AZ

“Elə ixtisaslar var ki, süni intellekt orada müəllimi əvəz edə bilməz” ELÇİN ƏFƏNDİ FOTO

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi dövrdə süni intellekt (Aİ) bir çox sahələrdə insanların gündəlik fəaliyyətlərinə inteqrasiya olunmağa başlayıb. Xüsusilə təhsil sahəsində Aİ-ın tətbiqi, dərslərin fərdiləşdirilməsi, qiymətləndirmə proseslərinin avtomatlaşdırılması və tədris materiallarının daha interaktiv şəkildə təqdim olunması baxımından diqqət çəkir. Artıq bir çox ölkələrdə müəllimlərin köməkçisi kimi fəaliyyət göstərən süni intellekt sistemləri şagirdlərin öyrənmə səviyyəsini təhlil edib, onlara uyğun tapşırıqlar təklif edir və fərdi yanaşmanı təmin edir.

Lakin bütün bu texnoloji nailiyyətlərə baxmayaraq, müəllimlərin sinifdəki emosional zəkanı, şagirdlərlə ünsiyyət bacarığı və pedaqoji yanaşması hələ də əvəzolunmaz hesab olunur. Təhsildə insan amili və mənəvi dəyərlərin rolu azaldılmadan texnologiyanın imkanlarından necə balanslı şəkildə istifadə etmək olar?

Süni intellekt gələcək dövrlərdə müəllimlərin yerini ala bilərmi?

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Avtosfer.az-a açıqlamasında bildirib ki, süni intellektin inkişafı, o cümlədən informasiya texnologiyalarının inkişafı, artıq gələcəklə bağlı müəyyən ixtisasların, müəyyən peşələrin süni intellekt tərəfindən idarə olunmasını deməyə əsas verir:

“O cümlədən də pedaqoji yönümlü ixtisasların. Bununla bağlı bu yaxınlarda “Microsoft” şirkətinin quruluş rəhbərliyindən açıqlaması var idi. O, daha qısa tarix elan etmişdi. Təxminən 2035-ci ildə artıq müəllimlik sahəsində süni intellektin təsir göstərəcəyini bildirmişdi.

Düzdür, bizim ölkədə hal-hazırda bununla bağlı müəyyən işlər görülsə də, daha erkən dövrdə süni intellektin müəllimləri əvəz edəcəyini gözləmirəm. Bizim üçün bu 15-20 il sonranı əhatə edə bilər. Bütün sahələrdə yox, xüsusən də müəllimlik sahəsində demək olmaz ki, süni intellekt bütün ixtisaslara təsir göstərəcək.

Çünki elə ixtisaslar var ki, laboratoriya şəraiti tələb olunur, laboratoriya şəraitində dərslər tələb olunur. Bu zaman süni intellekt artıq orada müəllim funksiyasını əvəz edə bilməyəcək. Amma qalan humanitar yönümlü sahələrdə, daha çox danışıq üzərindən qurulan sahələrdə isə əvəz etmək iqtidarında olacaq”.

Ekspert əlavə edib ki, bu bir tərəfdən texnologiyanın inkişafı baxımından müsbət məqam kimi dəyərləndirilirsə də, insanların artıq bəzi peşə istiqamətində iş imkanlarının məhdudlaşdırılması kimi dəyərləndirilə bilər:

“Ona görə də biz çalışmalıyıq ki, burada balansı saxlayaq. Yəni, insanlar da əmək fəaliyyətini davam etdirsin. Paralelində isə süni intellekt yalnız vacib olan istiqamətlərdə yaratdığı imkanlardan maksimum istifadə edə bilər”.

Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
avtosfer.az

1Mənbələr