AZ

Doğrudanmı, dünyanı ağıl idarə edir?!

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Əslində isə dünya elə bir balaca kəndə dönüb ki, harasında yaşayırsansa, yaşa, hadisələr həmişə sənin yaxınlığında baş verir.

Dünyanı keçmişdəki kimi filosoflar idarə etmir artıq. Heç filoloqlar da idarə etmir. Dünyanı degenerat generallar, siyasi polismenlər və həris biznesmenlər idarə edir. Odur ki, Dünyanın bir yerində atılan güllə hər yerində hər kəsə dəyir".

Bu fikirləri xeyli vaxt bundan əvvəl yazmışdım. İndi də bu fikirdə qalıram və düşünürəm, əslində dünyanı fikir xilas edəcək. "Yüz fikir bir borcu ödəmir" məsəlinə bir zaman ironiya etmişdim: "Yüz fikir bir krediti ödəmir".

Niyəsi bəllidir: mən "yüz filir bir borcu ödəmir" deyimi ilə razı deyiləm. Yüz səmərəsiz fikir, əlbəttə, bir borcu ödəməz. Ancaq bir ağıllı fikir bir deyil, lap yüz borcu da ödəyə bilər.

Dünyanı fikir adamları, ya da onların fikirləri idarə etsə, bütün bəşəriyyət xoşbəxt olardı. Məsələn, dünyanın bütün ölkələrində (istisnasız olaraq) korrupsiya var. Birində lap az, birində lap çox. Ancaq həmin bu dünya yüksək alman ağlının yetirdiyi filosofun - Artur Şopemhauerin bir kəlməsi ilə korrupsiyadan tam azad ola bilərdi. Şopenhauer belə demişdi: "Əslində xoşbəxt olmaq üçün insana çox şey lazım deyil".

Amma baxın: dünyada hamı, ya da, demək olar, hamı elə bilir ki, xoşbəxt olmaq üçün ona həyatda çox şey lazımdır. O "çox şey" dediyini əldə etmək üçün insan dayanmadan vurub-yıxır, çalıb-çapır, söküb-tökür. Əlinə dövlət səlahiyyəti keçənlər büdcəni nəyə görə talayır?! Çünki o adam Şopenhaueri ya ümumiyyətlə oxumayıb, ya da oxuyub, amma o fikri dərk etməyib, qəbul etməyib.

Baxın: biz Sovet dövrünün uşaqları o dövlətin - Sovet dövlətinin içindən öz dövlətimizi tapıb çıxarmışıq. Elə deyilmi?! Məlumdur: indiki müstəqil dövlət bir fikirdən başlamışdı. İlk fikir belə idi: xalq öz taleyinin yiyəsidir. Elədirsə, deməli, öz taleyinə həqiqi mənada yiyəlik etməlidir.

Bu fikir şüara yazıldı, bu şüar isə ictimai şüura qazıldı. Hamılıqla qəbul olundu. Dövlət belə yarandı. Deməli, hər cür proqressin təməli fikirdir.

Elə götürək, Mövlanə Cəlaləddin Ruminin "Ya olduğun kimi görün, ya göründüyün kimi ol" fikrini. Bunu oxumayan, yaxud eşitməyən bir kimsə yoxdur. Həmin fikri özünün həyat prinsipinə çevirə bilən heç kimsə yalan danışmaz. Bu, bütöv ölkələri, xalqarı idarə edənlərə daha çox aiddir. Ruminin fikrini rəhbər tutan rəhbər öz xalqına yalan danışmaz və özü də yalanı qəbul etməz. Kimsə ona gəlib: "Xalq yaxşı yaşayır" deyəndə, bu, yalandırsa, inanmaz, xalqın yaxşı yaşadığını sanıb, rahat olmaq əvəzinə, bunun əksini görüb narahat olar və aradan qaldırmağa çalışar.

Böyük yazıçı Viktor Hüqo həm də Fransa parlamentinin üzvü olmuşdu. O, deputat kürsüsündən hökumətə xitabən belə bir cümlə işlətmişdi: "Siz yardım edilən yoxsullar istəyirsiniz, mən isə ortadan qaldırılmış yoxsulluq".

Görürsünüzmü, bir dərin və dəqiq fikir necə yüksək ədalət və sonsuz səadət yarada bilər. Əgər dövlət daha çox yoxsula kömək etdiyi ilə deyil, yoxsulluğu aradan qaldırması ilə qürur duymaq istəsə, yoxsul da qalmaz.

İndiki parlamentlərdə Hüqo miqyasında şəxsiyyətlər olsaydı, dünyada əzəli ədalət və əbədi səadət hökm sürərdi, əsarət və fəlakət deyil.

Bilirsiniz, böyük şəxsiyyətlər yaradıcı gücdür, böyük dövlətlər isə dağıdıcı gücdür. Bu fikirlə mübahisə etməyə tələsməyin, dünyadakı indiki reallığa baxın: böyük ölkələrin hakimiyyətlərinə həmişə elə gəlir ki, mütləq haranısa dağıtmalıdırlar. Onlar bütöv ölkələri sonradan təzədən qurmaq üçün... dağıdırlar. Çünki dağıtmaq silah satmaq deməkdir. Təzədən qurmaq isə orada inşaatdan pul qazanmaq imkanı verir. Məsələn, Suriyanı dağıdıblar, elə deyilmi?! Öz ordularını - əsgərlərini göndərdilər, dağıtdılar, bundan sonra isə öz şirkətlərini - biznesmenlərini göndərib, təzədən quracaqlar. Yaxud Ukraynada bu gün Rusiya raketlərinin dağıtdığı hər zavod, hər ev, hər kənd, hər şəhər sabah böyük dövlətlər, nəhəng şirkətlər üçün yeni gəlir mənbəyidir. Gələcək inşaat meydançalarıdır.

Niyə?! Çünki dünyanı filosoflar idarə etmir. Bəşəriyyət öz taleyini ağlın gücünə deyil, qolun gücünə həvalə etdiyi gün öz fəlakətinin bünövrəsini qoyub. İndi isə cini şüşəyə qaytarmaq çox çətindir.

Tarix boyu vurulan hər ağıllı baş insanlığın itkisi, eləcə də, o hökmü verən rəhbərlərin özlərinin məğlubiyyəti idi. Çünki hər ağıllı, müdrik, miqyaslı şəxsiyyət mənsub olduğu ölkənin təbii sərvətidir. Hər gedən ağıllı adamla o ölkənin (dünyanın) ağlı azalırdı. Sokrat onu mühakimə edənlərə, edam etdirən iqtidara nə demişdi?! Demişdi: "Mən sizi ayıltmağa çalışıram, siz məni öldürürsünüz".

Bu, indi də eynilə davam edir: fikir adamları kimi ayıtmağa çalışırsa, elə o adamların da qəzəbinə gəlir. Çünki dünyanı, eləcə də, ayrı-ayrı ölkələri fikir adamları - ağıllı başlar, ağıllı fikirlər idar etmir. Filosofları Akademiyanın uzaq, qaranlıq künclərinə "həbs etmişik", ya da ən yaxşı halda Universitet auditoriyasında gizlətmişik.

Ona görə mən demişdim: "Dünyanı degenerat generallar, siyasi polismenlər və həris biznesmenlər idarə edir".

Və nəticədə fikir heç bir borcu ödəyə bilmir. Öz biorcunu belə.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
bizimyol.info

1Mənbələr