Bu mövsüm Azərbaycanı avrokuboklarda təmsil edən komandalardan yalnız "Zirə" mübarizəni dayandırıb. UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Hayduk"la üz-üzə gələn "qartallar" evdə 1:1 hesablı heç-heçə etdikləri Xorvatiya təmsilçisinə yetərincə dramatik alınan səfər matçında uduzaraq (1:2) qitəmiqyaslı turnirlə vidalaşdılar. Tanınmış məşqçi Füzuli Məmmədovla əlaqə saxlayıb "Zirə"nin son oyunu barədə fikirlərini bölüşməsini xahiş etdik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Ən çətin rəqib "Zirə"yə düşmüşdü. Buna baxmayaraq, "Hayduk"la matçlara yaxşı hazırlaşmışdılar. Evdəki matçda çox güc sərf etdilər və səviyyəli kollektiv olduqlarını ortaya qoydular. Təmsilçimiz ikinci qarşılaşmada da yaxşı performansla diqqət çəkdi. Reallıq budur ki, "Zirə" Xorvatiyada da qorxaq futbol oynamadı. 4-1-4-1 düzümü ilə üçüncü zonada pressinq tətbiq etdilər və heyətdəki itkilərə rəğmən, öz oyun üslublarına sadiq qaldılar. İkinci yarıdakı qırmızı vərəqə təbii ki, komandamıza əlavə çətinlik yaratdı. Amma "qırmızı"dan sonra da təmsilçimuzin pressinqdən əl çəkmədiyini gördük və bunun sayəsində sona yaxın bərabərlik qolunu vuraraq matçı əlavə vaxta daşıdılar. Təəssüf ki, mərhələ adlamaq mümkün olmadı. Razılaşaq ki, "Hayduk"un futbolçuları ilə bizim komandamızın oyunçuları arasında ümumi keyfiyyət fərqi var. Lakin təmsilçimiz bu fərqin qabarıq şəkildə görünməsinə imkan vermədi. "Zirə" Splitdəki matçda azlıqda qalmasaydı, qalib gələ bilərdi. Bir daha qeyd edim ki, rəqib yalnız futbolçularının fərdi səviyyəsi, təcrübəsi hesabına istəyinə çatdı. Başqa heç nədə üstün deyildilər. "Zirə" hər iki oyunda ortaya qoyduğu futbola görə xoş sözlərə layiqdir".
Nihat