BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə üçüncü Konfransı 32 ölkədə yaşayan azı 570 milyon insanın problemlərinə həsr olunub. Təşkilatın Dayanıqlı İnkişaf Məqsədləri (SDGs) çərçivəsində həmin dövlətlərin iqtisadi-sosial inkişaf problemlərinin həlli, həmçinin iqlim dəyişikliyi və davam edən münaqişələr fonunda yeni qlobal çağırışlar tədbirin əsas müzakirə mövzuları olacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə keçirdiyi görüşlərdə BMT-nin Baş katibi Antonio Quterreş deyib. O, ümumbəşəri əhəmiyyətə malik olan bu tədbirin “ahəngdar inkişaf edən Türkmənistanda keçirilməsini əlamətdar hadisə” adlandırıb.
Qurbanqulu Berdiməhəmmədov bildirib ki, BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə üçüncü Konfransına dair təşkilatın Baş Assambleyasının 79-cu sessiyasının 63-cü plenar iclasında qəbul olunmuş qətnamə Türkmənistan üçün mühüm sənəddir.
Görüşlərdə beynəlxalq konfrans çərçivəsində dövrümüzün aktual problemlərini əhatə edən müzakirələr nəticəsində əldə olunacaq razılaşmaların dünya ölkələrinin iqtisadiyyatına müsbət təsir göstərəcəyinə əminlik ifadə edilib. Bildirilib ki, bu konfrans dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin iqtisadi potensialının artırılmasına, ticarət-iqtisadi sahədə regionlararası və beynəlxalq əlaqələrin inkişafına töhfə verəcək. Forum çərçivəsində paralel tədbirlərin, o cümlədən müvafiq strukturlar arasında görüşlərin və danışıqların keçirilməsi də nəzərdə tutulub.
Xəzər dənizi sahilində - Avaza kurortunda keçirilən konfransda qlobal iqtisadiyyata aid aktual məsələlər müzakirə olunacaq və onların uğurla həlli yolları müəyyən ediləcək ki, bu da beynəlxalq tərəfdaşlıq çərçivəsində nəqliyyat sahəsində əlaqələrin inkişafı üçün geniş imkanlar yaradacaq.
Türkmənistan liderləri nəqliyyat-logistika sektorunda və ümumilikdə nəqliyyat diplomatiyasında əlaqələrin inkişafı baxımından mühüm mövzuları əhatə edən bu forumun fəaliyyətinə uğurlar arzulayıb, qəbul edilən qərarların ölkələrin harmonik inkişafına töhfə verəcəyinə əminlik ifadə ediblər.