AZ

Əxlaq və instinkt arasında... Şahanə Müşfiq yazır

ain.az, 525.az saytına istinadən bildirir.

İnsan doğrudanmı əxlaqlı varlıqdır, yoxsa..?

İnsan haqqında deyilənlər çoxdur: o, düşünən varlıqdır; o, danışan heyvandır; o, alət düzəldəndir; o, dəyərlər yaradır. Amma bəlkə də bu təriflər içində ən mürəkkəbi və eyni zamanda ən aldadıcı olanı budur: insan əxlaqlı varlıqdır. Bu iddia sadə səslənə bilər, amma onun içində minillərin dərin fəlsəfi sualları, tapılmamış cavabları yatır. İnsan əxlaqı doğuşdanmı gəlir, yoxsa cəmiyyət tərəfindənmi formalaşdırılır? İnsan yaxşılıq etdiyi üçün əxlaqlıdır, yoxsa pislik etmədiyi üçün? Başqa sözlə: biz daxilən doğru olanı edirik, yoxsa sadəcə qorxduğumuz üçün pislikdən çəkinirik?

İnsan psixologiyasının və davranışlarının qaranlıq qatlarında dolaşdıqca, onu nəyin idarə etdiyi sualı daha da mürəkkəbləşir. İnsan doğrudanmı əxlaqla hərəkət edir, yoxsa yalnız cəzadan və itkidən qorxduğu üçün davranışlarına nəzarət edir? Yüzillərdir bu sual fəlsəfə, psixologiya, sosiologiya və ədəbiyyatın diqqət mərkəzindədir. Çünki insan nə tam mələkdir, nə də tam heyvan. O, bu ikisinin arasında var-gəl edən bir varlıqdır.

Əxlaq cəmiyyətin, dinlərin, fəlsəfi sistemlərin yaratdığı davranış normalarıdır. Amma instinkt təbiətin bizə kodladığı ilkin ehtiyac və reaksiya mexanizmləridir. İnsan bu iki qüvvə arasında hər gün seçim etməli olur.

İnsanın instinktiv davranışları ilə sosial kodekslər, əxlaqi prinsiplərlə bioloji ehtiyaclar arasında gedib-gələn daxili savaş əsrlərdən bəri fəlsəfənin əsas mövzularından biri olub. Nə üçün yaxşılıq edirik? Cəza qorxusundanmı? Vicdanın səsini dinlədiyimiz üçünmü? Yoxsa bu, sadəcə "sürüyə uyğunlaşma mexanizmi"dir?

İnstinktin səsi

İnsan təkamül baxımından heyvani instinktlərlə silahlanmış bir canlıdır. Qorunmaq, çoxalmaq, yemək tapmaq, güc nümayiş etdirmək - bunlar təkcə heyvanların yox, insanın da davranış sistemində dərin izlər buraxmış həyati ehtiyaclardır. Əgər bir insanı hansısa məkanda tək, nəzarətsiz yaşamağa buraxsan, o zaman onun əxlaqı yox, instinkti işə düşür. İnstinkt nəzarət edilmədikdə əxlaq susur.

Fransız filosof Jan Jak Russo insanın doğulanda, fitrətən "təmiz" olduğunu, onu cəmiyyətin "korladığını" söyləsə də, ingilis filosof Hobbs bunun əksini iddia edir. Ona görə insan "insanın canavarına" çevrilməməsi üçün sosial müqavilə və əxlaqi nəzarət sisteminə ehtiyac duyur.

Əgər əxlaq fitridirsə, niyə biz onu öyrədirik? Niyə uşaqlara "yalan danışma", "başqasının haqqına girmə", "vurmaq olmaz" deyə təkrar-təkrar xatırladır, mərhəmətli olmağı aşılayırıq? Bu, onu göstərmir ki, insan davranışları əvvəlcə instinktə bağlıdır və sonra bu davranışlara "doğru" və "yanlış" damğası vurulur?

Cəzanın kölgəsində formalaşan yaxşılıq

Sosiologiya və psixologiya əxlaqın fərdi və ictimai ölçülərini fərqləndirir. Əgər bir insan heç bir nəzarət mexanizmi olmayan məkanda belə "doğru" davranırsa, bu, əxlaq sayılır. Amma polis, kamera və ya qanun qarşısında "doğru" davranmaq çox vaxt sosial uyum və qorxunun nəticəsidir. Əgər insan əxlaqlı varlıqdırsa, niyə onun əxlaqlı davranması üçün bu qədər qanun, qayda, din və cəza sistemi qurulub?

Amerikalı psixoloq Lourens Kolberqin əxlaqi inkişaf nəzəriyyəsinə görə, insanların çoxu davranışlarını ya cəza qorxusu, ya da mükafat ümidi ilə tənzimləyir. Yalnız az bir qisim insan bu mərhələlərdən keçərək vicdanın səsinə əsaslanan, daxili mənəviyyatla yönləndirilmiş davranış səviyyəsinə çata bilir. Yəni çoxumuz əxlaqlı görünürük, amma bu, bəzən yalnız görünmək üçün yetərlidir.

Psixoloq Ziqmund Freyd insanın içində üç instansiyanın - "İd" (instinkt), "Eqo" (şüur) və "Superego" (vicdan) daim mübarizə apardığını bildirirdi. Burada instinktlər (xüsusilə cinsi və aqressiv ehtiyaclar) daima əxlaqi baryerlərlə toqquşur. Yəni insanın içində daim bir döyüş gedir.

Bu konfliktin ədəbiyyatda da çoxlu örnəkləri var. Məsələn, böyük rus yazıçısı Fyodor Dostoyevskinin "Cinayət və Cəza" romanında Raskolnikovun içindəki əxlaqi dilemma bunun klassik nümunəsidir. O, cəmiyyətə zərər verən bir insanı öldürərək "yaxşılıq" etdiyini düşünür, lakin sonradan daxili vicdan əzabı və əxlaqi narahatlıq onu sarsıdır. Raskolnikov nə tam bir canidir, nə də bir qəhrəman. O, məhz bu "əxlaq və instinkt" arasında sıxışıb qalan insandır.

Dini və mədəni sistemlər: Əxlaqın ilahi kökləri

İnsan əxlaqı ilə bağlı mühüm mexanizmlərdən biri də dini inanclardır. Əksər səmavi dinlər əxlaqın İlahi qaynaqdan gəldiyini iddia edir. "Yaxşılıq et, çünki Allah belə əmr edir". "Mərhəmətli ol, Allahın qaydası budur". Burada davranışın motivasiyası əxlaq deyil, itaətdir. Bu, əxlaqın Tanrının varlığı ilə şərtləndirilməsi problemini doğurur: əgər Tanrı yoxdursa, əxlaq da yoxdur?

Din əxlaqi davranışı sistemləşdirir, onu mükafat-cəza ilə çərçivələndirir: cənnət - cəhənnəm, savab - günah. Burada yaxşılıq həm daxili vicdanla, həm də axirət qorxusu ilə motivasiya olunur.

Digər tərəfdən, "Quran" və digər dini mənbələr insanın fitrətən xeyirə və şərə meyilli olduğunu bildirir. "Ənfal" surəsində deyilir: "Allah insanın ürəyində olanı bilir". Bu, əxlaqın yalnız zahirdə deyil, batində də olmalı olduğunu vurğulayır.

Maraqlıdır ki, tarixdə din adına edilən əxlaqsızlıqlar da çoxdur. Məsələn, Cəlil Məmmədquluzadənin mövzusu real həyatdan alınmış "Ölülər" əsərində Şeyx Nəsrullahın dini don geyindirilmiş riyakarlığı və ətrafındakıların onu kor-koranə izləməsi göstərir ki, insan çox vaxt əxlaqlı görünmək üçün davranır, həqiqi əxlaq isə yoxa çıxır. Burada da əxlaq sosial bir performansa çevrilir. Bunun üçün içdən gələn dəyərlər yox, xarici nəzarət və qorxu əsasdır.

Deməli, əxlaqın dinlə qorunması belə bəzən yetərli olmur. Əxlaqın kökü daha dərindədir - insanın içində, amma nəzarət altında. Nəticədə sual açıq qalır: İnsan doğrudanmı içdən əxlaqlıdır, yoxsa cəzadan və damğalanmaqdan qorxduğu üçün "əxlaqlı" kimi davranır?

Əxlaq sadəcə güzgüdür, bəlkə?

Sokrat deyirdi ki, "İnsan bildiyi halda pislik etməz". Yəni ona görə pislik şüurlu şəkildə edilmiş bir davranış deyil. Amma təcrübə göstərir ki, biz çox şeyi bildiyimiz halda yenə də "pis"i seçirik. Bəlkə də əxlaq öz-özlüyündə mövcud deyil, sadəcə ictimai gözün və daxili güzgünün əksidir. Biz yaxşı davranmaq istəmirik, yaxşı görünmək istəyirik, həm başqalarının gözündə, həm də özümüzə baxdığımız güzgüdə. Və bəzən, cəza yoxdursa, əxlaq da olmur.

Müasir cəmiyyətdə sosial şəbəkələr, kamera nəzarəti, hüquqi sistemlər, reputasiya mexanizmləri insanları "əxlaqlı" olmağa vadar edir. Amma bu davranışlar istəkdən deyil, nəzarətdən doğursa, onların mənəvi dəyəri azalır, heçliyə endir. Bu mənada fransız yazıçı Alber Kamünün dediyi kimi: "Ən böyük azadlıq vicdanın azadlığıdır".

Əgər əxlaq daxildən gəlirsə, niyə bir çox insan yalnız "tutulacağı" halda qorxur? Niyə kameraların olduğu məkanda davranış dəyişir? Bu suallar əxlaqın formalaşmasında nəzarətin nə qədər önəmli rol oynadığını göstərir. Bu, həm də maşın sürməyə bənzəyir. Sürət həddini aşmağın nə qədər təhlükəli olduğunu, hətta insan həyatına başa gəldiyini hamımız yaxşı bilirik. Amma çoxumuz o sürət həddini məhz "radar"a yaxınlaşanda, ya da polisi görəndə tənzimləyirik. "Radar" və polis yoxdursa, sür sürə bildiyin qədər. Yəni bizim qorxumuz özümüzün və digərlərinin həyatına görə deyil, ödənəcək cərimələrə, başqa sözlə, alacağımız cəzaya görədir.

Əgər insan sadəcə "əxlaqlı olmaq üçün" yox, "əxlaqlı görünmək üçün" yaxşılıq edirsə, bu, əxlaq deyil, bu, təhlükəsiz instinktin maskasıdır.

Bəs həqiqi əxlaq nədir?

Əsl əxlaq, nə qanunla, nə dinlə, nə də cəza ilə tənzimlənir. Əsl əxlaq təklikdə edilən yaxşılıqdır. Əsl əxlaq, birini xilas etməyi kimsə görmədiyi halda etmək, yalan danışmaq imkanı olduğu halda dürüst qalmaq, gücün olduğu halda bağışlamağı seçməkdir.

Sosioloq Emil Durkheimin fikrincə, əxlaq cəmiyyətin formalaşdırdığı sosial faktdır və bu faktdan yayınmaq mümkün deyil. İmmanuel Kant isə daha mükəmməlliyyətçidir: "Elə davran ki, sənin davranışın ümumbəşəri qanun ola bilsin". Yəni insan öz içindəki əxlaqi qanunla davranmalıdır, yoxsa davranışı dəyərsizdir.

Əxlaq o zaman gerçək olur ki, insan heç bir qorxu və məcburiyyət hiss etmədən "doğru olanı" seçir. Bu isə təlimlə, tərbiyə ilə, mənəvi yetkinliklə formalaşır. Başqa cür desək, əxlaq instinktlə tərbiyə arasında qurulan körpüdür.

Ədəbiyyat, fəlsəfə və din bizə göstərir ki, insan həm mələkdir, həm də şeytan. O, həm əxlaqlı, həm də heyvani instinktlərlə silahlanmış bir varlıqdır. Onu bu iki qütbdən hansı daha cazibəli qüvvəylə çəkirsə, insanın əxlaqı da o yerdə formalaşır. Yəni onu əxlaqlı edən şey bu instinktlərə rəğmən doğru olanı seçə bilmək bacarığıdır. Amma bu bacarıq hər kəsdə olmur. Cəmiyyət, qanunlar, din, vicdan - bunların hər biri bir növ tənzimləyicidir. Lakin bunlar olmadan da əxlaqın yaşaya bilməsi üçün, insanın içindəki "öz nəzarətçisi" oyanmalıdır.

Bəlkə də bütün bu müzakirələrin mərkəzində sadə bir sual dayanır: "Əgər heç kim görməsəydi, yenə də yaxşı insan olardımmı?"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
525.az

1Mənbələr