AZ

SOCAR Yaxın Şərqdə: Azərbaycanın enerji diplomatiyasında yeni mərhələ

Azərbaycan hazırda 14 ölkəyə qaz ixrac edir ki, onların da 13-ü Avropa ölkəsidir. İlk dəfə olaraq ölkəmiz Suriyanın timsalında Yaxın Şərq bazarına da qaz satmağa başlayıb. Məlumatlara görə, SOCAR gələcəkdə Yaxın Şərq bazarında fəaliyyətini bir qədər də genişləndirəcək. 


Bəs SOCAR-ın bu regionda fəaliyyətini genişləndirməsi həm dövlət şirkətinə, həm də Azərbaycana hansı üstünlüklər gətirə bilər?

 

Mövcud sualla bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycanla İsrail arasında yaxın vaxtlarda SOCAR-ın iştirakı ilə mühüm anlaşma əldə olunub: 


“Bu razılaşmaya əsasən, SOCAR İsrail sahillərində yerləşən “Leviafan” və digər yataqlarda pay alaraq fəaliyyətə başlayıb. Bu əməkdaşlıq Yaxın Şərqdə qarşılıqlı əlaqələrin inkişafı və yeni bazar imkanlarının yaranması baxımından xüsusi əhəmiyyət kəsb edir”.

 

 

İqtisadçı sözügedən tərəfdaşlığın Azərbaycanın həm geosiyasi mövqeyini möhkəmləndirməsi baxımından, həm də iqtisadi yanaşma ilə əhəmiyyətli gəlirlər təmin edə biləcəyini vurğulayıb. 


O qeyd edib ki, gələcəkdə Suriyaya uzanan qaz kəmərinin İsrailə qədər genişlənməsi ehtimal olunur ki, bu da tranzit prosesini daha rahat və effektiv edəcək:

 

“Bu istiqamətdə atılan addımlar Azərbaycanın enerji bazarının şaxələndirilməsi və perspektivlərinin genişlənməsi üçün mühüm irəliləyiş hesab olunur”.

 

Fidan Hacızadə
Sfera.az

Seçilən
5
sfera.az

1Mənbələr