AZ

Səbaildə qanunsuz söküntü: sahibkarın illərlə qurduğu əmlak bir gündə məhv edildi

Səbail rayonunda baş verən son hadisə yerli icra hakimiyyətinin fəaliyyətinə dair yenidən suallar doğurur. Rayonda illərdir fəaliyyət göstərən avtomobil sexi, heç bir xəbərdarlıq və rəsmi sənəd təqdim edilmədən, icra hakimiyyətinin göstərişi ilə sökülüb. Bu proses zamanı sahibkarın əmlakına ciddi ziyan dəyib, ətraf mühitə də qayğısız yanaşılıb.

Kommersant.az xəbər verir ki, sözügedən sexin sahibi Oruc Həsənovun sözlərinə görə, ona söküntü barədə öncədən rəsmi bildiriş göndərilməyib. Söküntü günü isə əraziyə gələn işçilər heç bir sənəd təqdim etməyiblər. Onlar yalnız bir cümlə ilə izah veriblər: “İcra hakiminin göstərişidir. Burada park salınacaq”.

Halbuki qanunvericiliyə görə, istənilən əmlakın sökülməsi üçün sahibkara əvvəlcədən rəsmi xəbərdarlıq edilməli, sənədlər təqdim olunmalı və kompensasiya prosesi həyata keçirilməlidir. Bu qaydaların heç biri yerinə yetirilməyib.

Mülkiyyət hüququ necə pozuldu?

Məsələni mürəkkəbləşdirən əsas məqam sahibkarın əraziyə dair sənədlərinin mövcudluğudur. 2003-cü ildə bələdiyyə tərəfindən verilmiş mülkiyyət sənədi var. Ərazidə illərdir işıq, qaz, su xətləri mövcuddur, sahibkar mütəmadi olaraq vergilərini ödəyib. Bəli, onun əlində rəsmi 'kupça' (çıxarış) yoxdur. Ancaq bu, mülkiyyət hüququnu ortadan qaldırmır. Bələdiyyə sənədi, kommunal ödənişlər və faktiki istifadə, ərazinin qanuni istifadəsini sübut edən mühüm faktlardır. Üstəlik, Azərbaycan qanunvericiliyinə əsasən, əmlak sahibinin hüquqları yalnız məhkəmə qərarı ilə məhdudlaşdırıla bilər.

Söküntü zamanı baş verənlər: dağıntı və zərər

Söküntü prosesi zamanı qanunsuzluqlar daha da artıb. İcra Hakimiyyətinin əməkdaşları sexin əşyalarını çıxarmağa imkan vermədən, ağır texnikalarla binanı dağıdıblar. Bunun nəticəsində sahibkarın bir çox əşyası yararsız hala düşüb. Ətrafda olan yaşıllıq da söküntünün qurbanına çevrilib. Ağacların kökləri zədələnib, bəzi ağaclar tam yararsız hala salınıb. Ki, sözügedən ağaclar da sahibkar tərəfindən əkilib və qayğı göstərilir. Halbuki, şəhərsalma qaydalarına görə, yaşıllığın qorunması məcburidir.

Polisin qanunsuz müdaxiləsi

Hadisənin başqa bir diqqətçəkən tərəfi isə polisin prosesə müdaxiləsidir. Söküntü günü sahibkar əraziyə yaxınlaşmağa cəhd etdikdə, polis onu güc tətbiq etməklə uzaqlaşdırıb və bölməyə aparıb. Bu, mülki mübahisə olduğu halda polisin əsassız müdaxiləsi kimi qiymətləndirilir.

Söküntünün səhəri günü sahibkar öz əşyalarını götürmək üçün əraziyə qayıdanda, polis ona bildirir ki, artıq həmin əraziyə sərbəst şəkildə yaxınlaşa bilməz. Polis əməkdaşları deyiblər ki, əgər sahibkar öz əşyalarını götürmək istəyirsə, yalnız onların müşayiəti ilə və onların icazəsi ilə bu mümkündür. Beləliklə, heç bir məhkəmə qərarı olmadığı halda sahibkara ərazidən uzaq durmaq barədə qadağa da qoyulub.

Hüquq mütəxəssisləri bu addımı 'qanunsuz məhdudiyyət' kimi qiymətləndirir. Çünki Azərbaycan Konstitusiyasının 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ yalnız məhkəmə qərarı ilə məhdudlaşdırıla bilər. Polis orqanlarının belə səlahiyyəti yoxdur.

Sahibkar nə deyir?

Sexin sahibi olan vətəndaş O.Həsənov haqsızlıqla barışmaq niyyətində deyil: “Mən illərlə zəhmət çəkib bu sexi qurmuşam. İndi isə heç bir xəbərdarlıq etmədən, heç bir sənəd göstərmədən gəlib əlimdən aldılar. Bu, hansı qanuna sığır?”

Hüquqi baxımdan vəziyyət: hansı qanunlar pozulub?

Bu hadisə, mülkiyyət hüququnun açıq-aşkar pozulması kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikasının qanunları bu cür hallara qarşı sahibkarın tərəfindədir:

- Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi (Mülkiyyət hüququ): Hər kəsin mülkiyyət hüququ var. Heç kəs məhkəmə qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət zərurəti olduqda (ictimai ehtiyaclar üçün) əmlak yalnız qanuni əsaslarla və əvvəlcədən ədalətli kompensasiya ödənilməklə alınır.

- Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi (Mülkiyyət formaları): Mülkiyyət dövlət, bələdiyyə və xüsusi mülkiyyət formalarında mövcuddur. Bütün mülkiyyət formaları bərabər qorunur.

- Konstitusiyanın 68-ci maddəsi (Hüquqların müdafiəsi): Dövlət orqanlarının qanunsuz hərəkətləri nəticəsində zərər çəkmiş şəxs zərərin ödənilməsini tələb etmək hüququna malikdir.

Bundan əlavə, Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu da mülkiyyət hüququnu qoruyur və dövlətin əsassız müdaxiləsini yasaqlayır.

Nəticə: park adı altında qanunsuzluq?

Park salınması — şəhərin abadlaşdırılması üçün müsbət addımdır. Lakin bu proses insanların illərlə qurduğu əmlakın qanunsuz sökülməsi ilə həyata keçirilirsə, artıq söhbət abadlıqdan yox, haqsızlıqdan gedir. Səbail rayonunda baş verən bu hadisə bir daha göstərir ki, qanunların icrası bəzən sadəcə kağız üzərində qalır. Sahibkar isə haqlı olaraq dövlət orqanlarından ədalət gözləyir.

.media-content {

width: 100%;

padding: 40px 0;

}

.media-content a {

display: inline-block;

width: 25%;

padding: 2.5px 5px 2.5px 0;

float: left;

}

Seçilən
1
kommersant.az

1Mənbələr