Artıq çəkiyə irsi meyli yüksək olan insanlar günün erkən saatlarında yemək yesələr, kökəlmə riskini azalda bilərlər.
Publika.az “Obesity” jurnalına istinadən xəbər verir ki, bunu 1100-dən çox artıq çəkili insanın iştirakı ilə aparılan araşdırma sübut edib.
İştirakçılar pəhriz müalicəsi kursundan keçiblər və üç il ərzində müşahidə altında olublar. Mütəxəssislər həm genetik məlumatları, həm də pəhrizi, xüsusən də əsas yeməyin vaxtını təhlil ediblər.
Məlum olub ki, genetik piylənmə riski yüksək olan insanlarda (PRS-BMI poligen indeksinə görə) yeməkdə hər saat gecikmə bədən kütləsi indeksinin (BKİ) hər kvadrat metrə 2 kiloqramdan çox artmasına səbəb olub. Aşağı genetik riski olan insanlarda isə belə bir asılılıq müşahidə edilməyib.
Alimlər vurğulayıblar ki, məhz “yağ geninin” daşıyıcıları üçün yemək vaxtları artıq çəki ilə mübarizənin effektivliyinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Xüsusilə saat 15-16:00-dan sonra gec nahar və şam yeməyi bədən çəkisini idarə etməkdə uzunmüddətli uğur şansını azalda bilər.