AZ

Bizim həyət sağlam ekoloji mühit

ain.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması məqsədi ilə istifadə edilməsi ölkəmizdə aparılan sosial-iqtisadi islahatların tərkib hissəsidir. Ölkə rəhbərliyinin ekoloji məsələlərə göstərdiyi diqqət sayəsində ətraf mühitin yaxşılaşdırılması istiqamətində son 22 ərizində bir sıra layihələr həyata keçirilib, ekoloji problemlərin həllinə yönəlmiş tədbirlər görülüb. Ölkəmizin zəngin təbiətini qorumaq, bərpa etmək üçün yeni layihələr həyata keçirilir. Ekoloji tarazlığın qorunması, təbii ehtiyatların, o cümlədən, faydalı qazıntıların, su, torpaq, hava kimi əvəzsiz sərvətlərin, meşələrin və biomüxtəlifliyin mühafizəsi sahəsində mövcud olan dövlət proqramları çərçivəsində mövcud ekoloji problemlərin həlli istiqamətində müvafiq tədbirlər həyata keçirilib və bu gün də davam etdirilir. Belə ki, çirklənmiş torpaqların ekoloji vəziyyətinin sağlamlaşdırılması, neftlə çirklənmiş torpaqların, eləcə də müxtəlif maddələrlə çirklənmiş göl və gölməçələrin bərpası istiqamətində tədbirlər görülüb. İnsanların rahatlığı, firavanlığı, onların sosial rifahının yüksəlməsi məqsədi ilə ölkəmizdə davamlı olaraq tədbirlər həyata keçirilir. Bu insan amilinə olan diqqət və qayğıdır. Əlbəttə ki, bugünki dünyamızda insanların istirahəti, ekoloji cəhətdən sağlam mühitin yaradılması məqsədi ilə davamlı tədbirlər reallaşır.

Şəhərətrafı yaşıllıqların salınması insanların sosial həyatı və sağlamlığı üçün faydalı olmasını nəzər alaraq, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Bizim həyət" layihəsi də uğurla davam etdirilir. "Bizim həyət" layihəsinin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpasıdır. Bütün bunlarla yanaşı, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılması da məqsəd olaraq daim diqqətdə saxlanılır.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə "Bizim həyət" layihəsi 2017-ci ildən etibarən icra olunur. Layihənin əsas məqsədi paytaxt ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad olması, yaşıllıqların bərpası, mənalı istirahət mühitinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır. "Bizim həyət" layihəsi çərçivəsində bu günədək 159 ümumi yaşayış sahəsi abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib. Artıq Bakının bir sıra rayonlarında Nəsimi, Nərimanov, Xətai, Binəqədi rayon ərazilərindəki bəzi məhəllələrdə bu layihə reallaşıb.

"Bizim həyət" layihəsi çərçivəsində reallaşan layihələr çərçivəsində abadlaşdırılan həyətlərdə əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti nəzərə alınıb. Belə ki, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarını səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin formalaşdırılması məqsədilə müxtəlif idman qurğuları, futbol meydançaları, şahmat meydançaları, uşaqlar üçün oyun meydançaları, velosiped yolu salınıb. Görülən işlər insanların rahat bir şəkildə istirahətlərinin, asudə vaxtlarının təşkilində əhəmiyyətlidir. Əminliklə qeyd edək ki, layihə çərçivəsində sakinlərin istək və maraqları nəzərə alınıb və yeni liftlər, işıqlandırma dirəkləri, yanğın hidrantları quraşdırılıb. Həyətlərin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq ağaclar əkilib və ərazidə yaşıllıq zolaqları salınıb.

EKOLOJİ SAĞLAMLIĞIN TƏMİNİ

Bu yaxınlarda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli "AB" yaşayış sahəsində yerləşən çoxmərtəbəli binaları əhatə edən, 3500-dən çox sakinin yaşadığı həyət abadlaşdırılaraq sakinlərin istifadəsinə verildi. "Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılmış digər ərazilərdə olduğu kimi, yenidən qurulmuş bu həyətdə də sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb. Həyətyanı sahədə söhbətgahlar, çoxsaylı oturacaqlar, quş yuvaları və pişik evləri quraşdırılıb. Həyətdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları yerləşdirilib, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü, elektrik xətləri yenilənib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, müxtəlif növ yeni ağaclar və mövsümi güllər, eləcə də kol bitkiləri əkilərək yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətrafında sıx bitən, havanın çirklənməsinin qarşısını almaq məqsədilə adi daşsarmaşığı və digər sarmaşan bitkilər əkilərək "yaşıl sədlər" yaradılıb.

Ölkəmizin zəngin flora və faunasının qorunması, ekoloji durumun daha da yaxşılaşdırılması, Bakının yaşıllıqlar şəhərinə çevrilməsi istiqamətində tədbirlər davam etdirilir. İnsanların sağlam təbii mühitdə və şəraitdə yaşaması naminə görülən səmərəli işlər təqdirəlayiqdir. Ətraf mühitin, suların təmiz, havamızın saf olması üçün bunu özümüzün vətəndaşlıq borcumuz olduğunu dərk etməliyik.

Ölkəmizdə ekoloji sağlamlığın təmini, gələcək nəsillərə təmiz ekoloji mühitin ötürülməsi məqsədilə müvafiq addımlar atılır. Azərbaycanın mövcud təbii-coğrafi şəraiti, zəngin təbii ehtiyatları ekoloji təhlükəsizliyinin daim diqqət mərkəzində olmasını tələb edir. Son illərdə ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli, təbii ehtiyatlardan səmərəli istifadə edilməsinin hüquqi bazasının yaradılması istiqamətində respublikamızda müəyyən işlər görülüb. Azərbaycan qlobal ekoloji problemlərin həllində aktiv iştirak etməklə, regional və beynəlxalq səviyyədə geniş fəaliyyət göstərir. Beynəxalq konvensiyaların ratifikasiyası, beynəlxalq sahədə əməkdaşlığın genişlənməsi, eyni zamanda milli səviyyədə qanunların qəbulu və həyata keçirilməsi sübutedici faktorlardır.

Əlbəttə ki, ətraf-mühitin mühafizəsi istiqamətində IDEA kampaniyasının fəaliyyəti danılmazdır. 2011-ci il 12 iyul tarixindən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ideyası əsasında fəaliyyətə başlayan kompaniya ölkə daxili, həmçinin xarici fəaliyyəti ilə uğurlara imza atır. Kampaniyanın təşkilatçılığı ilə reallaşan müxtəlif layihə və tədbirlər ekoloji şüurun formalaşmasına, ekoloji təhsilin artırılmasına xidmət edir. Təqdirəlayiq xüsusiyyət isə hər bir layihənin gənc nəslin təşəbbüsü, iştirakı və rəhbərliyi ilə gerçəkləşməsidir.

"HƏR BİR İNSAN TƏBİƏTİ SEVMƏLİ VƏ ONA QAYĞI GÖSTƏRMƏLİDİR"

Leyla Əliyeva IDEA İctimai Birliyinin sədri olaraq təbiətin qorunması istiqamətində bir sıra layihələrə imza atıb. İDEA ətraf mühit kampaniyası regionda ətraf mühit məsələləri ilə məşğul olan ən böyük təşkilatdır. Bu kampaniya çərçivəsində BMT İnkişaf Proqramı ilə saziş imzalanıb, Qəbələdə gənc ekoloqlar üçün beynəlxalq düşərgə keçirilib. Müasir dövrümüzdə ekologiya və ətraf mühitin qorunması vacib məsələlərdən olduğundan, ekoloji problemlərin nəticələri diqqətdədir. Leyla xanım Əliyevanın, müsahibələrinin birində dediyi kimi, biz planetimizə görə məsuliyyət hiss etməli və bioloji müxtəlifliyin, həyatımızı nəinki sağlam, həm də maraqlı və rəngarəng edən nə varsa, hamısının qorunub- saxlanmasına birgə töhfə verməliyik.

"Hər bir insan təbiəti sevməli və ona qayğı göstərməlidir", - deyir Leyla Əliyeva. Təbiəti sevməməyin mümkün olmadığı qənaətindədir: "İnsan və təbiət malik olduğumuz ən dəyərli nemətlərdir". Belə prinsiplə ekolji mühitin qorunmasına çalışaraq kifayət qədər layihələrin müəllifinə çevrilib. Bu, "Bir planet - bir gələcək" devizini bir daha təsdiq edir. İDEA Azərbaycanda "Böyük Qafqaz beşliyi" deyilən, yox olmaq təhlükəsi ilə üzləşən beş heyvan növünü müəyyən edib. "Biz məhv olmaq təhlükəsi ilə üzləşən heyvanların yox olmasının qarşısını almağa çalışırıq", deyərək ovçuluğun bütün dünyada mövcudluğunu dilə gətirib: "Bu, qəbul ediləndir və bəzən hətta faydalıdır. Lakin adları "Qırmızı kitab"a daxil olan heyvanlar öldürülməməlidir, onlar qorunmalıdır. Bunun üçün biz fəal təbliğat işi aparırıq, izah edirik, danışırıq. Ən başlıcası bu haqda düşünməkdir. Ceyranların reproduksiyası ilə bağlı bizim layihələrimiz olub. Mənim üçün ən vacib layihələrdən biri də Qafqaz bəbirinin qorunub saxlanmasıdır".

Əlbəttə ki, təbiətə zəruri qayğı sağlam ekoloji mühitlə təmin olunmağımızdır.

Zümrüd BAYRAMOVA

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
sesqazeti.az

1Mənbələr