AZ

Hindistan Trampın təhdidindən sonra ABŞ və Yaxın Şərqdən neft alışını artırıb

Yeni Dehli Rusiya neftindən imtinanı inkar etsə də, faktiki olaraq alternativ mənbələrə üstünlük verib...

Poliqon xəbər verir ki, Hindistan hakimiyyəti rəsmi olaraq Rusiya neftindən imtina etdiyini bəyan etməsə də, neft idxalını ABŞ və Yaxın Şərq bazarları hesabına genişləndirib. Bu barədə Reuters agentliyi bir neçə mənbəyə istinadla məlumat yayıb.

Məlumata görə, Hindistanın ən böyük neft emalı şirkəti olan Indian Oil Corp (IOC) sentyabr ayı üçün ABŞ, Kanada və Birləşmiş Ərəb Əmirliklərindən ümumilikdə 7 milyon barrel xam neft alıb. Bunun 4,5 milyon bareli ABŞ-dan, 500 min bareli Kanadanın Western Canadian Select markalı, 2 milyon bareli isə BƏƏ-də hasil olunan Das markalı neft olub.

İki mənbənin sözlərinə görə, bu dəfəki alış həcmi adi hallardan daha yüksəkdir və bu da Rusiya neftinə alternativ axtarışı ilə bağlıdır. Keçən həftə Hindistanın dövlətə məxsus neft emalı zavodlarının Rusiya nefti alışını dayandırdığı bildirilmişdi. Həmçinin Hindistan hökumətinin dövlət şirkətlərinə Rusiya xaricindəki mənbələrdən neft tədarükü üçün plan hazırlamağı tapşırdığı açıqlanıb.

Qeyd edək ki, BŞ prezidenti Donald Tramp ötən həftə Rusiya Ukrayna ilə sülh razılaşmasına 8 avqusta qədər nail olmasa, Rusiya nefti alan ölkələrə 100 faizlik gömrük rüsumları tətbiq edəcəyini və Hindistanın Rusiya enerji resursları və silah almasına görə əlavə cərimələrlə üzləşəcəyini bəyan edib.

Buna baxmayaraq, The New York Times qəzeti Hindistan hökumətindəki mənbələrə istinadla bildirib ki, rəsmi Dehli ucuz Rusiya nefti alışını davam etdirmək niyyətindədir. Bloomberg agentliyi də yazıb ki, Hindistanın baş naziri Narendra Modinin hökuməti hələlik dövlət neft şirkətlərinə Rusiya neftindən imtina ilə bağlı rəsmi göstəriş verməyib və bu məsələ yekun qərara bağlanmayıb.

Hindistan Rusiya üçün dəniz yolu ilə ixrac edilən xam neftin ən böyük alıcısıdır. Ona görə də bu ölkənin Rusiya neftindən imtina etməsi və ya hətta alışı azaltması Moskva üçün ciddi iqtisadi zərbə ola bilər.

Poliqon.info

Seçilən
6
poliqon.info

1Mənbələr