AZ

330 milyon manat "yaşıl kredit" Azərbaycan üçün nə deməkdir...


Akif Nəsirli: “Azərbaycanda qeyd edilən kreditlərin həcmi nə qədər çox olsa buna kifayət demək mümkün deyil”

Azərbaycanda yaşıl kreditlərin həcmi ötən illərlə müqayisədə artıb. Məlumat üçün bildirək ki, yaşıl kredit ekoloji cəhətdən davamlı və ətraf mühitə müsbət təsir göstərən layihələrin maliyyələşdirilməsi üçün verilən kredit növüdür.

Azərbaycanda yaşıl kreditlərin həcmi 330 milyon manatı ötüb. 2024-cü il noyabrın 11-dən 2025-ci il iyunun 30-dək olan dövr ərzində Azərbaycanda ümumilikdə 12 762 yaşıl maliyyə krediti verilib. Bu kreditlərin ümumi həcmi 330,24 milyon manat təşkil edib.

Verilmiş yaşıl kreditlərin əlavə dəyər baxımından ən böyük hissəsi, yəni 134,01 milyon manat yaşıl nəqliyyat sahəsinə yönəldilib. Bu istiqamətdə 287 kredit üzrə maliyyə dəstəyi göstərilib.

İkinci yerdə dayanıqlı kənd təsərrüfatı, heyvandarlıq və akvakultura sahəsi qərarlaşıb – bu sahədə 12 285 kredit verilib və ümumi həcmi 91,05 milyon manat təşkil edib.

Üçüncü yerdə enerji səmərəliliyi sahəsi gəlir – 89 kredit müqabilində 37,51 milyon manat ayrılıb. Bundan əlavə, bərpaolunan enerji üzrə verilmiş 5 kreditin ümumi həcmi 18,64 milyon manat olub.

Maraqlıdır, yaşıl kredit üçün 330,24 milyon manat yetərlidirmi?

“Yaşıl kredit elə bir kredit növüdür ki, hansı istiqamətə dəstək lazımdırsa, bir neçə ilə o istiqamət kommersiya növünə çevriləcək”

Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, yaşıl kredit ekoloji layihələrin icrası, ətraf mühitin qorunması üçün həyata keçirilən layihələrin maliyyələşməsinə yönəlib: “Hazırda Azərbaycanda yaşıl kreditin 330 milyon manatı keçməsi təqdirəlayiq haldır. İllər öncə bu istiqamətə heç 20 milyon manat ayrılmamışdı. Ancaq onu da deyim ki, hazırkı vəziyyətlə kifayətlənmək olmaz. Bu istiqamətdə hökumətin layihələri davam etməli, stimullaşdırılmalıdır. Stimullaşdırıcı layihələr icra edilməlidir. Elə etmək lazımdır ki, yaşıl kreditlərin həcmi daha da artsın. Ümumiyyətlə, yaşıl kredit elə bir kredit növüdür ki, hansı istiqamətə dəstək lazımdırsa, bir neçə ilə o istiqamət kommersiya növünə çevriləcək. Bu tip layihələri icra edən mütəxəssislərin gəliri artacaq, vergi verəcək. Həmçinin, ətraf mühitin qorunmasına da töhfə verəcəklər”.

Həmsöhbətimiz hesab edir ki, yaşıl kredit layihəsi inkişaf etdirilməlidir ki, biznesmen pul qazansın, qazandırsın və ətraf mühit də qorunsun: “Hazırda yaşıl kredit o qədər də rentabelli deyil. Ancaq bunun rentabelli olacağı qaçılmazdır. Dünyanın inkişaf etmiş ölkələrində bu istiqamətdə mənfəətə çıxış əldə edilib. Azərbaycanda qeyd edilən kreditlərin həcmi nə qədər çox olsa buna kifayət demək mümkün deyil”.

Günel CƏLİLOVA

Seçilən
8
baki-xeber.com

1Mənbələr