AZ

"Kreml yalnız Ukraynanın təslim olduğu sülhü qəbul edir" - ISW

 
"Moskva kompromis axtarmır, sadəcə qələbə istəyir..."
 
Kreml sülh danışıqlarında kompromisə açıq deyil, əksinə, yalnız Ukraynanın təslim olması ilə nəticələnəcək bir razılaşma axtarır.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) yeni hesabatında deyilir.
 
 
ISW analitiklərinin fikrincə, Rusiya xarici işlər naziri Sergey Lavrovun avqustun 1-də verdiyi açıqlamalar bu mövqeni bir daha təsdiqləyir. O, Belarus lideri Aleksandr Lukaşenko və Vladimir Putinlə eyni gündə keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərlə demək olar ki, onların ritorikasını təkrar edib.
 
Lavrov danışıqlardakı durğunluğa görə məsuliyyəti Ukraynanın üzərinə atıb və Moskvanın əvvəldən qoyduğu şərtlərə sadiq qaldığını vurğulayıb. Onun sözlərinə görə, sülh prosesində irəliləyiş var, lakin bu, guya, Ukrayna tərəfindən ləngidilir. 
 
Rusiya tərəfi Kiyevdən onlayn işçi qruplarının yaradılması ilə bağlı təşəbbüsə cavab gözlədiyini deyib. Lavrov həmçinin iddia edib ki, prezident Zelenski atəşkəs və danışıqların başlanması üçün şərtlərini daim dəyişir. Nazir Rusiyanın hədəflərinin dəyişmədiyini bildirib: sülh yalnız "müharibənin əsas səbəbləri aradan qalxarsa" mümkündür.
 
ISW mütəxəssisləri Lavrovun bu sözlərinin həm Putin, həm də Lukaşenkonun avqustun 1-dəki bəyanatları ilə tam uzlaşdığını bildirir və bu paralelliyin Kremlin vahid informasiya xəttini formalaşdırmaq istədiyini göstərdiyini vurğulayır.
 
Tədqiqatçılar bu mövqeyin rəsmi Moskvanın danışıqlar və hərbi hədəflərlə bağlı real planlarını əks etdirdiyini qeyd edir: Rusiya kompromis axtarmır, yalnız Ukraynanın kapitulyasiyasını gözləyir. Eyni zamanda, Rusiya təxribat xarakterli ritorika ilə Qərbin birliyini, xüsusilə ABŞ və Avropa İttifaqını zəiflətməyə çalışır.
 
Xatırladaq ki, 2025-ci ilin iyulun 23-də İstanbulda Ukrayna və Rusiya nümayəndələri arasında növbəti, üçüncü danışıqlar raundu keçirilib. Görüş cəmi bir saat davam edib. Nəticədə, tərəflər real sülh danışıqları üçün prezidentlər səviyyəsində - Zelenski, Tramp, Ərdoğan və Putin arasında ayrıca görüşün keçirilməsinin vacibliyini etiraf edib.
 
Qeyd edək ki, Putin hələ 2024-cü ilin yayında Ukraynaya sülh üçün bir sıra şərtlər irəli sürüb və onların hələ də qüvvədə olduğunu bildirib. Bu şərtlərə Ukrayna qoşunlarının Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərindən tam çıxarılması, NATO-ya üzvlükdən imtina, "demilitarizasiya və denasifikasiyanın" həyata keçirilməsi, habelə Qərbin Rusiyaya qarşı tətbiq etdiyi bütün sanksiyaların ləğvi daxildir.
Seçilən
1
moderator.az

1Mənbələr