AZ

İran Ermənistanın “Sülh kəsişməsi”ni açıq şəkildə dəstəklədi Zəngəzur dəhliznə qarşı isteriya davam edir

Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Baqayi Ermənistanın Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin genişləndirilməsi adı altında irəli sürdüyü “Sülh kəsişməsi” təşəbbüsünü açıq şəkildə dəstəklədiklərini bəyan edib. Bu təşəbbüs Azərbaycanın dəfələrlə önə sürdüyü Zəngəzur dəhlizinə alternativ kimi təqdim edilir.

İranın rəsmisi iddia edir ki, Tehranın əsas prioritetlərindən biri Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının beynəlxalq hüquqa və suverenliyə hörmət çərçivəsində inkişaf etdirilməsidir. Bu səbəbdən İran Azərbaycanın öz ərazisinə (Naxçıvana - red.) maneəsiz keçid tələbinə qarşı çıxır və bu mövqeyini açıq şəkildə təkrar edir.

Baqayi jurnalistlərə açıqlamasında vurğulayıb ki, İran bu təşəbbüsün Cənubi Qafqaz üçün faydalı olduğunu hesab edir və layihənin regionda sabitlik və iqtisadi inkişaf üçün perspektivli olduğunu düşünür: “Bu təşəbbüs region ölkələrinin ümumi maraqlarına xidmət edə bilər. Ermənistan bu layihə vasitəsilə bölgədə sabitliyə töhfə vermək istəyir və İran olaraq biz bu yanaşmanı yüksək qiymətləndiririk”.

Eyni zamanda o qeyd edib ki, bütün layihələrin yerli dövlətlərin suverenliyi, beynəlxalq hüquq normaları və sərhəd bütövlüyü prinsiplərinə riayət etməklə həyata keçirilməsi vacibdir.

İran nümayəndəsi bu məsələdə Tehranın mövqeyinin dəyişməz olduğunu vurğulayaraq bildirdi ki, heç bir nəqliyyat dəhlizi və ya koridor dövlətlərin beynəlxalq tanınmış sərhədlərini poza bilməz, heç bir halda suverenliyə və ərazi bütövlüyünə xələl gətirə bilməz. Bu da açıq mesajdır ki, İran Azərbaycanın Zəngəzur dəhlizinin açılmasına qarşıdır.

Baqayi İranın Ermənistanla əlaqələrini yüksək qiymətləndirir və qeyd edir ki, ölkəsində güclü və təsirli erməni icması mövcuddur. İran rəsmisi əlavə etdi ki, Ermənistanın Avropa İttifaqı və ABŞ ilə son zamanlar yaxınlaşması normal siyasi prosesdir, lakin bu yaxınlaşmanın İrana qarşı yönəlməməsi şərtdir: “Ermənistan digər ölkələrlə əlaqələrini gücləndirir, bu təbiidir. Biz bunu başa düşürük. Əsas odur ki, bu münasibətlər İranın milli maraqlarına zidd olmamalıdır”.

O həmçinin Azərbaycan və İran prezidentlərinin telefon danışığı zamanı İranın ərazisinə İsrail tərəfindən guya hücum planlarının Azərbaycan hava məkanından həyata keçirilməsi barədə iddialarının müzakirə olunduğunu təsdiqləyib: “Bu, konkret ittiham deyil. Sadəcə beynəlxalq hüquqa əsasən, dövlətlərin öz ərazilərindən üçüncü tərəflərin digər ölkələrə qarşı hərbi əməliyyat keçirməsinə imkan verməməsi vacibdir. Bu təkcə Azərbaycanla bağlı deyil, bütün qonşu ölkələr üçün keçərlidir”.

Rəsmi Tehran Azərbaycanla dostluq əlaqələrini qorumağa üstünlük verir və bu əlaqələrin gərginləşməsinin heç bir tərəfə fayda verməyəcəyini vurğulayır:

“Azərbaycan qonşumuzdur və biz əlaqələrimizi dostluq çərçivəsində inkişaf etdirmək istəyirik. Fikir ayrılıqları ola bilər, amma bu dialoqa və əməkdaşlığa mane olmamalıdır”.

Baqayi həmçinin Ermənistann və Azərbaycanın əldə etdikləri son razılaşmaları alqışlayaraq, regionda davamlı sülhün qarşılıqlı anlaşma ilə mümkün olduğunu bildirib: “Sülhə doğru addım atmaq hər iki ölkə üçün önəmlidir. İran bu prosesi diqqətlə izləyir və dəstəkləyir”.

Nəticə etibarilə, İran Cənubi Qafqazda nəqliyyat və iqtisadi kommunikasiyaların genişləndirilməsi məsələsində Ermənistana açıq dəstək verir, lakin Azərbaycanın əsas tələbi olan Zəngəzur dəhlizinin açılmasına qarşı əsassız mövqe sərgiləməkdə davam edir. Amma rəsmi Bakı İrandan gələn bu cür çağırışlara etinasız yanaşır və özünün strateji milli maraqlarını həyata keçirmək üçün ardıcıl siyasət aparır. Təcrübə göstərir ki, Azərbaycan mərhələli şəkildə regionda bütün planlarını reallaşdırır və bu zaman yalnız özünün milli maraqlarını əsas götürür. İran rejimi isə mətbuatda dedi-qodu kampaniyasından uzağa gedə bilmir.

Rasim Əliyev

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
azpolitika.info

1Mənbələr