ain.az, Unikal.az portalına istinadən məlumat verir.
Körpələr, azyaşlılar, uşaqlar, balacalar… Hər birimiz bu mərhələdən keçmişik. Onların qorunması, sevgi ilə böyüdülməsi və sağlam gələcəyə hazırlanması biz böyüklərin ən müqəddəs borcudur. Amma son günlərdə yaşanan ağır və sarsıdıcı hadisə cəmiyyətimizi dərindən silkələdi. Bu faciə təkcə ürəkləri deyil, gələcəyimizə olan inamı da sarsıtdı.
Söhbət Sabirabadda kişinin azyaşlıya qarşı əxlaqsız hərəkətlər etməsini əks etdirən görüntülərdən gedir. Rezonas doğuran məsələ ilə bağlı prosessual tədbirlər görüldü. Azyaşlıya qarşı qeyri-etik davranışlar edən şəxs saxlanıldı, qınanıldı, tənqid olundu. Hətta “bəzilərimiz” səhvi azyaşlıda gördü... Bəs, bu balaca qızcığaz baş verənləri anlayırdımı? Yaxud belə desək nə etdiyini bilirdimi? Çox sual var, cavabı isə az. Əsas problem, 4 yaşlı kiçik bir qızın gələcəyidir. Onun qarşıda hansı maneələr gözləyir?! “Bəzi” insanlar bunu dərk edirmi?
Məsələ ilə bağlı “Unikal”a danışan psixoloq Aytən Ələkbərova bildirib ki, sözügedən görüntülər insanların özündə belə informativ stresslər yaradıb.
"Övladlarımızı necə ki, xəstəliklərdən qoruyuruq, eləcə də onların psixoloji və fiziki toxunulmazlığını cəmiyyətin zərərli təsirlərindən qorumalıyıq. Təəssüf ki, bəzi hallarda hələ 4 yaşlı bir uşaq belə davranışlarına görə mühakimə edilir. Halbuki bu yaşda instinktiv yanaşmalar, davranışlar sadəcə sevgiyə və diqqətə olan ehtiyacdan qaynaqlanır. Bunu anlayışla qarşılamadan uşağı qınamaq, onu travma ilə baş-başa buraxmaq – gələcəkdə daha dərin psixoloji fəsadlara yol aça bilər.
Uşaqlarla bağlı yaşanan travmatik hadisələr, cəmiyyətin diqqətindən yayınsa da, psixoloqların gündəlik təcrübəsində bu problemlər sıx-sıx üzə çıxır. Elə valideynlər olur ki, övladında narahatedici davranışlar müşahidə etdikdə, ani bir reaksiya ilə “uşağımdan nifrət etdim” deyir. Lakin bu, uşağın günahı deyil! Bu davranışlar ətraf mühitin, cəmiyyətin və bəlkə də evdə olan kiminsə səbəb olduğu travmaların nəticəsidir".
Psixoloq əlavə edib ki, belə hallar uşaqların yetkinlik yaşına çatanda öz fəsadlarını daha çox göstərməyə başlayır.
"Uşaq susur… amma onun yaddaşı susmur. Uşaqlıqda yaşanan hər bir hadisə şüuraltına köçür və yeniyetməlik dövründə bir şəkildə üzə çıxır. Biz bəzən görürük ki, travma yaşayan uşaqlar məktəbə getməkdən, insanlarla ünsiyyətdən qorxur. Bu qorxunun arxasında isə çox zaman ailə daxilində, qohum ətrafında baş verən və gizli saxlanılan zorakılıqlar dayanır.
Ən acısı odur ki, bəzi hallarda zorakılıq doğma insanlar – ata, əmi, dayı, xala əri kimi yaxınlardan gəlir. Amma biz heç zaman bilə bilmərik ki, bir insanın daxilində hansı duyğular, hansı emosional aclıq yatır. Ona görə də “öz övladımdı, necə istəyirəm, elə də rəftar edirəm” düşüncəsi yolverilməzdir. Bu, psixologiyada “ekip sendromu” adlanır və bu tip halların əlamətləri uşaqlıqdan görünməyə başlayır.
Valideynlər bilməlidir ki, uşaqları müəyyən toxunuşlara qarşı daha həssas olur – bu, bədənindəki erogen zonalarla bağlıdır. Onların fərqində olmadan edilən hərəkətlər belə gələcəkdə uşağın həzz, qorxu və təhlükə anlayışlarını qarışdıra bilər. Ona görə də, valideynlər hər bir detallı bilməli, bilmədikdə isə mütləq psixoloqa müraciət etməlidirlər. Biz uşaqlarımızı qorumasaq, başqası da qoruyası deyil".
Gülayə Mecid
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.