Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə Qazax rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində gənclər düşərgəsi keçirilib. Birlikdən verilən məlumata görə, layihədə Bakı, Abşeron, Sumqayıt, Xızı, Quba, Qusa, Xaçmaz, Siyəzən, Göygöl, Gəncə, Daşkəsən, Goranboy, Ucar, Şirvan, Salyan, Biləsuvar, Hacıqabul, Ağdam, Gədəbəy və digər rayonlardan ümumilikdə 100 gənc iştirak edib.
Düşərəgənin əsas məqsədi Azərbaycan gənclərinin vətənpərvərlik ruhunu gücləndirmək, onların ictimai fəallığını artırmaq və müasir bacarıqlar qazanmasına dəstək göstərməkdir. “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunan düşərgə eyni zamanda gənclərə dövlətçilik prinsiplərinin daha dərindən aşılanmasını, Azərbaycan Respublikasının müstəqilliyinin hüquqi və tarixi əsaslarını daha yaxından tanıma fürsəti yaratmağı hədəfləyib.
Proqram müddətində gənclər üçün müxtəlif mövzularda öyrədici təlim və qeyri-formal təhsilə əsaslanan sessiyalar, simulsiya tipli tədbirlər, intellektual və idman oyunları, habelə ictimai xadimlərləgörüş təşkili olunub. Düşərgə çərçivəsində “İşğaldan azad olunmuş ərazilərdə sahibkarlığın inkişafı”, “Vətəndaş cəmiyyətinin inkişafında təşəbbüslər, Təqdimat bacarıqlarının artırılması” kimi mövzularda təlimlər baş tutub. Həmçinin, iştirakçılar Qazaxda "Qarabağ Azərbaycandır!" Abidə Kompleksinə Heydər Əliyev Mərkəzinə, ADA Universitetinin filialına, S.Vurğunun ev muzeyinə, Damcılı mağarasına və digər görməli yerlərə ekskursiya ediblər.