AZ

200-ə yaxın qadın fermer aqrar sığorta ödənişi alıb

Finss.az - Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi barədə əhalinin və fermerlərin məlumatlandırılması üzrə işlər davam edir.

Bu işlər çərçivəsində Aqrar Sığorta Fondu və Azərbaycan Kənd Qadınları Assosiasiyası arasında “Azərbaycanda qadın fermerlər və aqrar sığorta” mövzusunda onlayn formatda görüş keçirilib.

Görüşdə Aqrar Sığorta Fondunun və «Aqrar Sığorta Müştərək Sığorta Şirkəti» ASC-nin rəhbər şəxsləri, Azərbaycan Kənd Qadınları Assosiasiyasının rəhbərliyi və idarə heyəti üzləri iştirak edib.

Bakı, Balakən, Qax, Zaqatala, Ağdam və sair rayonlardan müxtəlif sahələrdə çalışan qadın fermerlərin qatıldığı görüşdə ASF-nin idarə heyətinin üzvü Roman Əmircanov aqrar sığorta mexanizmi, onun əhəmiyyəti və kənd təsərrüfatına dəstək sahəsində bu mexanizmin rolu barədə geniş məlumat verib.

Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il 19 avqust tarixli fərmanı ilə tətbiqinə başlanan aqrar sığorta bitkiçilik, heyvandarlıq və balıqçılıq təsərrüfatlarını əhatə edir. Hazırda Aqrar Sığorta Fondu tərəfindən 41 növ bitki növü, eləcə də iri və xırda buynuzlu heyvanlar sığortalanır.

Görüşdə aqrar sığortanın əşatə etdiyi risklər barədə geniş məlumat verilib, bildirilib ki, aqrar sığorta təsərrüfatları təbii fəlakətlər, fırtına-qasırğa, yanğın, şaxtavurma, sel-subasma, vəhşi heyvanların və quşların hücumu, 3-cü şəxslərin hərəkətləri və sair risklərdən qoruyur. Sığorta haqqının 50%-nin dövlət tərəfindən ödənilməsi isə fermerlərə cüzi ödənişlə sığortalanmağa imkan verir.

Görüşdə Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qasımova aqrar sığortanın əhəmiyyəti və onun fermerlərə yaratdığı üstünlükləri qeyd edərək mexanizmin təbliğatının vacibliyini bildirib.

Qadın fermerlər aqrar sığortanın əhatə etdiyi torpaq sahələrinin sənədləşməsi, sığortanın qoruduğu hadisələr, indiyədək edilən sığotrta ödənişləri və sair barədə suallar səsləndirib və onlara geniş məlumat verilib.

Bildirilib ki, hazırda Aqrar Sığorta Fondu ilə bağlanan aqrar sığorta müqavilələrinin təqribən 9%-i qadın fermerlərin payına düşür və bu rəqəm artmaqdadır, indiyədək 200-ə yaxın qadın fermer Aqrar Sığorta Fondundan sığorta ödənişi alıb.

Görüşdə arıçılıq və quşçuluq təsərrüfatlarının sığotrtası ilə bağlı məsələlər də  qaldırılıb, bildirilib ki, bununla bağlı layihə artıq hazırlanaraq müvafiq şəkildə təqdim olunub və qarşıdakı dövrdə göstərilən sahələrin də sığorta edilməsinə başlanılması nəzərdə tutulur.

Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində ətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.

Seçilən
3
2
fins.az

3Mənbələr