BAKI, 4 avqust. TELEQRAF
Azərbaycanda terrora hazırlıqda təqsirləndirilən Abdulla Əliyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə şahid M.A. ifadə verib:
"Mən 2024-cü ilin noyabr ayında “Instagram” sosial şəbəkəsi vasitəsilə Abdulla ilə tanış oldum, daha sonra onunla mütəmadi yazışmağa başladıq. O, mənə İŞİD-lə bağlı danışdı. Hətta orada tanışının da olduğunu dedi. Bir həftə sonra mənə qrup göndərdi. Daxil oldum. Oxudum. Sonra başqa gizli qrup göndərdi. Üzv olmağımı istədi. Bir müddət sonra mənə sinaqoqa hücum edəcəyini dedi və bunun üçün məndən balta, bıçaq, molotov kokteyli, əlcək istədi. O mənə dedi ki, buradan sonra vaxtı çatanda başqa yerləri də partladacaqdır. Dedi ki, mən öləndən sonra işimi davam elətdir. Mənə məkan göndərdi. Getdim. Maşına mindi və biz sinaqoq istiqamətində hərəkət etdik. Yolda bizi DTX əməkdaşları saxladı. Baxış keçirildi. Maşından və Abdullanın üzərindən ona məxsus əşyalar və yandırıcı maddələr aşkar olundu”.
Növbəti məhkəmə prosesi sentyabrın 22-nə təyin edilib.
Abdulla Əliyev AR Cinayət Məcəlləsinin 28, 214.2.1 (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 28, 214.2.3 (terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 28, 214.2.6 (terrorçuluq, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə), 218.2-ci (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) maddələri ilə ittiham olunur.
İttihama görə, o, Bakıda yəhudi sinaqoquna “Molotov kokteyli” ilə hücuma hazırlaşan zaman DTX əməkdaşları tərəfindən saxlanılıb.
Sumqayıt şəhərində yaşayan, “İŞİD Xorasan” terror təşkilatına bağlı olan 18 yaşlı Abdulla Əliyev “Bakı Dağ Yəhudiləri Sinaqoqu”na qarşı terror aktı həyata keçirməyə hazırlaşıb.
O, ötən il dekabrın 28-də avtomobillə yəhudi sinaqoquna yaxınlaşıb və “Molotov kokteyli” və digər silah qismində istifadə etmək istədiyi əşya və predmetlərlə sinaqoqa hücum etməyə hazırlaşıb.
Əməliyyat zamanı Abdulla Əliyevin üzərindən və avtomobilindən silah qismində istifadə etmək istədiyi əşya və predmetlər aşkar edilərək götürülüb.