AZ

Ukrayna səfiri: “Ərdoğan Putinin təhlükəsizliyini təmin edə bilər”

Ukrayna, Türkiyə, ABŞ və Rusiya liderlərinin mümkün görüşü Moskvanın mövqeyinə görə həyata keçirilməyən təşəbbüs olaraq qalır.  Ulusal.az xəbər verir ki, bunu Ukraynanın Türkiyədəki səfiri Nəriman Cəlal Ukrayna mətbuatına müsahibəsində deyib. Onun sözlərinə görə, Kiyev və Ankara danışıqlara hazırdır, ABŞ da maraq nümayiş etdirir, lakin Kreml formata mane olur.

“Bu, Rusiyanın könüllü və ya təzyiq altında buna razı olduğu dərəcədə real perspektivdir”, – diplomat qeyd edib.

Cəlalın sözlərinə görə, Ukrayna danışıqlar qrupları işə başlamazdan əvvəl atəşkəsin rəsmiləşdirilməsini təklif edir. Rusiya isə bunun əksində israr edir: əvvəlcə texniki razılaşmalar, sonra isə mümkün atəşkəs.

“Biz mahiyyət etibarı ilə danışıqlar müddətində qətliamları dayandırmağı təklif edirik, lakin onlar liderlərin görüşünə qədər mövqelər razılaşdırılana qədər qətlləri davam etdirmək istəyirlər. Bu, cəbhədə və dinc şəhərlərdə davamlı hücumlar, vətəndaşlarımızın həlak olması və mülki infrastrukturun dağıdılması fonunda baş verir”, – səfir vurğulayıb.

O hesab edir ki, Rusiyanın mövqeyini ancaq təzyiqlə – sanksiyalar və Ukraynanın müdafiə qabiliyyətini gücləndirməklə dəyişmək olar.

Türkiyənin rolu ilə bağlı sualı cavablandıran Cəlal qeyd edib ki, Ankara ehtiyatlı tarazlığı qoruyaraq vasitəçi rolunda çıxış edir: o, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, lakin Rusiyaya açıq təzyiq göstərmir.

“Türkiyə hər şeydən əvvəl öz maraqlarını qoruyur. Ona görə də bizim bundan qeyri-real gözləntilərimiz olmamalıdır”.

Səfir xatırladıb ki, Ankara Rusiyanın cinayətləri üzrə beynəlxalq xüsusi tribunalın yaradılmasını dəstəkləməyib və Dubrovnikdə kommünike imzalamayıb. Buna baxmayaraq, Türkiyə hərbi əsirlərin mübadiləsi də daxil olmaqla humanitar yolun davam etdiyi əsas danışıqlar platforması olaraq qalır.

“Bu, yeməyi doğru anda bişirmək üçün sobanı qızdırmaq kimi bir şeydir. İstanbul prosesi indiki formada vəziyyəti hazır saxlamağa imkan verir”, – Celal izah etdi.

Onun sözlərinə görə, Ankara Ukrayna, ABŞ və Rusiya ilə fəal məsləhətləşmələr aparır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan danışıqlarda şəxsən iştirak edir və görüş olacağı təqdirdə, Beynəlxalq Cinayət Məhkəməsinin qərarına əməl etməyə borclu olan ölkələrdən fərqli olaraq, Vladimir Putinin təhlükəsizliyini təmin edə bilər.

“Biz rusların tətbiq etdiyi “müzakirə xatirinə müzakirə” oyununa son qoymalıyıq. Danışıqların konkret məqsədi olmalıdır”, – ukraynalı diplomat vurğulayıb.

Krımla bağlı danışan Cəlal Ərdoğanın Krım Platformasına etdiyi son müraciətində ilk dəfə olaraq Ukraynada baş verənləri “müharibə” adlandırmasına və birbaşa Krımın Ukraynanın nəzarətinə qaytarılmasının vacibliyinə diqqət çəkib.

“Türkiyənin mövqeyi çox vacibdir, xüsusən də Rusiyanın Krım mövzusundan yayınmağa hər cür cəhd etdiyi bir şəraitdə. Türkiyə Krım haqqında ruslarla deyil, beynəlxalq hüquq normalarını rəhbər tutaraq Ukrayna ilə danışır”, – o qeyd edib.

Səfir vurğulayıb ki, Ərdoğanla Ukrayna rəhbərliyi arasında hər təmasda Krım və Krım tatarları mövzusu gündəmə gəlir. Onun sözlərinə görə, Ukrayna Ankaranın dəstəyindən maksimum istifadə etməlidir.

O, həmçinin iki ölkə arasında humanitar və hərbi-texniki layihələrin, xüsusilə cəbhə bölgələrindən olan ukraynalı uşaqların reabilitasiyasına yardımın və müdafiə sektorunda əməkdaşlığın əhəmiyyətini qeyd edib.

“Krımın işğaldan azad edilməsində Türkiyənin rolu müstəsna ola bilər. Əsas odur ki, onun Ukraynanın ərazi bütövlüyünə ardıcıl dəstəyidir”, – deyə Cəlal yekunlaşdırıb.

Seçilən
2
moderator.az

1Mənbələr