AZ

Qızmar Günəş altında: İsti havada iş hansı hallarda dayandırılır?

Yay mövsümündə temperaturun artması istirahət edən insanlar üçün əlverişli olsa da, işləyənlər üçün bir sıra çətinliklər yaradır. Belə ki, isti havalarda işçilər özlərini daha çox yorğun və yuxulu hiss edə bilirlər.

Bu isə əmək qabiliyyətinin aşağı düşməsinə səbəb olur. Bundan başqa, yüksək temperatur altında gəzmək və işləmək günvurmaya səbəb ola bilər.

Bəs görəsən, isti havalarda işlər nə vaxt dayandırıla bilər?

Sahib Məmmədov, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri

Mövzu ilə bağlı Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.

Onun sözlərinə görə, havanın temperaturu 41 dərəcəni keçdikdə və ərazidə temperaturu süni yolla tənzimləmək mümkün olmadıqda iş dayandırılmalıdır. Bu, adətən açıq hava şəraitində həyata keçirilən işlərə aiddir.

Müsahibimiz qeyd edib ki, lakin açıq havada aparılan elə işlər var ki, dayandırmaq olmur. Bu halda işəgötürən əlavə tədbirlər görməlidir:

“Məsələn, yaxınlıqda çətirlər quraşdırılmalı, tez-tez işə fasilələr verilməli və işçilər sərinləşdirici içkilərlə təmin olunmalıdır. İş dayananda boşdayanma halı yaşanır. Eyni zamanda tarif vəzifə maaşının üçdə ikisi qədər işçilərin əməkhaqqısı saxlanılmalıdır. Çünki havanın isti olması işçinin günahı deyil". 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin məlumatına görə, havanın temperaturu 41 dərəcə selsidən çox olduqda işçilərin həyat və sağlamlığının qorunması üçün zəruri tədbirlər görmək işəgötürənlərin əsas vəzifələrindən biridir. Əmək Məcəlləsinə əsasən, qeyd edilən hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır.

İşçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilməli, fasilələrin sayı, müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən olunmalıdır. Bu fasilələr iş vaxtına daxil edilməli və fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilməlidir.

Gülşən Şərif

Seçilən
4
1
bakivaxti.az

2Mənbələr