Yeni bir araşdırma sahil bölgələrində yaşamağın insan ömrünü uzatdığını göstərib. Təmiz hava, mülayim iqlim və daha sağlam yaşayış şəraiti sahil həyatını üstün edir.
Sherg.az xəbər verir ki, Ohaio Dövlət Universitetindən tədqiqatçılar 66 min 263 nəfərin əhalə qeydiyyat sənədlərini araşdıraraq, insan ömrü ilə su hövzələrinə yaxınlıq arasındakı əlaqəni təhlil ediblər.
Əldə olunan nəticələrə görə, dəniz kənarında yaşayanlar orta hesabla bir il daha uzun ömür sürürlər. Şəhər mühitində yaşayanların isə ömrü daha qısa olur.
Araşdırmaya rəhbərlik edən ətraf mühit sağlamlığı üzrə alim Jianyonq Vu bildirib:
“Kıyı bölgələrində yaşayanların orta ömrü 79 il olduğu halda, bu göstərici şəhər ərazilərində 78 ilə qədər düşür.”
Tədqiqat birbaşa səbəb-nəticə əlaqəsini sübut etməsə də, diqqətəlayiq bir əlaqəyə işarə edir. Bəs dəniz kənarında yaşamağın bu müsbət təsirinin səbəbləri nədir? Araşdırmalara görə, sahil bölgələrində hava daha az dərəcədə isti və ya çox soyuq olur, hava keyfiyyəti daha yüksəkdir və insanlar üçün fiziki aktivlik imkanları daha çoxdur.
Həmçinin sahil bölgələrindəki əmlakların daha baha olması bu ərazilərdə yaşayanların sosial-iqtisadi baxımdan üstün mövqedə olduqlarını göstərir.
Daxili su hövzələrinin yerləşdiyi ərazilərdə isə vəziyyət daha mürəkkəbdir. Araşdırma göstərib ki, kənd ərazilərində yerləşən göl və çay kənarlarının ömürə müəyyən müsbət təsiri olsa da, bu təsir sahil həyatına nisbətən daha zəifdir.
Şəhərlərdə yerləşən göl və çay sahillərində isə nəticələr əksinədir – orada ömür daha da qısalır.
Ohaio Dövlət Universitetindən ekoloji coğrafiya mütəxəssisi Yanni Cao qeyd edib:
“Çirklənmə, yoxsulluq, təhlükəsiz fiziki fəaliyyət sahələrinin olmaması və daşqın riski daxili su hövzələri olan şəhər ərazilərində daha az ömrün mümkün səbəbləri sırasındadır.”