AZ

"Azərbaycanın qazı Suriyada elektrik enerjisinə çevrilərək Suriya xalqının həyatını işıqlandıracaq" -Deputat

"Azərbaycan öz milli gücünün bütün resurslarını milli maraqlarımızın həyata keçirilməsi üçün səfərbər edir və çox səmərəli nəticələr əldə edir. Gözümüzün qarşısında, tarixin hazırkı mərhələsində yeni bir Yaxın Şərq formalaşır və Suriya Yaxın Şərqin əsas qapılarından biridir. Ona görə də hazırkı mərhələdə yeni Suriya, qardaş Türkiyə ilə münasibətlərin qurulması həm Azərbaycanın milli maraqlarının aktuallaşdırdığı strategiya, həm də qardaş Türkiyə ilə Azərbaycanın strateji müttəfiqliyi kontekstində zəruri olan istiqamətlərdən biridir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu  Azərbaycan qazının Suriyaya ixrac olunmasından danışarkən bildirdi.

"Ona görə də Azərbaycan qazının Suriyaya ixrac olunması ilə bağlı qərarın qəbul edilməsi, Suriyada yaşayan soydaşlarımızın, Bayırbucaq türkmənlərinin, Hələb şəhərində bu günə qədər də Azərbaycan mədəniyyəti ilə nəfəs alan türkmənlərin və digər Suriya xalqlarının, müsəlman qardaşlarımızın rifahına xidmət edəcəkdir".

Deputat əlavə etdi ki, Azərbaycanın göndərdiyi qaz Suriyada elektrik enerjisinə çevrilərək Suriya xalqının həyatını işıqlandıracaqdır, nurlandıracaqdır.

"Eyni zamanda Azərbaycan tarixən Suriyada, Hələbdə mövcud olmuş Azərbaycan mədəniyyətinin yenidən inkişaf etməsinə, Suriya-Azərbaycan münasibətlərinin tamamilə yeni bir tarixi mərhələyə qalxmasına xidmət edəcəkdir. Bu mənada, Azərbaycan qazının Suriyaya ixrac edilməsi təkcə bir enerji hadisəsi deyil, həm də yaddan çıxmağa üz tutmuş ortaq tarixi dəyərlərimizin yenidən qarşılıqlı şəkildə uzlaşdırılması və inteqrasiya olunması deməkdir", - deyə Hikmət Babaoğlu qeyd etdi.

Xədicə BAXIŞLI

Seçilən
10
1
redaktor.az

2Mənbələr