium, germanium və sürmə kimi elementlərin ABŞ-a birbaşa ixracını tamamilə qadağan edib. Bu materiallar güllə, mərmi, gecəgörmə cihazları və digər hərbi texnikanın istehsalında istifadə olunur.
ABŞ silahlarında istifadə edilən 80.000-dən çox komponentdə Çin ixrac nəzarəti altında olan minerallar var, demək olar ki, bütün təchizat zəncirləri Çin tədarükçülərindən asılıdır və bu, ABŞ müdafiəsi üçün ciddi risklər yaradır.
Bundan əlavə, Çin səlahiyyətliləri Qərb şirkətlərindən hərbi istifadənin qarşısını almaq üçün aldıqları mineralların məqsədi haqqında ətraflı məlumat vermələrini tələb edirlər.
Aprelin əvvəlində Çinin Ticarət Nazirliyi ikili təyinatlı malların tədarükünü məhdudlaşdıran 16 ABŞ şirkətini ixrac nəzarəti siyahısına əlavə etdi. “New York Times” qəzetinin məlumatına görə, Pekin avtomobil, dron, robot və raket istehsalı üçün lazım olan bir sıra kritik mineralların və maqnitlərin ixracını dayandırıb.
İyun ayında “Wall Street Journal” Çinin ABŞ avtomobil istehsalçılarına və sənaye şirkətlərinə nadir torpaq ixracı lisenziyalarının verilməsini qismən bərpa etdiyini, lakin icazələrin altı ay ilə məhdudlaşdığını bildirdi. Bununla belə, hərbi texnika üçün ixtisaslaşmış maqnitlərin ixracı ciddi nəzarət altında qalır.
Almaz Həsənli