AZ

Analitik: Ərdoğanın Ukrayna səfəri siyasi dəstək xarakteri daşıyır

Türkiyə Prezidentinin Ukraynaya səfərini qarşıda duran mürəkkəb məsələlərin həlli istiqamətində atılan mühüm addım kimi qiymətləndirmək lazımdır

Dünya siyasətində regional güclərin rolu və diplomatik balansın qorunması bu gün daha da aktuallaşıb. Xüsusilə Rusiya ilə Ukrayna arasında davam edən münaqişə fonunda Türkiyə kimi önəmli aktorların münasibətləri və təşəbbüsləri beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.
“RBK-Ukrayna” portalına müsahibəsində bu ölkənin səfiri Nəriman Cəlal deyib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfər edəcək və hazırda rəsmi Kiyev bu səfərə hazırlaşır.
Ümumi olaraq isə Türkiyə ilə Ukrayna arasındakı əməkdaşlıq və dialoq həm regional sabitliyin təmin edilməsində, həm də münaqişənin həllinə doğru aparan proseslərdə mühüm rol oynayır.
Qeyd edək ki, eyni zamanda Kremlin mətbuat katibi Dmitri Peskov Putinin Zelenski ilə görüşməyə hazır olduğunu bildirib.

Mövzu ilə bağlı politoloq Tural İrfan Sherg.az-a açıqlama verib:

"Türkiyə ilə Ukrayna arasında səmimi münasibətlər davam edir. Türkiyənin Rusiya ilə əlaqələri isə Ukrayna ilə münasibətlərinə maneə yaratmır. Müharibənin davam etməsi bu münasibətlərdə balansın qorunmasını zəruri edir. Buna baxmayaraq, Türkiyə Ukrayna ilə iqtisadi və ticarət əlaqələrini genişləndirməkdədir. Eyni zamanda rəsmi Ankara müharibənin dayandırılması, atəşkəsin əldə olunması və danışıqların davam etməsi istiqamətində ciddi təşəbbüslər göstərir, hətta vasitəçi rolunda çıxış edir. Rusiyanın sülhə meyilli olmaması və münaqişənin həllinə doğru məsuliyyətli addımlar atmaması isə Türkiyəyə bu fonda Ukrayna ilə iqtisadi və ticari əməkdaşlığı zəiflətməməyə əsas verir".

Ekspert Prezident Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfərinin siyasi dəstək xarakteri daşıdığını söyləyib: 
"Rusiya öz aqressiv və imperialist xarici siyasəti ilə müttəfiqlərini və dostlarını itirməkdədir. Şübhəsiz ki, Ərdoğanın bu səfərinə mane olmaq istəyən qüvvələr də mövcuddur. Lakin Rusiya anlamalıdır ki, problemin həlli üçün Türkiyə kimi regional gücün vasitəçiliyi hər iki tərəf üçün zəruridir. Hesab edirəm ki, bu səfər çərçivəsində yalnız ticarət və iqtisadi məsələlər deyil, həmçinin Rusiya–Ukrayna müharibəsinin hazırkı vəziyyəti, təsirləri, perspektivləri və mümkün çıxış yolları da müzakirə olunacaq. Səfərin əhəmiyyəti danılmazdır. Bu istiqamətdə ortaq mövqedən qərarlar qəbul edilə bilər".

Müsahibimiz hazırkı vəziyyətin bir çox ölkələrin Ukrayna ilə münasibətlərinə mənfi təsir göstərdiyini, eyni zamanda iqtisadi, ticari və digər əlaqələri zəiflətdiyini qeyd edib: 
"Türkiyə Prezidentinin Ukraynaya səfərini qarşıda duran mürəkkəb məsələlərin həlli istiqamətində atılan mühüm addım kimi qiymətləndirmək lazımdır".
Seçilən
16
1
sherg.az

2Mənbələr