Azərbaycanın təbii qaz ixracı coğrafiyası genişlənməkdə davam edir. Azərbaycanın təbii qazı artıq Türkiyə ərazisindən keçməklə Kilis xətti vasitəsilə Suriyaya nəql olunur. Bu marşrut həm enerji təhlükəsizliyi, həm də regional əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb edir. Yeni nəql istiqaməti Azərbaycanın enerji diplomatiyasının təkcə Avropa deyil, Yaxın Şərq regionunda da təsir gücünü artırdığını göstərir. Bu proses həmçinin Türkiyənin enerji tranzit ölkəsi statusunu daha da möhkəmləndirir. Azərbaycanın indiyədək əsasən Avropa bazarına yönəlik qaz ixrac strategiyası son illərdə mühüm diversifikasiya mərhələsinə keçib. TAP və TANAP kimi layihələrlə Avropaya çıxış əldə edən Bakı indi Yaxın Şərq istiqamətində də mövqeyini gücləndirməyə başlayıb. Suriyaya qaz nəqli bu baxımdan yalnız iqtisadi deyil, eyni zamanda diplomatik və geostrateji əhəmiyyət daşıyır. Türkiyənin Kilis vilayətindən keçən və Suriyanın şimalına uzanan bu enerji xətti vasitəsilə Azərbaycan qazı Suriya əhalisinin enerji təminatında iştirak edəcək. Bu, həm bölgədəki enerji tələbatının qarşılanmasına dəstək olacaq, həm də Azərbaycan üçün yeni bazar deməkdir.
Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycanın Suriyaya böyük həcmdə qaz verməsi mümkün deyil, amma bu anlaşma çox böyük simvolik siyasi-iqtisadi əhəmiyyətə malikdir:
“Əsasən də Türkiyə ilə birgə Azərbaycan Suriyadakı indiki hökuməti, hakimiyyəti dəstəkləyirlər. Çünki bundan öncəki Əsəd rejimi həm Türkiyə, həm Azərbaycanla münasibətdə kifayət qədər kəskin mövqe tuturdu. Ona görə də burada əsas söhbət siyasi dəstəkdən gedir”.
İqtisadçının sözlərinə görə, əgər söhbət həmin boru xəttlərinin gələcəkdə uzadılaraq İsrailə qədər çatmasından gedirsə, hansı ki, SOCAR həm də İsraildə qaz neft yataqlarında müəyyən pay alıb. Gələcəkdə ordan çıxan qazın bir hissəsinin də revers üsulu ilə İsraildə çıxarılan qazı həmin boru xətləri vasitəsilə Türkiyənin TANAP və TAP layihəsi vasitəsilə Avropaya da çatdırılması mümkündür.
“Suriyaya qaz nəqli, həddindən artıq gözəl və maraqlı perspektivləri olan bir anlaşmadır, layihədir. Amma həcm olaraq dediyim kimi, hələ də çox böyük deyil. Əsasən bizim qaz Suriyanın şimal hissəsində elektrik enerjisinin alınması üçün elektrik stansiyalarında istifadə olunacaq”,- deyə N.Cəfərli vurğuladı.