AZ

"Moldovagaz"ın qaz tədarükü lisenziyası ləğv edildi

BAKI, 4 avqust. TELEQRAF

Moldovanın Milli Enerji Tənzimləmə Agentliyinin (NARE) “Qazprom”la birgə müəssisə “Moldovagaz”ın qaz təchizatı üzrə lisenziyası ləğv edilib. Buna səbəb şirkətin enerji sektorundakı tələblərə əməl etməməsidir.

Teleqraf xəbər verir ki, bu barədə agentliyin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki,6 noyabr 2018-ci il tarixində “Moldovagaz” ASC-yə verilmiş AC №001402 seriyalı təbii qaz tədarükü lisenziyası agentliyin İdarəetmə Şurasının qərarı ilə ləğv olunub.

Lisenziyanın ləğvindən sonra qaz tədarükü üzrə hüquqlar dövlətə məxsus “Enerqokom” şirkətinə veriləcək. Hazırda “Moldovagaz” təxminən 800 min istehlakçıya xidmət göstərir. Yeni tədarükçüyə keçid prosesi sentyabrın 1-nə qədər tamamlanmalıdır. “Moldovagaz” rəhbərliyi bu keçid prosesində “Enerqokom”a dəstək verməyə hazır olduqlarını bildirib.

Bu qərar Moldovanın Avropa İttifaqının enerji icması qarşısında götürdüyü öhdəliklər – üçüncü enerji paketinə uyğun olaraq həyata keçirilib. Bu paket “Moldovagaz”ın qaz təchizatı, nəqli və paylanması sahələrində ayrı-ayrı üç quruma bölünməsini tələb edir. 2026-cı ilədək nəzərdə tutulan bu proses, Rusiya qazının Ukrayna ərazisindən tranzitinin və Moldovaya tədarükünün dayandırılması səbəbilə 2025-ci il iyulun 31-dək qısaldılıb.

“Moldovagaz”ın İdarə Heyətinin sədri vəzifəsini icra edən Vadim Çeban bildirib ki, şirkətin həyata keçirdiyi restrukturizasiya agentliyi qane etməyib. Əlavə olaraq, əsas səhmdar olan “Qazprom” aktivlərin satışına razı deyil. Çeban qeyd edib ki, şirkətin bölünməsi ilə bağlı ən ciddi çətinliklərdən biri "Moldovagaz"ın “Qazprom” qarşısında olan borcudur.

Qeyd edək ki, 2023-cü ildə Moldova hökuməti “Moldovagaz”ı qaz nəqli infrastrukturunu Rumıniyanın “Westmoldtransgaz” şirkətinə təhvil verməyə məcbur edib. Vadim Çebanın sözlərinə görə, lisenziya ləğv edilsə də, “Moldovagaz” fəaliyyətini davam etdirəcək və qazanc əldə edəcək. O, bunu digər enerji şirkətlərinin müvafiq infrastrukturunun olmaması ilə izah edib.

Moldova parlamentindəki müxalifət isə baş verənləri ölkənin enerji sektorunun və “Moldovagaz”ın gizli şəkildə milliləşdirilməsi kimi qiymətləndirir.

Seçilən
11
teleqraf.com

1Mənbələr