AZ

Meşə yanğınları niyə artıb?

Hər il yay aylarında dünyanın müxtəlif ölkələrində meşə yanğınları baş verir. Təəssüf ki, bu təhlükə Azərbaycandan da yan keçmir. Ekoloq Ənvər Əliyev Metbuat.az-a açıqlamasında meşə yanğınlarının səbəblərindən danışıb. O bildirib ki, Azərbaycan meşə sahəsinə görə dünya ölkələrinə nisbətən geridədir: “Dünyanın ən böyük meşə sahəsinə malik ölkələrindən biri Rusiyadır. Sonra Kanada, İsveç və Finlandiya gəlir. Amma biz, yəni Azərbaycan meşə sahəsinə görə çox geridə qalmışıq. Hətta Gürcüstandan və bəzi digər kiçik ölkələrdən də geri düşmüşük. Ona görə də meşə sahələrimizdən səmərəli istifadə etməli və şəhərimizdəki meşə örtüyünə xüsusi diqqət yetirməliyik. Meşə yanğınlarının başlıca iki səbəbi var: təbii və insan fəaliyyəti. Təbii səbəblərə misal olaraq, isti yay günlərində ildırım vurması zamanı baş verən yanğınları göstərmək olar. Vulkanik püskürmələr və təbii partlayışlar da yanğınlara səbəb ola bilir”. Ekoloqun sözlərinə görə, dünyanın bir çox bölgəsində baş verən meşə yanğınlarının 70-80 faizi məhz insan fəaliyyəti ilə bağlıdır: “Tarix boyu müharibələr zamanı meşələr qəsdən yandırılıb, bu da böyük təhlükə yaradırdı. Hazırda Azərbaycanın ərazisinin təxminən 11-12 faizi meşəliklə örtülüdür. Son illərdə isə bəzi bölgələrdə, məsələn, Qəbələ, İsmayıllı, Oğuz tərəflərdə meşə yanğınları baş verib. Bu yanğınlar əsasən iki şəraitdə baş verir: birincisi, seyrək meşəliklərdə quru ot və bitkilər olur, isti havada bu otlar asanlıqla alışır; ikincisi isə insan fəaliyyəti nəticəsində, məsələn, ocaq qalamaq, siqaret atmaq və ya şüşə qırıqlarının günəş şüasını fokuslayaraq alışmaya səbəb olmasıdır. Meşənin döşənəyi, yəni uzun müddət yerə tökülən yarpaqlar, budaqlar alışmaya çox həssasdır. Bu töküntülər alışdıqda, meşədəki torpaq formalaşdıran mikroorqanizmlər, bakteriyalar, həşəratlar və digər canlılar da məhv olur. Bu canlılar torpaq əmələgəlmə prosesində əsas rol oynayır, humus qatını yaradır. Onların məhv olması nəticəsində torpağın bərpası üçün uzun illər, bəzən 200-300 il lazım ola bilər”. Ə.Əliyev qeyd edib ki, meşələri qorumaq üçün insan fəaliyyəti ciddi nəzarətdə olmalıdır: “İnsanların, xüsusən uşaqların meşələrdə ehtiyatsız davranışı – ocaq qalamaq, söndürmədən buraxmaq, siqaret atmaq və s. böyük təhlükə yaradır. Şüşə qırıqları belə yanğına səbəb ola bilir. Meşənin giriş hissələrində bu barədə xəbərdarlıq lövhələri yerləşdirilməlidir. Hansı davranışlara yol verilməməsi, hansı qaydalara əməl olunması və meşələrin qorunması yolları haqqında maarifləndirici məlumatlar verilməlidir. Azərbaycanda meşə ehtiyatı az olduğundan, biz daha çox diqqətli və məsuliyyətli olmalıyıq. Xüsusilə də yay aylarında – iyul və avqustda havalar olduqca isti keçir və bu dövrlərdə risk daha yüksək olur. Meşələrə münasibətimiz ciddi olmalı, onları qorumaq ümumi məsuliyyət kimi qəbul edilməlidir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
7
metbuat.az

1Mənbələr