Hər il minlərlə gəncin qarşısında duran çətin qərarlardan biri ixtisas seçimidir. Bu qərar onların həm ali təhsildəki istiqamətini, həm də gələcək peşə həyatını müəyyən edir. Bəs abituriyentlər ixtisas seçimi edərkən nələrə diqqət yetirməlidirlər? Təhsil eksperti Rizvan Fikrətoğlu Metbuat.az-a açıqlamasında bildirib ki, ixtisas seçimi abituriyentin gələcəyinə yön verməyin əsas mərhələlərindən biridir. Burada mütləq maraq və bacarıqlar nəzərə alınmalıdır: “Yəni abituriyent öyrənməkdən həzz aldığı sahəni seçməlidir. Uğur və davamlılıq üçün motivasiya burada çox vacibdir. Motivasiyası olan sahəni seçəndə insan burada daha çox uğur qazana bilər. Abituriyent dərslərdə və imtahanlarda güclü olduğu fənləri də nəzərə almalıdır. Riyaziyyat, fizika, dillər, yəni hansı sahə daha maraqlıdırsa, o sahə seçilməlidir. Ballar və qəbul şərtləri də çox önəmlidir. Hər ixtisas qrupu üzrə tələb olunan minimum ümumi bal və fənn balı məsələsi var, yəni bu ballar ödənilməlidir”. Ekspertin vurğulayıb ki, təhsil müəssisələri müəyyən sayda dövlət sifarişi və ödənişli yer ayırır, ona görə də seçim elə aparılmalıdır ki, abituriyent topladığı balla ödənişsiz yerə qəbul ola bilsin:"Bundan əlavə, yeni ixtisaslar da diqqətdə saxlanmalıdır ki, əmək bazarında həmin ixtisaslara tələbat olsun. Abituriyentlər valideynləri və təhsil mütəxəssisləri ilə məsləhətləşə, eyni zamanda özləri də araşdırma apararaq hansı ixtisaslara daha çox tələbat olduğunu öyrənə bilərlər. Məsələn, mənə hansı ixtisaslara tələbatın çox olduğu sualı veriləndə tövsiyə edirəm ki, iş elanları saytlarına daxil olub baxsınlar: ən çox hansı sahələr üzrə mütəxəssis axtarılır. Bu, onların qərar verməsinə kömək edə bilər".
Sevinc İbrahimzadə / Metbuat.az