Ses qazeti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Prezident İlham Əliyev: "Bütün millətlərin nümayəndələri, bütün etnik qrupların, bütün konfessiyaların nümayəndələri bir yumruq kimi birləşdi"
Azərbaycanda ökm sürən multikultiralizm və tolerant mühit, müxtəlif xalqların adət-ənələrinə, dininə hörmətlə yanaşma xalqımızın milli keyfiyyəti olmaqla yanaşı, humanizm dəyərlərinə, birgəyaşama mədəniyyətinə söykənir. Etnik qrupların sülh şəraitində yaşaması, bərabərhüquqlu fəaliyyətinə yaradılan zəmin multikulturalizmin Azərbaycan modelinin formalaşdığının göstəricisidir. Bu gün ölkəmizin demək olar ki, bütün ərazisində qeyri-xalqların nümayəndələri qarşılıqlı anlaşma və dialoq şəraitində vahid bir ailə kimi yaşayır və milliyyətindən asılı olmayaraq hər kəs bərabərhüquqludur. Humanizm prinsiplərinə əsaslanan ölkəmizdə insan ləyaqətinə xələl gətirən, ona zidd olan dinlərin yayılması və təbliğinə imkan verilmir. Mövcud qanunlar və mövcud mühit ölkəmizdə xristianların, yəhudilərin, ümumiyyətlə, bütün dini konfessiyaların nümayəndələrinin birgə sülh və əmin-amanlıq şəraitində yaşamasına dəlalət edir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirdiyi kimi, "Azərbaycan azad cəmiyyətdir, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir. Bu, bizim böyük sərvətimizdir. Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi bunu görür. Bunu izah etməyə ehtiyac yoxdur. Bu, bizim həyat tərzimizdir".
Paytaxt Bakıda, Qubada, Zaqatalada, Qusarda, Qaxda, İsmayıllıda və digər yerlərdə müxtəlif xalqların necə sülh, dostluq şəraitində yaşadığı diqqətdən yayınmır. Hər bir məkanda etnik qrupların icmaları, mədəniyyət mərkəzləri, öz etiqad və ayinlərini yerinə yetirmək üçün olan ibadətgahlar və s. fəaliyyətdədir ki, ölkəmizə gələn qonaqlar bunu yüksək dəyərləndirirlər. Əlbəttə ki, bu gün müxtəlif dövlət qurumlarında qeyri-xalqların nümayəndələri təmsil olunur, ölkəmizin ictimai-siyasi, mədəni həyatında mühüm rol oynayırlar.
"AZƏRBAYCAN UĞRUNDA, LƏYAQƏT UĞRUNDA!"
Qarabağ uğrunda gedən döyüşlərdə ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri həmrəy oldular. Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda müharibədə iştirk etdilər. Azərbaycan vətəndaşı olaraq bir yumruq altında birləşdilər və silaha sarıldılar. Vətən müharibəsində bütün xalqların nümayəndələri bir əsgər kimi vuruşdular, şəhid oldular. Vətən uğrunda, Qarabağ uğrunda, Azərbaycan uğrunda mərdliklə, qəhrəmancasına vuruşdular. "Heç vaxt Azərbaycanda dini, milli zəmində ayrı-seçkilik olmayıb və olmayacaq", - deyən Cənab Prezident bildirib ki, İkinci Qarabağ müharibəsi bir daha onu göstərdi. Bütün millətlərin nümayəndələri, bütün etnik qrupların, bütün konfessiyaların nümayəndələri bir yumruq kimi birləşdi: "Azərbaycan uğrunda, ləyaqət uğrunda, Vətən uğrunda! Ona görə, bax, bu gözəl ab-hava, bu, təbii bir məkandır və biz Qarabağda yaşayan erməni əhalisini buna dəvət edirik". Amma Ermənistan isə monodövlətdir. Burada hökm sürən vəziyyət erməni xislətini bir daha ortaya qoymuş olur. Prezident İlham Əliyev çıxışlarının birində bildirdiyi kimi, "Onlar hesab edirdilər ki, bu, onların üstünlüyüdür" - deyən Cənab Prezident qeyd edib ki, hətta onların rəhbərləri və onların ictimai fəalları müharibədən, İkinci Qarabağ müharibəsindən əvvəl deyirdilər ki, Ermənistanın bir üstünlüyü var ki, burada ancaq ermənilər yaşayır, Azərbaycanda isə müxtəlif xalqlar yaşayır. Onların çirkin təbliğatı ona yönəlmişdi ki, əgər müharibə başlayarsa, burada qatma-qarışıq olacaq, xalqlar bir-birinin üzünə duracaq. Amma nə oldu? Yaşayan bütün xalqlar bir adam kimi durdular ayağa, sinələrini qabağa verdilər, düşməni təpiklə qovdular bizim torpağımızdan. Bir daha göstərdik ki, bax, bu yetişən nəsil və ənənələr nə deməkdir… Bir daha demək istəyirəm, bax, biz, hər birimiz bu dəyəri qorumalıyıq və Azərbaycan siyasəti bundan sonra bu istiqamətdə aparılmalıdır və aparılacaqdır".
DİNLƏRARASI VƏ ÇOXMƏDƏNİYYƏTLİ HARMONİYA
Azərbaycanda onlarla müxtəlif dini qurum, birlik və icmaların fəaliyyətdə olması ölkəmizdə hökm sürən bu mühiti əsaslandıran amillər sırasındadır. Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Azərbaycan Yəhudiləri dini icması, Avropa Yəhudilərinin Bakı dini icması, Bakı şəhəri Dağ Yəhudiləri dini icması, Bakı Krişna Şüuru dini icması, "Yeni həyat" Xristian İncil dini icması, Bakı şəhəri "Molokan ruhani-xristian" dini icması, Alban-Udi Xristian dini icması, Gürcü Yəhudilərinin Bakı dini icması, Xilaskar Yevangelik Lüteranların Bakı dini icması və digər qurumlar ölkəmizdə sərbəst və azad şəkildə fəaliyyət göstərirlər. Bu bir daha ona əsaslanır ki, molokanlar, yəhudilər, tatlar, saxurlar, ləzgilər üçün Azərbaycanda geniş imkanlar yaradılıb. Qeyri-xalqların yaşadığı Krasnaya Sloboda, İvanovka kimi kəndlərə daima dövlətimiz tərəfindən diqqət və qayğı göstərilir. Azərbaycanda yaşayan qədim yəhudi, xristian, udin və digər milli azlıqların yaşayış məskənləri olan Krasnaya Sloboda, Nic və İvanovka kəndləri dövlətin daim diqqət və qayğısı ilə əhatə olunub. Qeyd edək ki, Azərbaycanda təkcə yəhudilərin 7 sinaqoqu, 2 orta məktəbi, 1 kolleci, 3 uşaq bağçası və Yəhudi Evi fəaliyyət göstərir. Qubada həmçinin dünya yəhudilərinin ən böyük icmalarından birinin yaşadığı məşhur Qırmızı Qəsəbə yerləşir. Qeyd edək ki, ümumiyyətlə, Quba çoxmillətli rayondur, burada 20-dən artıq azsaylı xalq yaşayır. Onların 79 faizini azərbaycanlılar, 9 faizini tatlar, 6 faizini ləzgilər, 1,8 faizini yəhudilər, 1,4 faizini türklər, 1,4 faizini xınalıqlılar və 1,2 faizini digər xalqların nümayəndələri təşkil edir. Qubadakı Qırmızı Qəsəbədə çayın bir sahilində sinaqoqlar, o biri sahilində məscidlər fəaliyyət göstərir. Bu fakt Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələrinin mövcudluğunun sübutudur. İnkar olunmaz faktdır bu gün Azərbaycanın ictimai-siyasi həyatında xristian, yəhudi etiqadlı vətəndaşlar yaxından iştirak edir, töhfələrini verirlər.
Qətiyyətlə deyə bilərik ki, müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin, etnik azlıqların harmoniya halında yaşadığı Azərbaycan uğurlu bir inkişaf yolundadır. Terrorizmin baş alıb getdiyi dünyada, islama qarşı hücumların artdığı və islamafobiyanın gücləndiyi bir vaxtda Azərbaycan ekstremizm və dözümsüzlük əleyhinə çıxış edir, kənar qüvvələrin, xaricdən gələn təhlükələrin qarşısını almaqda güclü və qətiyyətlidir. Həqiqətən də. Azərbaycan istər ölkə səviyyəsində, istərsə də beynəlxalq səviyyədə dinlərarası və çoxmədəniyyətli harmoniyanın inkişafına təkan verir və bu nailiyyətin davamlı olması üçün tədbirlər həyata keçirir.
Azərbaycan Respublikasının din sahəsində apardığı siyasət cəmiyyətdə dinin müxtəlif formalarda mövcudluğunu nəzərə alaraq, fikir, söz və vicdan azadlığı üzərində qurulub. Dövlətin din sahəsindəki siyasəti beynəlxalq hüququn prinsiplərinə və normalarına, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrə, ölkə Konstitusiyasına və digər normativ hüquqi aktlara əsaslanır. Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır və bütün dini etiqadlar qanun qarşısında bərabərdir.
Nümunə üçün vurğulayaq ki, Azərbaycanda yüzillər boyu bərqərar olmuş tolerantlıq mühiti XIX əsrin əvvəllərində ölkəmizə köçürüldükləri ilk vaxtlardan alman mühacirlərinin yerli əhali ilə qısa müddətdə dərin ünsiyyət qurmasına əlverişli zəmin yaradıb. Almanların Azərbaycana ilk kütləvi köçü isə 1819-cu ilə təsadüf edir. Həmin ilin yayında Tiflisdən Azərbaycanın Yelizavetpol qəzasına köçən 194 alman ailəsi Şamxor (indiki Şəmkir) yaxınlığında iki koloniya salıblar. Sonralar Gədəbəy, Şamaxı, Bakı, Şəmkir ərazisində də alman lüteran kilsələri tikilib istifadəyə verildi. Bakıda - 28 May küçəsində yerləşən alman kilsəsi – Kirxa da onlardan biridir. Azərbaycanda yaşayan alman icması hər bazar günü bu kilsəyə gəlib, öz dualarını oxuyur, ibadət edir və söhbət aparırlar.
CƏNUBİ QAFQAZIN ƏN MÖHTƏŞƏM MƏBƏDİ
Bu gün dövlət başçısının rəhbərliyi ilə reallaşdırılan ümummilli inkişaf strategiyası hər bir sahənin paralel inkişafını ən yüksək səviyyədə təmin edib və bu, davam etməkdədir. Azərbaycan inamlı inkişafını davam etdirir, ölkəmiz sülh və əmin-amanlıq şəraitində yaşayır. "Ölkəmizdə sabitliyin mənbəyi xalqımızın iradəsidir, xalqımızın seçimidir", - deyən Azərbaycan Prezidenti Cənab İlham Əliyev bu gün ölkəmizin dünya miqyasında sabitliyi ilə seçilən ölkələrdən birinə çevrildiyini bildirib. Belə bir ölkə multikultural və tolerant dövlət kimi də tanınır. Təsadüfi deyil ki, dünya dövlətləri Azərbaycanın bu sahədə öz təcrübəsini yaymasında maraqlıdır. Azərbaycan yüksək dəyərlərə sahib olan multikultural cəmiyyətdir. Azərbaycan əhalisinin 96 faizinin müsəlman olmasına baxmayaraq, xristianlar, yəhudilər, ümumiyyətlə, bütün dini konfessiyaların nümayəndələri sülh və əmin-amanlıq şəraitində birgə yaşayırlar. Bu gün Azərbaycanda xristianlığın ayrı-ayrı cərəyanlarının icmaları sərbəst şəkildə fəaliyyət göstərir və 7 sinaqoq, 4 gürcü kilsəsi də fəaliyyətdədir. Ölkəmizin paytaxtında Cənubi Qafqazın ən möhtəşəm məbədi Heydər Məscidi inşa edilib. Qeyd edək ki, xalqımızın tarixi keçmişindən qalan tolerantlıq və multikulturalizm prinsipləri ölkəmizin qanunvericiliyində də öz əksini tapıb. Belə ki, Milli Məclis "Dini etiqad azadlığı haqqında", "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanunlar qəbul edib.
Sülhə nail olmaq imkanlarına maneə törədən qeyri-sabit dövlətlər Azərbaycandakı əmin-amanlıqdan, tolerantlıq ənənələrini görürlər. Azərbaycan istər ölkə səviyyəsində, istərsə də beynəlxalq səviyyədə dinlərarası və çoxmədəniyyətli harmoniyanın inkişafına təkan verir və bu nailiyyətin davamlı olması üçün tədbirlər həyata keçirir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Dünya Dini Liderlərinin Forumu, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu və onlarla belə tədbirləri keçirməklə, dünyanın diqqətini özünü cəlb edən Azərbaycan bu və ya digər tədbirlərlə xalqlar və dövlətlər arasında əməkdaşlığa xidmət edir. Sülh içində yaşayan plüralist və demokratik cəmiyyətlər qurmaq üçün dağıdıcı cərəyanlara qarşı birlikdə mübarizə aparmağın vacibliyi əsas məsələ kimi bu və ya digər məsələlər müzakirə olunur.
Azərbaycan Prezidenti Cənab İlham Əliyevin məlum sərəncamları ilə ölkəmizdə 2016-cı ilin "Multikulturalizm ili", 2017-ci ilin isə "İslam Həmrəyliyi ili" elan edilməsi bəşəri dəyərlərə olan ali münasbətin daha bir təzahürü idi. Dünya ictimaiyyəti Azərbaycanın nümunəvi tolerantlıq, multikulturalizm modelini, dinlərarası dialoq mədəniyyətini qəbul edir və öyrənir. Təbii ki, hər hansı bir cəmiyyətdə sosial tolerantlığın bərqərar olmasında və multikultural dəyərlərin tərəqqisində siyasi hakimiyyətin iradəsi əvəzsizdir.
Nəzakət ƏLƏDDİNQIZI
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.