Soyuq suyun bədənə faydalı təsirləri çoxdan məlumdur. Lakin başın üzərinə birbaşa soyuq su tökmək düşündüyünüz qədər zərərsiz deyil.
E-saglam.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, bu vərdiş xüsusilə ürək və sinir sistemi xəstəlikləri olan insanlar üçün həyati risklər daşıya bilər.
1. Soyuq şok reaksiyası
Başınıza birdən soyuq su töküldükdə bədən “soyuq şok” reaksiyası verir. Qan damarları qəfil yığılır, qan təzyiqi və ürək döyüntüləri artır. Bu, xüsusilə hipertoniya, ürək ritm pozğunluğu və digər ürək xəstəlikləri olan insanlar üçün aritmiya və hətta infarkt riskini yüksəldə bilər.
2. Baş ağrısı və “beyin donması”
Soyuq su üz və baş dərisindəki sinirləri sürətlə soyudur. Bu, “soyuq baş ağrısı” və ya “beyin donması” kimi tanınan kəskin ağrılara səbəb ola bilər. Bu hal tez-tez üz sinuslarının qəfil soyuması nəticəsində baş verir.
3. Başgicəllənmə və tarazlıq pozuntuları
Soyuq su daxili və xarici qulaq arasında istilik fərqi yaradaraq vestibulyar sistemə təsir edə bilər. Nəticədə başgicəllənmə, tarazlıq itkisi və bəzi hallarda huşun itməsi baş verə bilər.
4. Üz sinirlərində müvəqqəti pozuntu
Qəfil soyutma üz sinirlərində qıcıqlanmaya səbəb ola bilər. Bu isə üz əzələlərində ağrı, uyuşma və ya keçici zəiflik şəklində özünü göstərə bilər.
5. Zehni funksiyaların zəifləməsi
Başın uzun müddət soyuq suya məruz qalması beyin temperaturunun düşməsinə səbəb ola bilər. Bu isə yorğunluq, diqqət dağınıqlığı və qərarvermə qabiliyyətinin zəifləməsi ilə nəticələnə bilər. Xüsusilə tək səfər edənlər və ya sükan arxasında olanlar üçün bu hal ciddi təhlükə yarada bilər.
6. Mütəxəssislərin tövsiyələri
Başınıza birdən-birə soyuq su tökməyin. Əvvəlcə çiyin və boyun hissəsini soyudaraq bədəni alışdırın.
Nəfəsi nəzarətdə saxlayın, ani soyuqla təmasda çaxnaşma tənəffüsü baş verə bilər.
Qulaqları qoruyun. Soyuq suda silikon tıxac və ya neopren papaq istifadə edin.
Soyuq su ilə təmasdan sonra dərhal isti mühitə keçməyin. Yavaş-yavaş istiləşin, isti duş və isti içkilər qəbul edin.
Ürək, təzyiq və diabet xəstələri soyuq su tətbiqlərini yalnız həkim nəzarətində etməlidirlər.
Tərcümə: Könül Oruc
E-saglam.az