"Bir kişinin azyaşlı bir qızı öpməsi ilə bağlı olan video yenə də bizi cəmiyyət olaraq hansı dəyərlərlə yaşadığımızı sorğulamağa məcbur edir. Burada baş verən, aydın şəkildə pedofiliyadır. Bu cinayətdir. Və bu cinayətə qarşı sərt mövqe tutmaq hər bir sağlam düşüncəli insanın borcudur".
Ölkə.Az xəbər verir ki, bunu klinik psixoloq Fuad Əsədov Sabirabadda 64 yaşlı kişinin azyaşlıya qarşı əxlaqsız hərəkətlər etməsi barədə yazılanlara münasibət bildirərkən deyib.
"Amma daha da dəhşətlisi budur ki, sosial şəbəkələrdə yayılan bu görüntülərə gələn bəzi şərhlər insanlıq adına utancvericidir. “Uşaq da məmnun görünür”, “uşağın da canında az yoxdur” kimi ifadələr sadəcə pedofiliyanı müdafiə etmir, həm də uşağı günahlandıraraq bu iyrənc davranışın məsuliyyətini onun üstünə yükləyir.
Bunu deyənlərə bir sual verim. Bir uşaq seksual razılıq verə bilərmi? Elmi, etik və hüquqi cavabı. Qətiyyən yox. Bir uşaq emosional, psixoloji və fiziki olaraq bu cür münasibətləri dərk edə bilməz. Onun reaksiyası istər təbəssüm, istər sakitlik olsun, travmanın, qorxunun və ya vəziyyətin fərqində olmamağın nəticəsidir. Bu susqunluq heç vaxt razılıq deyil, heç vaxt da bu cür zorakılığı “məzələnmək” kimi görməyə əsas vermir.
Bu şərhlər təkcə bir şəxsi deyil, bütöv cəmiyyəti zəhərləyir. Əgər bir uşaq istismar olunur və siz bunu görüb, müdafiə edən bir cümlə yazırsınızsa, siz də o sistemin bir hissəsinə çevrilirsiniz. Siz də zorakılığı normallaşdırmağa xidmət edirsiniz", - deyə o əlavə edib.
Qeyd edək ki, 2 gün əvvəl sosial şəbəkələrdə Sabirabad rayonu Qaratəpə kənd sakini 64 yaşlı Mərdan Hüseynovun azyaşlıya qarşı hüquqazidd hərəkət erməsini əks etdirən görüntülər yayılıb.
Fakta görə rayon polis şöbəsində cinayət işi başlanıb, M.Hüseynov həbs edilib.
Billurə Yunus