AZ

Bu şəxslərə ömürlük həbs cəzası verilə bilməz

Xəbər verdiyimiz kimi, İtaliya parlamenti qadınlara qarşı törədilən qətllərlə bağlı cəzaların sərtləşdirilməsinə dair qanun layihəsini təsdiqləyib. Qanuna əsasən, qadınlara qarşı törədilən qəsdən qətl hallarında təqsirləndirilən şəxslərə birbaşa ömürlük həbs cəzası veriləcək. Bu qanun Azərbaycanda da müzakirələrə səbəb olub. Hüquqşünas Elşad İsayev məsələ ilə bağlı Metbuat.az-a açıqlamasında bildirib ki, Azərbaycan qanunvericiliyində ömürlük azadlıqdan məhrum etmə cəzası mövcuddur. Lakin bu, yalnız istisna hallarda tətbiq olunur:“Cinayət Məcəlləsinin bir çox maddələrinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub. Bu cəza daha çox soyqırım, təcavüzkar müharibə, əhalini zorla deportasiya etmə, ağırlaşdırıcı hallarda adam öldürmə, dövlətə xəyanət, terrorçuluq və digər ağır cinayətlər üçün nəzərdə tutulur".Hüquqşünas qeyd edib ki, ömürlük həbs cəzası bütün şəxslərə tətbiq edilmir:“Qanunvericiliyə əsasən, ömürlük azadlıqdan məhrum etmə qadınlara, cinayət törədərkən 18 yaşı tamam olmamış şəxslərə, eləcə də hökm çıxarılan vaxt 65 yaşı tamam olmuş kişilərə qarşı tətbiq edilmir. Həmçinin bu cəza cinayətə hazırlıq və ya cəhd hallarında da verilməz".Elşad İsayev həmçinin bu cəzanın şərti azadolma imkanına da malik olduğunu vurğulayıb:“Məhkum ən azı 25 il həbsdə saxlanıldıqdan sonra məhkəmə onun davranışlarını nəzərə alaraq ömürlük cəzanı 10 ilədək azadlıqdan məhrumetmə ilə əvəz edə və ya onu şərti olaraq azad edə bilər. Əfv aktı ilə də ömürlük cəza 25 ildən çox olmayan müddətə azadlıqdan məhrumetmə ilə əvəz edilə bilər".

Ülkər Cəlilzadə / Metbuat.az

Seçilən
1
metbuat.az

1Mənbələr